Azərbaycan tarixində “Qaçaqçılıq” hərəkatı Hadisə

Azərbaycan tarixində “Qaçaqçılıq” hərəkatı

Hüseyn BAYKARA

III yazı

Bu arada Hacı Şükür də hacılar arasında Məkkəyə getmişdi. İndi hacılar Həcc ziyarətindən toplu halda dönməkdəydilər. Hacı qafiləsi daha İran tayındadır (tərəfində) və Araz çayı kənarına doğru gəlməkdəydi. Bunu xəbər alan qaçaq M.Kavaler atına minərək Araz çayını keçir, İran Azərbaycanının bir yerində hacı qafiləsini qarşılayır. Hacılar Qaçaq M.Kavalerin gəldiyini görüncə çox qorxurlar. Qaçaq M.Kavaler durumu hiss edir. Bu vaxt atlı hacı qafiləsi də səssiz, uzun bir qələbəlik halında durub gözləməkdədir. Hər şeydən öncə, Qaçaq M.Kavaler hacılara səslənərək, Həcc ziyarətlərini təbrik edir və bu ziyarətlərinin Allah tərəfindən qəbul edilməsi diləyində olur. O zamankı dini ənənəyə görə, at üzərində əlini ulu Tanrıya (göyə) qaldıraraq, lazım olan duaları oxuyur. Bütün bunlardan sonra hacılara xitab edərək: "Zəvvar Hacı Şükür aranızdadırmı?" – deyə soruşur. Hacılar da: "Bəli" – deyə cavab verirlər. Bu dəfə Qaçaq M.Kavaler Hacı Şükürə səslənərək, onun hacılar qafiləsindən ayrılaraq, bir kənara çəkulməsini istəyir. Hacı Şükürdən bir səs çıxmır. Hacı Şükür də başqa hacılar kimi silahlıdır. (O tarixdə ərəb soyğunçular hacı qafilələrini soyardılar. Bu səbəbdən hacılar qafilə halında və silahlı olaraq Həcc ziyarətinə gedərdilər – H.B.). Qaçaq M.Kavaler bir neçə dəfə Hacı Şükürə səsləndikdən və cavab almadıqdan sonra hacı qafiləsinə: "Hacılar, siz çəkilin", – deyir. Hacılar bir tərəfə çəkilincə, Hacı Şükür ortada qalır. Qaçaq M.Kavaler Hacı Şükürün etdiyi pislikləri bir-bir sayır və onu öldürmək üçün qərarlı olduğunu, silahını alaraq özünü müdafiə etməsini söyləyir. Hacı Şükür qolu-qanadı qırılmış, kefi pozulmuş bir halda səssiz və hərəkətsiz at üzərində durmaqdadır. Bütün bu olay və dialoqdan sonra Qaçaq M.Kavaler tüfənginə sarılır, hacı qafiləsinin gözləri önündə Hacı Şükürü vurub öldürür. Rus kazak və jandarmaları ilə girişilən çatışmalarda ölən və öldürülənlərdən başqa Qaçaq M. Kavalerin yuxarıda örnəyini verdiyim düşmənlərini öldürmələri də olmuşdu təbii...
Bunlara Mir Möhsün Nəvvabın kitabında bir qaçağı layiqincə dəyərləndirməmiş olması səbəbindən veririk. İşğalçı rus rejiminin, bir ölkənin yerli xalqını nə kimi talesizliklərə sürüklədiyini və rus idarəsinin zülm və haqsızlıqlarını göstərmək üçün yazıram.
Bu mübarizə zamanı Qaçaq M.Kavaler bir dəfə yaxalanaraq, Sibirə sürgün edilmiş və sonra oradan qaçaraq Qarabağa dönmüş və qaçaqçılığa davam etmişdi. Təbii, belə igid bir sərkərdə haqqında da xalq öyücü türkülər söyləmiş və onun bu çarpışmalarında ruslara qarşı olan kinlərinin əksini və təsəllisini görmüşdülər. Bu türkülərdən bir qarabağlı kişinin hafizəsindən mənə çatan ancaq bir parçanı aşağıda verirəm:
Kazak gəldi Şelliyə,
Biz qaçalım Telliyə.
Urusa damojna vermə,
Apar Geverelliyə.
Qaçaq M.Kavalerin Şuşa şəhərində olan evi sıx-sıx rus jandarması tərəfindən basılır. Hər zaman bu basqınlara Qaçaq M.Kavalerin atasının anası Mahpəri xanımla anası Tükəzban xanım cavab verirlər. Ev aranır, ələ keçən əşyaların çoxu qaçaq olmasa da, "qaçaq" deyə alıb götürülür. Qarabağlı azəri iki türk qadını bu rus təzyiqinə qarşı qovrulur və çəkişirlər. Belə çəkişmələrdən birində Mahpəri xanımın rus jandarmalarına söylədiyi və xalqın dilinə düşən bu sözlər zalım rus işğalçı hərəkətinin çox sadə xalq diliylə deyilişidir: "Bu yerlər Məmmədin öz torpağıdı. Öz ürəyi istədiyi hər şeyi edə bilər, axı siz urussuz. Bizim urus İvannan, Nikalaynan ki qohumluğumuz (əqrəbalığımız) yoxdu. Siz burda nə gəzirsiniz? Niyə öz yerinizə, torpağınıza getmirsiniz?" Budur, təmiz bir azəri anasının ağzından çıxan və işğalçılığı anladan sadə və açıq anlamlı sözlər...
Qaçaq M.Kavaler bir zaman tutulmuş və Şuşa həbsxanasına qapadılmışdı. Bir gün bir fürsət tapır və həbsxanadan qaçır. Qaçışın fərqinə varan həbsxana gözətçisi, soldatlar M.Kavaleri təqib edir və vururlar. Məhəmməd bəy yaralı olaraq yerə yıxılır. Anası Tükəzban xanıma olayı xəbər verirlər. Tükəzban xanım hadisə yerinə yetişir və oğlu Məhəmmədin üzüqoylu yaralı olaraq yatdığı və inildədiyini görür. Ətrafdakı gözətçi, soldatlar və jandarmlar rus prokurorun (savcı) gəlməsini gözləyirlər. Bu mənzərəni görən Tükəzban xanım Məhəmmədə xitabən: "Məhəmməd, niyə inildəyirsən? İnildəyib düşməni sevindirmə, bu urus yarasından sən ölərsənsə, sənə südümü halal etməm", – deyərək, toplanan yüzlərcə Şuşa xalqının gözü önündə oğlunu azarlayır. Qaçaq M.Kavaler bu yaradan ölmür və sağalır. Sibirdə 20 il sürgünə (qalabəndliyə) məhkum olunur. Sibirə sürüləcəyi gün öncədən Qarabağ xalqı tərəfindən duyulur. Hər tərəfdən xalq: "Qaçaq Məhəmməd Sibirə yatab (etap) gedəcək" , – deyə Şuşaya axın edir. Sibir sürgünü dəstəsində Qaçaq Məhəmməddən başqa məhkumlar da vardı. Həbsxanadan Məhəmməd və digər sürgün edilənlər əlləri, ayaqları qandallı (zəncirli) olaraq çıxarılırlar. Etap hərəkətə hazırdır, minlərcə xalq seyrçi olaraq toplanmışdı. Etap hərəkət etmədən öncə Tükəzban xanım etapın önünə çıxaraq Qarabağ xalqına belə xitab edir: "Camaat, siz gözünüzün qabağında (önündə) görürsünüz ki, urus hökuməti mənim oğlumu nahaq yerə Sibirə yatab göndərir. Bura bizim öz torpağımızdır, axı urusun burda nə işi var?.. Sizin qabağınızda mən də deyirəm ki, "Məmməd, sən Sibirdən salamat gələcəksən, orda ölsən, südümü sənə həlal etməyəcəyəm. Oğlum, yoldaşlarınla Allaha əmanət ol..."
Bu cəsur və igid azəri anasının bu cəsur sözləri minlərcə Qarabağ xalqını ağladır. Qaçaq M.Kavaler iki il sonra Sibirdən qaçaraq Qarabağa dönür və qaçaq¬çılığını davam etdirir. Bu olayları yazarkən, hansı olayın öncə və ya sonra olduğunu müəyyən edə bilmədiyim üçün tarixi göstərmədim. Mir Möhsün Nəvvab Qaçaq Məhəmməd Kavaler haqqında nə deyir: "Təzkireyi-Nəvvab: 1310, Bakı, Orucov qardaşları basın evi, s.217-218".
Əhvali və imrarı həyat Kərbəlay Muhamməd Kavaler. Yazı farscadır. Biz türkcəsini veririk.
Kərbəlayi Məhəmməd Sofi təxəllüslü Şirinbəyov Qarabağlı, Şuşa şəhərində təvəllüd etmiş, 45 yaşında iri cüssəli, uca boylu bir kişi idi. Şəhərdə başqalarının təhriki ilə nahaq qanlar tökmüş, sonra dağlar və biyabanlarda dolaşaraq bir müddət yol kəsmək ilə məşğul olmuş və İran təbəəsindən bir qadın ilə evlənmiş, bir müddət sonra öz arvadını və qaynanasını nahaq qətl etmiş, sonunda arvadının qardaşı adamlar toplayaraq bunu tapmış, iki qolları ilə başını kəsərək və bədənini biyabanda buraxmışdılar. Bir şəxs də bədəni dəfn etmişdi. Çeşidli şeirləri var. Bu onun qəzəllərindəndi.
Qəzəlin türkcəyə çevrilişi: Mənim dostum üz örtüsünü hər zaman hər cür örtdüyü üçün aşiqlər arasında ixtilaf olur. Bəzən onun gözəllik işığı Musanın gözlərini qamaşdırır. Bundan ötrü görmürsənmi səsi dağları bürüyür. Bəzən harada "haqq" deyə mələklərə fərman verdiyində Kəlim-Allah olan Musa şaşırır. Bəzən bir zahidi Kəbeyi-müəzzamaya doğru çəkir, bəzən rahibləri yolda çaşqınlığa düşürərək pərişan edir. Dostumun sevgisi hansı ürəkdən azacıq əksilərsə dərd və üzgünlüyə düşür. Rəqs edən mütrüf belə oynadığı zaman dostumun xəyalına gəldiyində özünü atəşə atmağa qalxır. Ölüm şərbətini əcəl saqisinin əlindən içərkən Sofi özündən gedir, səssiz bir hala düşür.
Yuxarıdakı sətirlərdən göründüyü kimi, mistik və dərin bir inancın anlamını daşıyan qəzəlin yazarı necə olur ki, yol kəsir və quldurluq edir? "Yol kəsmək" azərbaycanca "adam soymaq" anlamına gəlir. Qaçaq Məhəmməd Kavalerin, toplum içərisində mənsub olduğu sosial təbəqəyə görə, qətiyyən, adam soymağa ehtiyacı yox idi. Şuşada bir şəhər uşağı olaraq yetişmiş, ərəb və farscanı mükəmməl öyrənmiş, ayrıca, qatı dindar ortodoks şiə məzhəbindən olan təsəvvüfü anlamış və inanmış bir adam idi. Bu durum Sofi təxəllüsü ilə yazdığı qəzəlindən də anlaşılır.
Azərbaycan elmində pedaqoq, rəssam və xəttat, ədib və şair olaraq xidməti olan M.M.Nəvvabın Qaçaq Məhəmməd Kavaleri belə yanlış tanıması və tanıtmağa çalışması, məncə, onun dindar və sakit bir həyat yaşayan, məhdud görüşlü bir adam olmasından irəli gəlmişdi. Bir vaxtlar bir müəllim olan və rus xəzinəsindən maaş alan M.M.Nəvvabın məhdud görüşündə insan yaşadığı dövrdə olan qanunlara itaət etməlidir. Bu qanunlar işğalçı rus imperializminin qanunları olsa belə... fikri hakimdir. Təbii ki, belə bir yaşam şəraitində olan M.M.Nəvvabdan istismar edilən və əzilən, torpaqları işğala uğrayaraq, haqları çeynənən bir xalqın "mübarizə haqqı" olduğunu da bilməsi, bu fikri mənimsəyərək insanları bu yöndən dəyərləndirilməsi gözlənilə bilməzdi. M.M.Nəvvabın Qaçaq Məhəmməd Kavalerin rus casusu Hacı Şükürü hacılar qafiləsi arasında qarşılayaraq öldürməsi olayını yol kəsmək sayması, nahaq qan tökmək deyə dəyərləndirilməsini anlayırıq.
Qaçaq Məhəmməd Kavalerin arvadını və qaynanasını öldürməsi olayına gəlincə: Qaçaq Məhəmməd Kavalerin üzə çıxdıqdan və çar Üçüncü Aleksandr tərəfindən əfv edildikdən və özünə "kavaler-kapitan" rütbəsi verdikdən bir neçə il sonra yenə çar hökumətilə arası dəyir. Çünki daha öncədən qurmuş olduqları dəstənin qaçaqlarını qoruyaraq, onlardan bir hissə alma işi davam edir. Qaçaq Məhəmməd Kavaler şəhərdə və hər yerdə sərbəst olaraq gəzməkdədir. Casusların sıx təqib və təzyiqi altında olan Qaçaq Məhəmməd Kavaler İrana sığınmaq məcburiyyətini duymuşdu. Evinə gəlmiş, atları və silahını hazırlamışdı. Qaçaq Məhəmməd Kavalerin arvadı İran Azərbaycanından bir xanın qızıdır. Belə vəziyyətdə bir qadının atasının evinə getməsi üçün ərinə bir çətinlik yaratmaması ən məntiqli hərəkət olardı. Hələ qaynanasının ki, əri İrandadır və Qaçaq Məhəmmədin onun yanına getmək istəməsini xoş qarşılaması lazım gələn olaydır. Təəccüblüdür ki, belə olmamışdı. Rus kazak və jandarmalarının təqibindən qurtulmaq üçün dərhal Şuşa şəhərini tərk etməsi lazım gələn Qaçaq Məhəmməd Kavalerə arvadı və qaynanası mane olaraq: "Biz gəlmərik də gəlmərik", – deyə dirənmişlər.
Belə vəziyyətdə Qaçaq Nəbinin arvadı Həcərin əl və ayaqlarına qandal (zəncir) vurularaq, baldızı Mehri ilə birlikdə həbsxanaya atıldığını görən və şair Zakirin arvadının bir rus komandiri tərəfindən zorla əlindən alınaraq, bir rus "mujik"inə verildiyini eşidən və bir çox qaçaqların arvadları və bacılarının rus komandanları tərəfindən rus "soldat"ları bölüyünə təslim edildiyini bilən Qaçaq Məhəmməd Kavaler arvadını və qaynanasını Şuşada buraxmaq istəməməkdədir. Məhz bu əhvali-ruhiyyədə arvadı və qaynanası ilə "gəlirsən də, gəlmirsən də" münaqişəsinə girən və vaxt itirmənin özü və ailəsi üçün lazım olmadığını anlayan Qaçaq Məhəmməd Kavaler böyük bir sinir böhranı və ruh düşkünlüyü içində tapançasını çəkərək: "Mən arvadımı rus əlinə düşürmərəm", – deyərək, qaynanası ilə birlikdə cansız yerə sərmiş və atını məhmizləmişdi.
Araz çayını keçmiş, İran tayında (tərəfində) bir meşəlik bölgədə Qaçaq Məhəmməd Kavaler atını buxovlamış (otlamağa buraxmış) və atının yəhərini özünə yastıq edərək, bir ağacın dibində yuxuya dalmışdı. Arvadının və qızının kürəkəni tərəfindən öldürüldüyünü xəbər alan, eyni zamanda, bir qəbilə başçısı olan xan, oğlunu Qaçaq Məhəmməd Kavaleri təqibə və öldürtməyə göndərmişdi. Bunlar Qaçaq Məhəmmədin İran tayındakı keçəcəyi yolları da bilirdilər. Təqib nəticəsində atını görmüş, tanımışlar və yatan Qaçaq Məhəmməd Kavalerə uzaqdan toplu yaylım atəşi açaraq öldürmüşdülər. Məhz azərbaycanlı bir igid, qarabağlı – şuşalı Qaçaq Məhəmməd Kavalerin ruslarla aparmış olduğu savaşın hekayəsi belə olmuş və belə dramatik bir şəkildə sona çatmışdı.
Bu yazı "Azərbaycan istiqlal mücadiləsi tarixi" (İstanbul, Gənclik Basımevi, 1975) kitabından (səh.89-106) götürülüb.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru