“Bu, Azərbaycana olan müsbət münasibətin təzahürüdür” Gündəm

“Bu, Azərbaycana olan müsbət münasibətin təzahürüdür”

“Qəzzada Tramp planı faktiki olaraq işə düşüb və atəşkəs əldə olunub. Məsələlər tam şəkildə həllini tapmasa da, amma bir formada proses başlanıb və Misirdə keçirilən beynəlxalq sammit də məhz bu məsələnin həllinə həsr olunub. Orada iştirak edən 20 dövlət və hökumət başçıları arasında Azərbaycan Prezidentinin də olması Azərbaycanın bölgədəki rolu, həm də Yaxın və Orta Şərqdə oynadığı rolla bağlıdır. Bu planın həyata keçirilməsində, gələcək təhlükəsizliyin təmin olunmasında əsas məsələlərdən biri məhz Qəzzada beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsi məsələsidir. Bu, nəzərdə tutulan vacib və gələcəkdə dayanıqlı sülhün təmin olunması üçün önəmli bir məsələdir. Sülhməramlı missiyanı həyata keçirmək üçün müxtəlif ölkələrin adları çəkilməkdədir. Bu ölkələr arasında Azərbaycanın adının da hallanması Azərbaycanın bölgə ölkələri ilə münasibətlərindən qaynaqlanan və onun oynadığı müsbət rolla bağlıdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O.Qasımov vurğulayıb ki, Azərbaycana həm ərəb dünyasının etimadı var, eyni zamanda, İsrail tərəfinin də etimadı kifayət qədər yüksəkdir: “Bu baxımdan əgər gələcəkdə bununla bağlı qərar veriləcəksə, hesab edirəm ki, Azərbaycan bu missiyada iştirak edə bilər. Bu, Azərbaycanın etibarlı tərəfdaş olması ilə bərabər, həm də artıq aparıcı regional oyunçulardan biri kimi Azərbaycana olan münasibətdir. Ən önəmlisi isə hesab edirəm ki, Azərbaycanın etibarlı tərəfdaş olmaqla bağlı beynəlxalq sülhyaratma missiyalarında iştirakı və təcrübəsi ilə bağlıdır. Belə ki, Azərbaycan son 20 ildə dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında iştirak edib. Son olaraq isə 2021-ci ildə Əfqanıstanda missiyasını başa vurub və geri qayıdıb. Yəni bu baxımdan Azərbaycanın bu rolda çıxış etməsi üçün kifayət qədər imkanları ilə bərabər, həm də potensialı var. Azərbaycanın üzərinə elə bir məsuliyyət qoyulacaqsa, Azərbaycan bunu yüksək səviyyədə həyata keçirməklə öz mövqelərini daha da gücləndirəcək deyə düşünürəm. Bu həm də Azərbaycana olan müsbət münasibətin təzahürüdür”.

Röya İsrafilova