Torpaqların elektron uçotu sistemi qurulur Hadisə

Torpaqların elektron uçotu sistemi qurulur

Əmlak Məsələləri Dövlət Komitəsi respublikada mülkiyyət növündən asılı olmayaraq torpaqların elektron uçotu sisteminin qurulması, habelə torpaqların, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, səmərəli və təyinatı üzrə istifadənin təmin olunması sahəsində tədbirlərini davam etdirir. Komitənin mətbuat xidmətindən bildiriblər ki, indiyədək bu sahədə aparılan işlər həm torpaqların elektron uçotu və kadastr xəritələrinin tərtibini, həm də pozuntuların aşkara çıxarılmasını əhatə edib. Görülən işlər nəticəsində torpaqlardan istifadə ilə bağlı ciddi çatışmazlıqların və qanun pozuntularının olduğu aşkarlanıb. Aşkar edilən hallarla bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəal şəkildə torpaqların elektron uçotu və onlara nəzarət tədbirləri davam etdirilir. Belə ki, Prezidentin 2016-cı il martın 7-də imzaladığı "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmana uyğun olaraq komitə ölkədəki torpaqların elektron uçotu sistemini yaratmağa başlayıb. Hazırda 10 rayonda (Abşeron, Salyan, Cəlilabad, Göygöl, Siyəzən, Ağcabədi, Ağsu, Oğuz, Balakən və Zaqatala rayonlarında) torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir. Artıq elektron uçotun müsbət nəticələri də əldə olunub.
Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılaraq, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırlanmış elektron kadastr məlumat bazası hər bir torpaq parseli barədə mükəmməl məlumatların (sahəsi, torpağın mülkiyyət növü, təyinatı, mülkiyyətçisi və sair), həm də bu torpaq sahəsi üzərindəki tikili haqqında texniki kadastr göstəricilərinin (mərtəbəliliyi, təyinatı, tikilinin sahəsi, təchizat vəziyyəti və sair) əldə edilməsinə şərait yaradır. Bununla yanaşı, ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi yekunlaşıb və relyef xəritələrinin hazırlanması işinə başlanılıb.
Dəqiq stereomodellər üzərindən rəqəmsallaşdırma nəticəsində əldə edilmiş relyef xəritələri, kənd və meşə təsərrüfatında ərazi planlaşdırmasında, fermer təsərrüfatlarının ixtisaslaşma istiqamətlərinin müəyyənləşdirilməsində, torpaqların eroziyadan qorunmasına dair kompleks tədbirlər sisteminin hazırlanmasında istifadə olunacaq. Respublikanın 53 rayon mərkəzinin və ona bitişik şəhər və qəsəbələrin, ümumilikdə 130 min hektar ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir. Eyni zamanda, ölkədə daimi fəaliyyət göstərən 37 Geodeziya Mövqeləndirmə Stansiyalarının imkanlarından geniş istifadə olunur. Bu stansiyalardan istifadə etməklə icra olunan sahəvi geodeziya işlərinin keyfiyyəti standartlara uyğunlaşdırılır. Torpaqların keyfiyyət xaratkteristikasını, yem bitkilərinin (yay və qış otlaqlarının) tədqiqi bu il komitədə quraşdırılmış müasir Torpaq və Bitki Laboratoriyasında yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.
Torpaqların keyfiyyətinə dair dəqiq kadastr uçotu məlumatlarının əldə edilməsi, torpaqların yaxşılaşdırılması, onun münbitliyinin qorunması və artırılması ilə bağlı torpaq mülkiyyətçilərinə və fermerlərə elmi-praktiki tövsiyələrin verilməsinə şərait yaradacaq. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər torpaqlardan istifadənin səmərəsini və onlara nəzarəti gücləndirəcək. Dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, yaxşılaşdırılması, torpağın keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin (ixtisaslaşmasının) müəyyənləşdirilməsinə imkan yaradacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib. Respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda qanunvericiliyin tələblərinin pozulması hallarının bazası yaradılıb, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı boyunca mövcud torpaqayırmaların və obyektlərin siyahısı tərtib edilib, meşə fondu torpaqlarında inşa edilmiş sosial, iaşə və istirahət obyektləri müəyyənləşdirilib, respublika üzrə torpaq icarəçilərinin siyahısı hazırlanaraq elektron bazada yerləşdirilib.
Aparılan nəzarət tədbirləri torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu hallarını aşkar edib. Belə ki, aparılan monitorinq və müşahidələr nəticəsində aşkar edilib ki, respublika üzrə mövcud olan 1,8 milyon hektar əkin sahəsinin 198 min hektarı (11,3 faiz) istifadə olunmur. Bundan başqa, 2,6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Digər tərəfdən, icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər. Araşdırmalar göstərib ki, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 milyon hektar torpaq sahəsinin 44,3 min hektarı faktiki istifadəsiz qalıb.
Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb, 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir. Bu sahədə nəzarəti həyata keçirən torpaq müfəttişləri 19,2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu tədbirlər nəticəsində istifadə olunmayan və əkinə yararlı torpaqların kənd təsərrüfatı istehsalatına, müxtəlif aqromeleorativ tədbirlərin tətbiqi ilə yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlbi, istifadədə olan torpaqların münbitliyinin qorunması və artırılması məqsədləri üçün kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaranacaq.