Korrupsiyaya qarşı monitorinqin nəticələri açıqlandı Hadisə

Korrupsiyaya qarşı monitorinqin nəticələri açıqlandı

Dünən "Transparency International" təşkilatının milli bölməsi olan "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış 3-cü hesabatını ictimaiyyətə təqdim edib.
Sözügedən hesabat ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, "Konstitusiya" Araşdırmalar Fondunun əməkdaşlığı ilə həyata keçirilən "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi çərçivəsində hazırlanıb.
Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev monitorinq prosesi barədə ətraflı məlumat verib.
Ə.Nuriyev qeyd edib ki, "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi çərçivəsində "Konstitusiya" Araşdırmalar Fondu tərəfindən MFP-nin monitorinqi ilə bağlı artıq üçüncü hesabat təqdim olunur: "Monitorinq nəticələri göstərir ki, MFP-də nəzərdə tutulan tədbirlərin 3 il 4 ay ərzində orta icra göstəricisi 83 faiz olub".
Ə.Nuriyev layihənin həyata keçirilməsində verdiyi böyük dəstəyə görə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə təşəkkür edib: "Korrupsiya ilə bağlı layihələrin həyata keçirilməsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi bizə çox böyük dəstək verir. Ümumi qənaət bundan ibarətdir ki, daha geniş miqyasda qanunverciliyin təkmilləşdirilməsi, prosedurların dəqiqləşdirilməsi, yenidən işlənməsi, müxtəlif sahələr üzrə inkişaf konsepsiyalarının hazırlanması və qəbulu, həmçinin elektron xidmətlərin tətbiqi ilə bağlı baza tədbirlərin həyata keçirilməsi prosesi əsasən başa çatıb. MFP-də nəzərdə tutulan tədbirlərin icrası məhz bu amillərlə əlamətdar olacaq".
Ə.Nuriyev Azərbaycanda korrupsiyaya qarşı mübarizədə siyasi iradə olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu siyasi iradə ölkədə korrupsiyanın aradan qaldırılmasına əhəmiyyətli yardım göstərəcək.
Ə.Nuriyev həmçinin deyib ki, hesabata əsasən bələdiyyələrin fəaliyyətində, kommunal sektorda şəffaflıq və hesabatlılığın artırılmasına yönəlik təşəbbüslər, vətəndaşların qəbulu və vətəndaş müraciətlərinə baxılması sahəsində nəzarət tədbirləri, tikintiyə icazə verilməsi sahəsində atılan yeni addımlar pozitiv tendensiyalar kimi qeyd oluna bilər: "Hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi qaydalarının müəyyən edilməsi, normativ hüquqi aktların layihələrinin antikorrupsiya ekspertizasından keçirilməsi qaydaları, korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları, lombardların və daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələri, hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflər hazırlansa da, bunların təsdiqlənməsi və tətbiqi prosesi ləngiyir.

İcbari tibbi sığortanın tətbiqi istiqamətində addımların atılmaması, "Maraqlar toqquşması haqqında" qanunun 2 ildir ki, qəbul olunmaması, Rəqabət Məcəlləsinin qəbul edilməməsi korrupsiyaya qarşı mübarizə siyasətinin daha effektiv aparılmasına ciddi maneə yaradır.
Eyni zamanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı mexanizmin olmamması çox ciddi əngəl kimi qeyd olunmalıdır. Dövlət müəssisələrinin hesabatlılığı, büdcə vəsaitlərindən səmərəli istifadə olunmasına işlək nəzarət mexanizminin yaradılmaması ilə bağlı problemlər də qalmaqdadır.
MFP üzrə həyata keçirilən tədbirlərin səmərəlilik dərəcəsinin qiymətləndirilməsi, ayrı-ayrı tədbirlər kompleksinin ümumilikdə, korrupsiyaya qarşı mübarizə sahəsində hansı effekt verməsini, yaxud yeni mexanizm, alət və prosedurların konkret sektorlarda hansı nəticələrə səbəb olduğunu aydınlaşdırmaq üçün tədqiqat və araşdırmalara ciddi ehtiyac hiss olunur.
Statistik göstəricilər, normativ bazanın təkmilləşdirilməsi ilə bağlı konkret addımlar, yeni mexanizmlərin tətbiqini nailiyyətlər kimi qiymətləndirə bilərik. Lakin gerçəklikdə bu tədbirlərin necə işlədiyi, səmərə verdiyi yalnız əhatəli tədqiqatlarla müəyyənləşdirilə bilər. Dünya təcrübəsi göstərir ki, korrupsiyaya qarşı səmərəli mübarizənin əsas komponentlərindən biri də atılan addımların hansı səmərə verdiyinin izlənilməsi və çevik korreksiya sisteminin yaradılmasıdır.
MFP-da nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlər və korrupsiya risklərinin azalmasına yönəlik bir sıra tədbirlərin ləngiməsi, korrupsiya riski yüksək olan sahələrdə elektron xidmətlərin ləng tətbiqi diqqət mərkəzində saxlanılmalı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti institutları müvafiq səylər göstərməlidirlər. QHT-lər, KİV bu məsələnin korrupsiyaya qarşı mübarizə aspektində aktual məsələlər kimi gündəlikdə qalması üçün çalışmalıdırlar".
"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva isə "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi çərçivəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb və MFP-nin monitorinqinin nəticələri ilə bağlı fikirlərini bölüşüb.
O deyib ki, MFP dövlət qurumları, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlər və başqa maraqlı tərəflər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir: "Monitorinq prosesi göstərdi ki, dövlət orqanları MFP ilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində hiss olunan dinamika nümayiş etdiriblər. MFP-nin icrası ilə əlaqədar olaraq 18 qanun layihəsi, bir məcəllə hazırlanıb, 2 konsepsiya, müxtəlif sahələrin tənzimlənməsi ilə əlaqədar 4 yeni qayda layihəsi hazırlanıb, 7 yeni qayda isə təsdiqlənib".
Hesabatda qeyd edilir ki, tədbirlər 28 istiqamət üzrə qruplaşdırılıb: "Milli Fəaliyyət Planında 2012-ci ildə 2, 2013-cü ildə 48, 2014-cü ildə 40 tədbirin icrasının başa çatdırılması nəzərdə tutulub. Milli Fəaliyyət Planındakı tədbirlər 2015-ci ilin sonunda tamamlanıb. Ən yaxşı nəticə 26-cı - "Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi", 8-ci - "Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması", 3-cü - "Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi", 15-ci - "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması", 10-cu - "Etik davranış qaydalarının təkmilləşdirilməsi", 7-ci - "Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi" istiqamətlərində əldə olunub.

MFP-də 125 tədbirdən 79-nun icrası başa çatdırılıb, 38 tədbir 50 faiz və ondan yuxarı səviyyədə icra olunub. MFP-də 7 tədbir 50 faiz səviyyəsindən aşağı həyata keçirilib".
Hesabatda o da vurğulanır ki, "Lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi", "Əmək və sosial təminat sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi", "Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin təkmilləşdirilməsi", "Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi", "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi", "Etik davranış qaydalarının təkmilləşdirilməsi", "Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması", "Ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi", "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və bu sahədə institusional mexanizmlərin möhkəmləndirilməsi", "Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi", "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması", "Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi", "Audit xidmətlərinin təkmilləşdirilməsi" istiqamətləri üzrə tədbirlərin icrasında əhəmiyyətli irəliləyişlər qeydə alınıb.