Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu Hadisə

Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu

Şeyx Səfiəddin öz doğma dilində, yəni türk dilində yazıb

5-ci yazı

1577-ci ildə çağırılmış qızılbaş toplantısında Məhəmməd Xudabəndə hakimiyyətə gətirildikdən sonra Mirzə Salman etimadəddövlə, Mir Şəmsəddin Məhəmməd Kirmani sədr, Şahruh bəy Zülqədər möhürdar, Qazi bəy Zülqədər eşikağasıbaşı vəzifəsinə təyin edildi. Məmaliki məhrusə Qızılbaş-Türk əyanları arasında bölündü. Əli bəy Zülqədər Şiraz, Pir Məhəmməd xan Ərdəbil, Türkman tayfasının Mosullu obasından Əmir xan Təbriz hakimliyini aldılar. Əmir xanın məsləhəti ilə qardaşları İsmayıl sultan, Şahqulu sultan, oğlu Sultan Murad və İbrahim sultan Piyada Türkman əmirlik rütbəsinə layiq görüldü və onlara Azərbaycanda ulkalar verildi. Şahın buyruğu əsasında Məhəmməd xan Toxmaq Ustaclı Çuxur-Sədə əmir əl-üməra göndərildi. İmamqulu xan Qacar yenidən Qarabağ əmir əl-ümərası, Araz xan Rumlu isə Şirvan bəylərbəyi vəzifəsinə təsdiq edildi. Rumlulardan Ərdoğdu xəlifəyə və o cümlədən bir neçə nəfər başqa əyana Şirvanda ulkalar verildi. Belə ki, Türkmanlardan Məhəmməd xan Kaşana, Əbulməsum sultan Savəyə, Heydər sultan Quma bəylərbəyi göndərildilər. Türkmanlardan Murtuzaqulu xan isə Məşhəddə, Təkəlilərdən Museyib xan Reydə, Vəli xan Həmədanda öz vəzifələrində qaldılar. Rumlulardan Dəli Budaq Xoy, Şamlılardan Əliqulu xan Herat, Əfşarlardan Vəli xan Kirmana bəylərbəyi təyin olundular. 1586- 587-ci illərdə də Vəli xan Əfşarın Kirman valisi olduğunu görürük. Bu zaman oğlu Bektaş xan isə Yəzd valisi və Əfşarlardan Yusif xan isə Əbərguh hakimi idi.
Xorasanın bəzi mahallarına Həmzə xan Ustaclı, Vəliqulu xəlifə Şamlı və Şahqulu sultan Qarınca oğlu Ustaclı hakim göndərildilər. Səbzəvardə isə Qubad xan Qacar hakimiyyətdə idi. Gilanda Biye-Pəs, Biye-Piş hakimləri Cəmşid xanla Əhməd xan arasındakı yeni çəkişmələr, onların hər birinin bütün Gilanı öz hakimiyyəti altında birləşdirmək üçün Qəzvinlə apardıqları danışıqların heç bir nəticəsi olmadı. Gilanda separatizmin qarşısını almaq üçün bura yeni Qızılbaş-Türk əmirləri göndərilir. Vilayət Salman xan, Hüseynqulu sultan, Mustafa sultan Şərəfli (Ustaclı), Ayqut bəy oğlu Mehdiqulu sultan Çavuşlu (Ustaclı), Əhməd sultan Asayış oğlu (Ustaclı), Tanrıverdi xəlifə Kəngərli, Pirə Məhəmməd Ustaclının qohumlarından Əbülqasım sultan, Şahverdi sultan Çavuşlu, Şahverdi sultan Cəlaloğlu Çəpni, Qarınca oğlu Şahqulu sultan Ustaclı (Salman xanın lələsi) arasında bölündü. Cəmşid xanın bütün əmlakı hədiyyə qismində Qəzvinə göndərildi. Bu əmirlərin hakim təyin olunduqları vilayətlərdə türk el və oymaqlarından ibarət güclü dayaqldarı da vardı. Məsələn, Zülqədərlər hələ I Şah İsmayılın dövründə Farsa köçürülüb yerləşdirilmişdi və Məhəmməd Xudabəndə dövründə də bu bölgənin aşağıdan-yuxarıya bütün vəzifələri onların bəylərinin əlində idi.
Ancaq I Şah Abbas imperatorluqda XVI yüzilliyin 80-ci illərində baş vermiş separatizmin qarşısını almaq və hakimiyyəti möhkəmləndirmək məqsədi ilə qeyri-türk el, oymaq əmirlərinə də dövlət idarəetmə orqanlarında vəzifələr vermişdi. Ancaq onun sələflərindən fərqli olaraq qeyri-türk əsilzadələrini hakimiyyətə gətirməsi, dövlətin milli mahiyyətini dəyişə bilmədi. Ona görə ki, dövləti quran da və onu qoruyub saxlayan, yaşadan da türklər idilər. Pyetro della Vallenin yazdığı kimi I Şah Abbasın dövründə də ölkənin əsilzadələri, əsgəri təşkilatı da onlardan ibarət idi. Elə buna görə, Şah Abbas da ata-babalarının ənənəvi daxili siyasət kursuna etinasız qalmadı. Belə ki, o, imperatorluğun cənub-şərqində yerli dayaqlarını möhkəmləndirmək üçün Şirvandan bir çox oymaqlar köçürüb bu bölgələrdə yerləşdirdi. Eyni zamanda, Qarabağdakı Otuz iki, Qazaxlar, Şəmsəddinli oymaqlarından xeyli əhali Mazandaran və Farsa köçürülmüşdü. Şərqi Anadoludan 1612-ci ildə Azərbaycana köçən Silsüpürlər Savə, Rey və Firuzguh tərəfdə yerləşdirilmişdi. Bütün bu faktlar sübut edir ki, XVI yüzillikdə olduğu kimi, XVII yüzillikdə də dövlətin daxili siyasət kursundakı ənənələr əsasən qorunub saxlanmaqla hakimiyyətin əsas dayaqları Qızılbaş-Türk elləri olmuşdu. F.Sümərin yazdığı kimi, Türk oymaqları əskisi kimi dövlətin ana dirəyi vəsfini daşıyıb və əhəmiyyətini mühafizə ediblər.
XVII əsrin 50-60-cı illərində Gürcüstanda dövlət hakimiyyətinə qarşı çıxışlar, mərkəzdənqaçma hərəkatları başlamışdı. Bunu hərbi yolla tam həll etmək mümkün olmadıqda, ənənəvi daxili siyasət kursuna uyğun köçürmələrlə yerli dayaqlar yaratmaq tədbirlərinə üstünlük verilmişdi. Məhəmməd Yusif Qəzvini yazır ki, II Şah Abbas (1642-1664) 1658-ci ildə Azərbaycan və Qarabağın elat əhalisinin bir qisminin Kaxetiyaya köçürülməsi haqqında göstəriş vermişdi. Şahın göstərişinə əsasən 15 min elat əhalisi həmin əraziyə köçürülüb və burada dövlət hakimiyyəti üçün davamlı dayaqlar yaradılmışdı. Mənbədə bu bölgəyə köçürülən elat əhalisinin xeyli hissəsinin qala və şəhərlərdə yerləşdirildiyi göstərilib. Mənbədən aydın olur ki, müxtəlif ədəbiyyatlarda köçəri, tərəkəmə adı ilə verilən bu türkmən oymaqları bölgəni qorumaqla yanaşı burada qalalar, şəhərlər salır, əkinçiliklə, təsərrüfatla məşğul olurdular. Şah onlara Kaxetiyanı abadlaşdırmağı da tapşırmışdı.
Qaynaq materiallarının tədqiq və təhlili sübut edir ki, I Şah Abbas və ondan sonra da hakimiyyətdə olmuş Səfəvi şahları dövründə Səfəvi dövlətini sosial, hərbi-siyasi baxımdan türklər qurduğu kimi, onlar da qoruyub saxlayır və yaşadırdılar. Ancaq bir çox qərb və şərq ölkələri, xüsusilə İran tarixçiləri qaynaq materiallarını birtərəfli təhlil edərək, zəngin mədəniyyətə, dövlətçilik təcrübəsi, idarəetmə istedadına sahib olan xalqımızın tarixinin bəzi məsələləri ilə yanaşı, Səfəvilərin soykökü, Azərbaycan Səfəvi dövlətinin yaranması, onun müxtəlif təkamül mərhələlərində dövlətin mahiyyətini təhrif edərək saxtalaşdırıb, bu dövləti Azərbaycan yox, "İran", "Fars" dövləti kimi xarakterizə ediblər. Ancaq ciddi tarixçilərin əsərlərində bu cür yanlış fikirlər qəbul olunmur. Tarixçilikdə Səfəvi şahlarının soykökü ilə bağlı mübahisə doğuran məsələləri O.Əfəndiyev yenidən araşdırıb və o, mötəbər qaynaqlardan əldə etdiyi materiallar əsasında düzgün elmi məntiqi nəticələr əldə edə bilib. Müəllif bu məsələ ilə bağlı fikirlərini yekunlaşdıraraq qeyd edir: "Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran (yəni fars) mənşəli olması haqqında ehtimal da mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması çətin ki, şübhə doğura bilər". Səfəvilərin soykökünün türk olması haqqında Seyidağa Onullahinin də tədqiqatlarında tarixçilik üçün həm maraqlı və həm də yeni məlumatlar var. Müəllif XIV yüzillikdə yaşamış Təvəkkül ibn İsmayıl ibn hacı əl-Ərdəbilinin "Səffat əs-Səfa" adlı əsərinə istinad edərək yazır: "Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xüləfa camaatı, Xacə Səfiəddinə dua edin ki, rəhmətlik Şeyx Zahidin və mən türkzadənin (türk oğlunun) taxtını aparıb". Seyidağa Onullahi olduqca elmi əhəmiyyətli olan bu fikirə istinad edərək Səfəvilərin soykökünü kürdləşdirməyə, yaxud da farslaşdırmağa çalışan tarixçilərə tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin türk olduğunu hər halda onlardan daha yaxşı bilərdi. Məhəmmədəli Tərbiyət öz əsərində Şeyx Səfiəddini Azərbaycanın məşhur ariflərindən olduğunu göstərməklə yanaşı, onun yeganə nüsxəsinin vaxtilə Ərdəbil kitabxanasında saxlanılan və "Qara məcmuə" adı ilə məlum olan əsərin müəllifi olduğunu qeyd edib. Adından da göründüyü kimi, əsəri Şeyx Səfiəddin öz doğma dilində, yəni türk dilində yazıb. O, türk dilində şeirlər də yazıb ki, bu barədə dövrün müxtəlif qaynaqlarında məlumatlar verilib. Doktor Hüseyn Məhəmmədzadə Sədiqinin hazırlayıb nəşr etdirdiyi Şeyx Səfiəddin Ərdəbilinin "Qara məcmuə" adlı əsərində şeyxin türk dilindəki şeirlərindən nümunələr verilib:
Qoydu üz könlümə qəm ləşkəri hamun-hamun,
Qara baydağlı ələmlər ucu gülgun-gülgun,
Çağırırdım qatı avaz ilə:-Leyli, Leyli!
Dağ səs verdi cavabında ki:- Məcnun, Məcnun!
Gözlərimdən yana od tutladı duzəx-duzəx,
Cigərimdən yana qan qaynadı Ceyhun-Ceyhun,
Bu nə viranə könüldür, Səfi, ey vay-ey vay!
Sərvlər var idi bu bağidə mövzun-mövzun.
İsgəndər bəy Münşi Türkmən yazır ki, Şeyx Səfiəddin gənc yaşlarında mükəmməl təhsil aldıqdan sonra mənəvi aləmlərin çətinliklərini dərk etmək üçün bir mürşid axtarmağa başlayıb və elə bu istək onu dövrün böyük bilim adamı olan Şeyx Nəcibəddin Bozquş Şirazi ilə görüşmək üçün Şiraza aparmışdı. Ancaq Şeyx Səfiəddin Şiraza çatdıqda, artıq Şeyx Nəcibəddin Bozquş vəfat etmişdi. O, Şirazın böyük üləmalarından biri olan Mövlanə Rəziəddinin yanına gedib, onun yanında Qurani-Kərimin əz-Zilzal surəsinə qədər təfsirlərində iştirak edir. Sonra Şeyx Sədi Şirazi ilə də görüşüb söhbət edir, ancaq Şeyx Sədi ilə fikir mübadiləsi onun əziz xatirinə xoş gəlmir. Şirazın üləmalarından Əmir Abdulla Şeyx Səfiəddinin böyük fəzilət sahibi olduğunu gördükdə, ona deyir: "Ey gənc türk! Ciddi səyin, zahidlik və ucalığın sayəsində sənin üçün hasil olanlar bizim mərifət gözümüzə çatmayıb… Bu gün sənin gözündən pərdəni götürüb, məqsədinə tərəf yönəldən bir adam varsa, o da ilahi elmlərini bilən Şeyx Zahid Gilanidən başqa bir kimsə deyil… Şeyx Səfiəddin fars şeyxləri ilə xudafizləşib vətənə tərəf döndü".
XVI yüzillikdə yazılmış və müəllifi məlum olmayan "Aləm aray-i Səfəvi" adlı qaynaqda isə qeyd olunur: "Şeyx Zahid Gilani Şeyx Səfinin gəldiyini biləndə adı Şeyx Cəmaləddin olan böyük oğluna dedi ki, ey oğul, get büqün içərisində… cavan türk namaz qılır; ona de ki, ağam Şeyx Zahid səni çağırır… Bayram günü gördülər ki, həzrət Şeyx Zahid qırx günlük ibadətdən sonra bayıra çıxıb cavan türkün (Şeyx Səfinin) əlindən tutaraq büqə gəldi". Dövrün qaynaqlarındakı bu məlumatlar Səfəvi şahlarının babalarının kökcə türk olduqlarını nəinki təsdiq edir və həm də tarixçilikdəki bu məsələ ilə bağlı mübahisələrin də əsassız olduğunu göstərir. V.V.Bartold da orta çağın unikal qaynaqlarındakı tutarlı faktlara istinad edərək yazır ki, Ərdəbil şeyxləri, şübhəsiz fars deyil, türk mənşəlidirlər. Bu fikiri əsasən qəbul edən İ.P.Petruşevski isə yazır ki, XVII əsrə qədər Qızılbaş dövlətini "Fars", "İran", "Yeni İran" adlandırmaq düz deyil. Hansı ki, bu səhvə təkcə Avropa deyil, bir çox sovet tarixçiləri də yol verirlər.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor