Baş Prokurorluqdan Misir Mərdanovla bağlı açıqlama Hadisə

Baş Prokurorluqdan Misir Mərdanovla bağlı açıqlama

"Sabiq təhsil nazirinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması barədə məlumatlar isə həqiqəti əks etdirmir"

Baş Prokurorluq sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının istintaqa cəlb edilmələri ilə bağlı bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
Qeyd edək ki, ötən gün bəzi KİV-də keçmiş təhsil naziri Misir Mərdanov və Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində saxta diplomların verilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb edilmələri barədə məlumatlar yayılıb.