“Akif Çovdarova 500 min manat və brilyant verdim” Hadisə

“Akif Çovdarova 500 min manat və brilyant verdim”

Dünən Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir. Vəkil Şahin Rəfiyev jurnalistlərə deyib ki, prosesdə vəsatətlə çıxış edərək, cinayət işinə xitam, müvəkkili ilə istintaq təcridxanasında görüşə icazə verilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.
Prosesdə zərərçəkmiş Şahmar Qurbanov vəkillərin və prokurorun suallarını cavablandırıb. O, Akif Çovdarova 500 min manat və brilyant verdiyi desə də, yerini və vaxtını xatırlamadığını bildirib. İclasda fasilə elan edilib.
Vəkil deyib ki, Akif Çovdarovun nəfəs almaqda çətinlik çəkir, o, iclasda həkim nəzarətində olur.
Qeyd edək ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.