KİV təmsilçilərinin Ankaraya səfər proqramı başa çatıb Hadisə

KİV təmsilçilərinin Ankaraya səfər proqramı başa çatıb

Azərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfər proqramı davam edir. Dekabrın 14-də nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib. Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə məlumat verib. Qarşıda duran vəzifələr barədə fikirlərini bölüşən Necdet Ünüvar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində KİV-lərin fəaliyyətinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Azərbaycan KİV-nin iki ölkə əlaqələrinin inkişafına xidmət edən istənilən fəaliyyətə informasiya dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Nümayəndə heyətinin növbəti görüşü "Anadolu" Agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar. "Anadolu" Agentliyinin genel yayın yönetmeni Metin Mutanoğlu rəhbərlik etdiyi qurumun Azərbaycan KİV-ləri ilə əlaqələri və bu yöndə yeni planları barədə məlumat verib. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Yurddışı Türklər və Akraba Topluluklar Başkanlığına (ATATB) gələn Azərbaycan KİV təmsilçilərini ATATB başqanı Mehmet Köse qəbul edib. ATATB-ın fəaliyyəti barədə məlumat verən Mehmet Köse Azərbaycan və Türkiyə diaspor təşkilatlarının sıx əməkdaşlıq etdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni proqramlar hazırlandığını bildirib. O, iki diaspor təşkilatlarının əməkdaşlığının möhkəmləndirilməsi, dünyada təsir gücünün artması üçün medianın yardımının da əhəmiyyətini vurğulayıb.
Vüqar Səfərli Azərbaycan KİV-lərinin iki ölkənin diaspor təşkilatlarının əməkdaşlığının inkişafına təkan verən layihələri dəstəklədiklərini önə çəkərək, ATATB-la əlaqələrin də inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb. Azərbaycan KİV təmsilçiləri Ankaraya səfər proqramı çərçivəsində dekabrın 15-də Türkiyə Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. Orta Asiya və Cənubi Qafqaz Departamentində keçirilən görüşdə Gökhan Turan qurumun fəaliyyəti, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə məlumat verib. KİVDF-nin icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Gökhan Turan Azərbaycan KİV təmsilçilərini maraqlandıran sualları cavablandırıb. Bununla da nümayəndə heyətinin Ankaraya bir həftə davam edən səfər proqramı başa çatıb.
Məlumat üçün bildirək ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə həyata keçirilir. Heyətin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Mediainfo.az" İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər. Səfər proqramı dekabrın 10-dan 16-dək davam edib. Səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumları, informasiya məsələlərinə məsul olan təşkilatları, həmçinin aparıcı KİV-ləri ilə görüşlər keçirilib.