“Savadsız abituriyentin müəllimlərini elə ali məktəblər yetişdirir” Hadisə

“Savadsız abituriyentin müəllimlərini elə ali məktəblər yetişdirir”

"Ali məktəb müəllimləri abituriyentləri qəbul edəndə onların bilik səviyyəsindən narazılıq edirlər. Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar".
Bunu mətbuata açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


Mövzu ilə bağlı olaraq təhsil eksperti Kamran Əsədov bildirib ki, abituriyentlərin balları çox aşağıdır: "DİM ali məktəblərə qəbul imtahanlarını həyata keçirir. Bu zaman orta məktəb dərslikləri əsasında test tapşırıqları hazırlanır. Həyata keçirilən qəbul imtahanının şəffaflığına, obyektivliyinə və insan amilinin təsirinin olmamasına baxmayaraq, imtahanda iştirak edən abituriyentlərin böyük əksəriyyətinin nəticəsi orta baldan çox aşağı səviyyədədir. Ali məktəblərin gələn abituriyentlərin nəticələrindən narazı olmalarında haqlı tərəfləri də var, haqsız tərəfləri də. İlk növbədə onu demək kifayətdir ki, bu gün ali məktəblərə qəbul olmuş abituriyentlərin müəllimləri elə o universitetlərin məzunudur. Yəni bu gün şagirdlərin nəticələrində hansısa zəiflik varsa, elə ilk növbədə günahkar ali məktəblərin özləridir. Əgər onlar normal və keyfiyyətli tədris həyata keçirsələr, əmək bazarına da savadlı kadrlar daxil olar".
O qeyd edib ki, kiminsə 600-700 bal toplaması, onun savadlı olması demək deyil: "Çünki test imtahanı nəticələri savadlılıq göstəricisi deyil, test seçim üsuludur. Belə ki, DİM imtahanları ilə savadlı kadr hazırlığı həyata keçirmir, onlar obyektiv şəkildə müəyyən keyfiyyətə malik olan potensial kadrları seçib ali məktəblərə qəbul edirlər ki, ali məktəblər müəyyən olunmuş müddətdə və standartlar əsasda savadlı kadr hazırlığını həyata keçirsinlər".
Ekspert hesab edir ki, əgər təhsildə inkişaf istəyiriksə ilk növbədə orta məktəb ilə ali məktəblərin arasında əlaqələr genişləndirilməlidir: "Hal hazırda təhsil pillələri arasında əlaqələr qırılıb. Heç bir bağlantı yoxdur. Bundan başqa bir çox ali məktəblərin tədris prosesi hələ də sovet dövründən qalan materiallar əsasında həyata keçirilir. Bundan başqa, əmək bazarına ali məktəblər tərəfindən buraxılan kadrların böyük faizinin savadlılıq dərəcəsi heç orta məktəb şagirdləri səviyyəsində olmur. Reallıqdan danışmalı olsaq, müəllim işləməyə başlayan yeni kadrların hamısı elə orta məktəbdə təhsil aldıqları zaman əldə etdikləri biliklər ilə işə başlayırlar. Ali məktəblər onların biliyinin üstünə nə isə əlavə etməyiblər. Orta məktəblərdə istifadə olunan dərslikdən Ali məktəblərə qəbul olduqdan sonra tələblər semestr imtahanlarında istifadə edirlər. Bu halda biz ali məktəblərin necə savadlı kadr hazırladığını deyə bilərik?"