“O, jurnalistlərin böyük dostu və himayədarı idi” Hadisə

“O, jurnalistlərin böyük dostu və himayədarı idi”

Mətbuat Şurasında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd ediblər
Azərbaycan Mətbuat Şurasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı mərasim keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin xəttilə düzənlənən mərasimdə əsasən bu böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistika sahəsində fəaliyyət göstərmiş yaşlı qələm sahibləri iştirak ediblər.
MŞ sədri Əflatun Amaşov bildirib ki, XX əsrin görkəmli dövlət və siyasət adamı olan Heydər Əliyevin nəsillərə örnək həyat yolu və mübarizəsi milli jurnalistikamızla qırılmaz tellərlə bağlı olub. Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bu bağlantı ölkəmizin sistemli dövlət siyasətinin başlıca konturlarını müəyyənləşdirməyə başladı. Kütləvi informasiya vasitələrimizin hərtərəfli inkişafı sahəsində atılan addımlar nəticə etibarilə cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə gətirdi. Mövcud kurs mediaya dövlət dəstəyinin timsalında daha dolğun bir şəkildə həyata keçirilməkdə və dərinləşdirilməkdədir: "Hesab edirəm ki, bu gün bura toplaşanların hər birinin deməyə sözü, bölüşməyə xatirəsi var. Heydər Əliyevlə eyni dövrdə yaşayıb yaratmaq xoş xatirə zənginliyi ilə yanaşı, böyük məsuliyyətdir. Sizlərin hər biri bu məsuliyyəti çiyinlərinizdə daşıyaraq əsl jurnalistika dəyərlərini yaşatmış peşəkarlarsınız".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi dövlət qurumu Heydər Əliyev şəxsiyyətinin mediaya, azad sözə konseptual baxışlarına varisliyin nəticəsi olaraq yaranıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov Heydər Əliyevi Azərbaycanın tərəqqisi naminə görülən işlərdə jurnalistikanın gücündən məharətlə istifadə edən şəxsiyyət kimi dəyərləndirib: "Heydər Əliyev Azərbaycanı keçmiş SSRİ-nin tənəzzüllə üzləşmiş əyalətindən inkişaf göstəriciləri baxımdan yüksəkdə dayanan respublikaya çevirdi. Mövcud prosesdə mətbuatın gücünə verdiyi önəm xüsusi vurğulanmalıdır. O, jurnalistlərin böyük dostu və himayədarı idi".
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, MŞ-nin Ahıl Jurnalistlər Məclisi rəhbərinin müavini, əməkdar jurnalist Məzahir Süleymanzadə, İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, "Təhsil və zaman" qəzetinin baş redaktoru, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, "Assa iradə" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları Heydər Əliyev və KİV mövzusunun müxtəlif istiqamətlərinə aydınlıq gətiriblər. Tədbirdə həmçinin Heydər Əliyevin böyük həyat yolunun ayrı-ayrı cəhətlərinin, zəngin ideya irsinin yeni nəsillərə çatdırılması ilə bağlı sistemli fəaliyyətdə medianın daşıdığı missiya ətrafında geniş müzakirə aparılıb.