Bakıda beynəlxalq “CaspianAgro 2017” sərgisi Hadisə

Bakıda beynəlxalq “CaspianAgro 2017” sərgisi

Mayın 17-dən 19-dək Bakı şəhərində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgisi keçiriləcək. Iteca Caspian şirkətindən bildirilib ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir. "CaspianAgro 2017" sərgisinin qeydiyyat üzrə sponsoru "Grand Motors" (Azərbaycan) şirkətidir.
Qeyd olunub ki, "CaspianAgro 2017" sərgisində Azərbaycan, Belarus, Çin, İtaliya, Rusiya, Şri-Lanka, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribüterləri iştirak edəcəklər. Üçüncü ildir ki, sərgidə Gürcüstan öz milli pavilyonu ilə təmsil olunacaq. Cari il debütantların arasında İpək Yolu üzərində, Jianqxi (Ciangşi) vilayətini təmsil edən Çin şirkətləri var. Həmçinin bu il ilk dəfə olaraq Niderland sərgidə tərəfdaş ölkə qismində çıxış edəcək.
Ümumiyyətlə, kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edən sərgi bir sıra innovasiyalarla tanış olmaq üçün ideal imkan yaradacaq. Buraya quşçuluq fabrikləri və istixana üçün avadanlıqlar, istifadəyə hazır istixanaların tikintisi, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Bu il sərginin suvarma sistemləri və son illər Azərbaycanda güclü inkişaf etmiş pambıqçılıq sahəsi üçün kənd təsərrüfatı texnikası sektorları daha geniş nümayiş etdiriləcək. Sərginin "Laboratoriya avadanlıqları" sektorunda mikroskoplar, aparatlar və kənd təsərrüfatı məhsullarının məhsuldarlığını artırmaq və bitkilərin çəkisindən tutmuş zərərli vasitələrə yoluxma dərəcəsinə, eləcə də rütubət tərkibinin faiz göstəricisinin öyrənilməsinə qədər bir sıra digər cəhətləri müntəzəm olaraq araşdırmaq üçün nəzərdə tutulmuş laboratoriya cihaz və avadanlıqları təqdim olunacaq.
Diqqətə çatdırılıb ki, sərginin bu sektorlarına xarici istehsalçılarla yanaşı, yerli şirkətlər də qatılacaq. Kənd təsərrüfatı sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribüter və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 40 faizini təşkil edəcək. Bundan başqa, ənənəvi olaraq "CaspianAgro" sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün infoturlar təşkil olunacaq. Beləliklə, "СaspianAgro 2017" sərgisi iştirakçılara kənd təsərrüfatı sektorunda ən son nailiyyətlərlə tanış olmaq imkanı yaratmaqla yanaşı, yeni işgüzar əlaqələr qurmağa, həmçinin bu sahəyə investisiya yatırımını artırmağa kömək edəcək.