12:19
483
“İranın ABŞ-yə limanlarına qarşı tətbiq edilən blokadanın aradan qaldırılması müqabilində Hörmüz boğazında gəmiçiliyin bərpasını təklif etməsi ilk baxışdan müsbət təşəbbüs kimi görünə bilər. Lakin Vaşinqtonun bu təklifi qəbul edəcəyini düşünmürəm. Ümumiyyətlə, Hörmüz boğazı ətrafında baş verənlərin ABŞ-nin əvvəlcədən qurduğu planın bir hissəsi olduğu qənaətindəyəm. Başqa sözlə, Vaşinqtonun yürütdüyü siyasət İranı Hörmüz boğazını bağlamaq və beynəlxalq gəmiçiliyə zərbə vurmaq həddinə çatdırdı. İndi Tehran bu addımı atır. Lakin bununla da İran özünü haqlı mövqedən çıxararaq haqsız vəziyyətə salır. Nəticədə beynəlxalq gəmiçiliyə maneə törədən Tehran təkcə ABŞ-nin deyil, həm də müxtəlif dövlətlərin və gəmiçilik şirkətlərinin hədəfinə çevrilir”.
Bu sözləri xalqcebhesi.az-a politoloq Turan Rzayev bildirib.
T.Rzayev qeyd edib ki, qarşıdan ABŞ-də aralıq seçkilərinin, eləcə də İsraildə seçkilərin gəlməsi prosesin gedişinə təsir göstərə biləcək amillərdəndir: “Bu baxımdan, mövcud şəraitdə İranın təklifinin qəbul edilməməsi və ya qərarın uzadılması ehtimalı az deyil. Bununla belə, daha ciddi ehtimallardan biri Vaşinqtonun İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatları yenidən başlatmasıdır. Pakistanın vasitəçilik təşəbbüslərini davam etdirməsi də diqqət çəkir. Lakin mövcud fikir ayrılıqları və tərəflərin mövqeləri nəzərə alındıqda, İslamabadın onları ortaq razılaşma ətrafında birləşdirmək imkanları məhdud görünür. Beləliklə, diplomatik səylər davam etsə də, Hörmüz boğazı ətrafında gərginliyin aradan qalxacağına və tərəflərin yaxın zamanda razılığa gələcəyi inandırıcı deyil”.
Röya İsrafilova