Düzgün yazı qaydasına necə əməl edirik? Hadisə

Düzgün yazı qaydasına necə əməl edirik?

Professor İsmayıl Məmmədli: "Hər bir şəxs yazıda durğu işarələrinin yerli-yerində olmasına əməl etməlidir"

I yazı

Azərbaycan dili genealoji bölgüyə əsasən türk dillərinə mənsubdur. Bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan dili türk, türkmən və qaqauz dilləri ilə yanaşı türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir. Dil xalqın ruhunu tam mənasıyla ifadə etmək qüdrətinə malikdir. Dil hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Zamanlar bir-birini əvəz edir, ancaq dil ölmür, yaşayır. Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər mənada səviyyəsini göstərir. Ən əski dövrdən bəri, yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər yaşayıb, sonradan təkmilləşmə dövrü keçib, nəsildən-nəsilə ötürülüb, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır. Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq.
Professor İsmayıl Məmmədli bildirir ki, dilin, dilçiliyin elə sahələri var, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür: "Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmusu - başqa cür desək, punktuasiya) daxildir".
İ.Məmmədli hamı üçün gərəkli olan bir məsələdən - durğu işarələrinin yazıda işlənməsi qaydalarından danışır: "Durğu işarələrinin mahiyyəti, vəzifələri, onlardan istifadə məqsədi və işlənmə məqamı, yeri, yazıda mövqeyi barədə doğru-dürüst bilgilər, onları səciyyələndirən normalar hər bir vətəndaşa, savadlı adama yazılı nitq zamanı olduqca vacibdir, zəruridir. Ümumiyyətlə, özünü ziyalı hesab edən hər bir şəxs yazıda durğu işarələrinin yerli-yerində olmasına əməl etməlidir. Xüsusilə jurnalistlərin, mətbuatda çalışanların, orta və ali məktəb müəllimlərinin birinci dərəcəli vəzifəsi düzgün yazı normalarını qorumaq, nitq mədəniyyəti məsələlərinə önəm verməkdir. Durğu işarələrini səciyyələndirsək, belə bir ümumiləşdirici fikirlə onu təqdim edərdik ki, durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu olduğunu göstərir. Hazırda yazımızda işlənən durğu işarələri Azərbaycan dilinin öz daxili qanunlarına əsaslanmaqla formalaşıb, qanuniləşib.
Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır. Müşahidələrimiz göstərir ki, ümumilikdə yazıda durğu işarələrinin işlənməsinə əksər hallarda əməl olunur. Amma arzu olunmasa da, bəzən durğu işarələrinin cümlədə yerli-yerində olmaması faktlarına da rast gəlinir. Ehtiyac olmadan hardasa vergül, iki nöqtə və ya nida işarəsi qoyulur. Amma, lakin, ancaq bağlayıcıları mürəkkəb cümlədə işlənərkən onlardan əvvəl yox, səhvən sonra vergül yazılır, yaxud başqa köməkçi nitq hissələrinin - modal sözlərin, nidaların, ədatların işlənməsi zamanı səhvlərə yol verilir. Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə saya bilərik. Yeri gəldikcə biz bu vergül işarəsinin yazılı nitqimizdə bütün normativlərə uyğun verilməsi qaydalarından nümunələr gətirəcəyik. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir".
Dilçi-alim vergül işarəsinin müxtəlif üzvlər arasında, fərqli mövqelərdə işlənmə hallarını şərh edir: "Cümlənin həmcins üzvləri arasında vergül. Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir. Məsələn: Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülüb. Ehtiyac, aclıq, zülm qoymadı göz açam. Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulub. Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik. Gənclər danışır, gülür, şadyanalıq edirdilər. Bu cümlələrdə isə həmcins xəbərlər arasında vergül işarəsi işlənib (söhbət edərdik, yeyərdik, danışardıq; danışır, gülür)".
Ki tabelilik bağlayıcısına gəlincə, dilçi bildirir ki,
ki tabelilik bağlayıcısı ilə işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə mürəkkəb cümlənin tərəflərini birləşdirən cümlələr arasındakı ki bağlayıcısından sonra vergül qoyulur. Məsələn: Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır (necə?). Tələbə var ki, kitab əlindən düşmür (necə?); Özünü elə aparır ki, deyərdin, hamı ona borcludur. O, elə baxırdı ki, sanki çalağandır, şikarının üstünə şığıyacaq. Biz ona görə gəlmişik ki, (nə məqsədlə?) sizi xəbərdar edək. Çünki bağlayıcısı işlənən mürəkkəb cümlədə ondan əvvəl vergül yazılır. Oğlan imtahan verməkdən qorxurdu, çünki elmdən çoxdan uzaqlaşmışdı. -sa, -sə şərt şəkilçisi işlənən mürəkkəb cümlədə sa-sə birinci cümlənin xəbərində gələrsə, ondan sonra vergül qoyulur. Əgər yıxılsan, balta çalan çox olar. Hərgah işləmirsənsə, gedə bilərsən. Mürəkkəb cümlədə sa-sə, da-də, belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa, həmin sözlərdən sonra, amma, ancaq bağlayıcılarından isə əvvəl vergül qoyulur. Məs.: Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirdilər. Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri alınacağına şübhə etmirik".
Dilimizin qaydalarına əsaslalan alim bildirir ki, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur. Tərkib hissələrinin birində vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məsələn: Gözəl bir yay günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı. Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi. Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C.Məmmədquluzadə). Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A.Şaiq).
Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur: "Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Qarqar çayının həzin şırıltısı, Gülarənin palazlara, gəbələrə endirdiyi toqqaların taqqıltısı ətrafa yayıldı; hələ naxırçıların oynamaları da bu səslərə qarışanda şənlik bir tərəkəmə toyunu xatırladırdı (Ə.Haqverdiyev). Onlar otaqdan çıxmamış otağa səs-küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C.Cabbarlı).
Zərfliklər əksərən, baxmayaraq, halda, kimi, əlaqədar olaraq və s. sözlərin köməyi ilə xüsusiləşərkən bu zaman həmin sözlərdən sonra vergül qoyulur. Məs.: Səhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik. Payız olduğu halda, aran yerlərdə istiydi".
Daha maraqlı bir məqam: "Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur. Dəqiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur, onun mənasını konkretləşdirir. Xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşan dəqiqləşdirici xüsusiləşmiş üzvdən əvvəl vergül yazılır. Məs.: Bütün siniflər, xüsusən onuncular yaxşı nəticə əldə etdilər.
Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi".
Tabeli və tabesiz mürəkkəb cümlələrdə vergülün işlənməsi də maraqlı məqamlardandır: "Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr. Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcıları bağlayıcılı tabeli mürəkkəb cümlələrin hissələrini bir-birinə bağlayır. Birləşdirmə bağlayıcılarından başqa (və birləşdirmə bağlayıcısından başqa) qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məs.: Qonaq getmək istədi, amma ana buraxmadı. Birdən-birə göy guruldadı, hətta ildırım çaxdı. Nə işıq yanırdı, nə də su gəlirdi. Gah yağış yağırdı, gah da gün çıxırdı".

Uğur