“Borussiya Dortmund” azarkeşləri telefon işlətmədiklərinə görə mükafatlandıracaq İdman

“Borussiya Dortmund” azarkeşləri telefon işlətmədiklərinə görə mükafatlandıracaq

Almaniyanın “Borussiya Dortmund" klubu azarkeşləri stadionda oyun zamanı mobil telefonlarından istifadə etməməyə görə mükafatlandıracaq.

Klubun rəsmi tətbiqinə inteqrasiya edilən “Fan Mode” funksiyasını aktivləşdirən azarkeşlər oyun zamanı telefonlarına toxunmadıqları hər dəqiqə üçün xal qazanacaqlar.

Bunun üçün iOS və Android əməliyyat sistemlərində çalışan cihazlarda məkan xidmətləri aktiv olmalı və azarkeşin “Signal Iduna Park” stadionunda olduğu təsdiqlənməlidir.

Layihə 2023-cü ildə “Vodafone” tərəfindən keçirilən sorğunun nəticələrinə əsaslanır. 1000 müntəzəm futbol azarkeşinin iştirak etdiyi sorğu zamanı respondentlərin 63 faizinin oyunlar zamanı tez-tez mobil telefonlarından istifadə etdiyi müəyyənləşib. Selfi çəkmək, canlı yayımlar və sosial şəbəkələrdə paylaşımlar tribunadakı diqqət yayındıran amillər sırasında göstərilib.

Azarkeşlər fasilə zamanı telefonlarının ekranını aça biləcəklər. Lakin ikinci hissədə xal toplamağa davam etmək üçün funksiyanı yenidən aktivləşdirməlidirlər. Oyunun sonunadək telefonlarından ən az istifadə edən və daha çox xal toplayan azarkeşlər imzalı formalar və klub mağazasından alış-veriş üçün vauçerlər qazanmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, yeni funksiya ilk dəfə oktyabrın 24-də “Borussiya” Dortmundun Bundesliqada “Ayntraxt” Frankfurtla ev oyununda tətbiq olunacaq. Layihə mövsümün sonunadək klubun bütün ev matçlarında qüvvədə qalacaq.