Aİ ölkələri razılığa gələ bilmədi - Saatlar yenidən geriyə çəkilir Dünya

Aİ ölkələri razılığa gələ bilmədi - Saatlar yenidən geriyə çəkilir

Avropa İttifaqı noyabrın 1-də qış vaxtına keçəcək, çünki saatların mövsümi dəyişdirilməsinin ləğvi məsələsi birliyin ölkələri arasındakı fikir ayrılıqları səbəbindən artıq səkkiz ildir ki, dondurulmuş vəziyyətdə qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə məlumat yayıb.

"Avropa Komissiyasının 2018-ci ildən olan bu təklifi Aİ Şurasında bloklanıb. Ölkələr hələ də öz qərarlarını verməyiblər. Buna görə də bu həftəsonu biz saatları yenidən bir saat geriyə çəkəcəyik", - deyə o bildirib.

Avropa Komissiyasının 2018-ci ildə saatların dəyişdirilməsinin ləğvi ilə bağlı təklifi vətəndaşların bu tədbiri dəstəkləyib-dəstəkləməməsi və hansı vaxtla yaşamaq istədikləri ilə bağlı ictimai rəy sorğuları ilə müşayiət olunurdu. Nəticədə Aİ ölkələrinin əksəriyyətinin sakinləri saatların dəyişdirilməsinin ləğvinin lehinə çıxış etdilər, lakin hansı vaxtın saxlanılması ilə bağlı fikir ayrılığı yarandı. Aİ-nin cənub ölkələrinin sakinləri qış vaxtı, şimal ölkələrinin sakinləri isə yay vaxtı ilə yaşamağa üstünlük verdilər və nəticədə bu barədə müzakirələr cavabsız qaldı.

Məryəm Quliyeva