Zahid Oruc: “Qanun kəndə dönüşü təmin etməlidir” Cəmiyyət

Zahid Oruc: “Qanun kəndə dönüşü təmin etməlidir”

“Əgər 2020-ci ildə biz torpaqlarımızı azad etdiksə, indi həmin torpaqları becərməklə Qələbəmizi ərzaq suverenliyinə çevirməliyik”.

Xalq Cəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, “Aqrar sahə haqqında” yeni qanun layihəsi ölkədə məşğul əhalinin 35,4 faizinin, yəni 1 milyon 782 min nəfərinin çalışdığı kənd təsərrüfatının ÜDM-dəki payının artırılmasına və Qələbədən sonra münbit torpaqların dövriyyəyə qaytarılmasına xidmət edən hüquqi sənəddir: “Kənd təsərrüfatının ÜDM-də payı cəmi 5,9 faizdir. Layihənin adı beynəlxalq müqayisədə qiymətləndirildikdə, Almaniyada “Landwirtschaftsgesetz”, Böyük Britaniyada “Agriculture Act” şəklində qəbul olunub. Qazaxıstan kənd təsərrüfatının inkişafını yerli ərazilərin sosial-iqtisadi inkişafı ilə eyni qanunda birləşdirib. Onda nə üçün respublikamızda aqrar təsərrüfata kəndin özündən ayrı baxırıq?”

Deputat Prezident İlham Əliyevin 25 may 2026-cı ildə kənd təsərrüfatına həsr edilən müşavirədə istehsal dinamikasının zəifliyini və aqrar sahədə durğunluğu qeyd etdiyini, şəhərlərdən kəndlərə qayıdışın isə yeni dövlət siyasəti kimi müəyyənləşdirildiyini vurğulayıb: “Azərbaycan buğdaya tələbatının 55 faizini, bitki yağlarına tələbatının 52 faizini, kərə yağına tələbatının isə 62 faizini özü təmin edir. Ölkənin ümumi torpaq fondu 8,64 milyon hektardır. Bunun 4,8 milyon hektara yaxını kənd təsərrüfatına yararlıdır, əkin sahələri isə 1,8 milyon hektar səviyyəsindədir. Davamlı dövlət dəstəyinə, əlverişli coğrafiyaya, zəngin aqrar ənənələrə baxmayaraq, torpağımızın real istehsal gücündən tam istifadə edə bilmirik”.

Zahid Oruc aqrar sahədə əldə olunan nəticələrdən danışarkən Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə diqqət çəkib: “Ötən əsrin 70-ci illərində kənd təsərrüfatında aşağı məhsuldarlıq, ciddi təşkilati və infrastruktur problemləri mövcud idi. Qısa müddətdə elmi seleksiya, suvarma sistemlərinin genişləndirilməsi, texnikanın yenilənməsi, yerli emal sənayesi, ixtisaslaşma və kəndlərdə məşğulluq vahid dövlət siyasətinə çevrildi. On minlərlə Əmək qəhrəmanı, keçici Qırmızı bayraqlar və “ağ qızıl” ifadəsi məhz həmin dövrdə meydana gəlib. 1969–1982-ci illərdə kənd təsərrüfatı istehsalının ümumi həcmi 2,7 dəfə artıb.

O, Heydər Əliyevin 1993-cü ildə prezident seçildikdən sonra torpaq islahatlarının həyata keçirilməsinə də diqqət çəkib.

Zahid Oruc müasir dövrdə kənd təsərrüfatının əsas problemləri sırasında kiçik torpaq sahələrində mexanikləşdirmə xərclərinin artmasını, irriqasiya sistemlərinin qurulmasındakı çətinlikləri, fermerlərin suvarma suyuna əlçatanlığını, eləcə də texnika və aqronom xidmətlərindən səmərəli istifadə imkanlarının zəifliyini göstərib: “Fermerlər məhsullarını təkbaşına bazara çıxarmaqda çətinlik çəkir, böyük ticarət şəbəkələri isə qaydaları diqtə edir. Subsidiya və dövlət dəstəyi mexanizmlərinin nəticəliliyi hektardan alınan məhsul, təsərrüfatın gəliri, yaradılan iş yerləri, su sərfi və idxaldan asılılığın azalması kimi göstəricilərlə birlikdə qiymətləndirilsin”.

O, sərhəd, dağlıq və iqtisadi cəhətdən zəif inkişaf edən kəndlərdə yerli xammaldan istifadə edən yeni kiçik emal müəssisələri üçün konkret məşğulluq və investisiya öhdəlikləri əsasında sıfır vergi rejiminin tətbiqini də faydalı hesab edib.

Zahid Oruc kəndlərdə sosial infrastrukturun qorunmasının vacibliyini vurğulayıb: “Qanun kəndə dönüşü təmin etməlidir. Ölkəmizdə 4 244 kənd var. Lakin bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı da aşağı düşür, tibb məntəqəsinin saxlanılması zərurəti də azalır, poçt və bank xidməti “qeyri-rentabelli” sayılır. Dövlət xidmətlərinin yoxluğu inzibati vahid kimi kəndin tamamilə silinməsinə, nəticədə daxili miqrasiyaya, paytaxtda əmək və mənzil bazarına artan tələbata səbəb olur”.

Deputat aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını da təklif edib: “Azərbaycanın iqlim şəraiti müxtəlifdir və yüksək dağlıq, sərhəd rayonlarında yaşayan ailələrin istilik ehtiyacı Bakı və Abşeronda yaşayan ailələrin tələbatından fərqlənir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır. Hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 30 qəpik tarif tətbiq olunur. Elektrik enerjisi tarifi də ölkə üzrə eynidir, halbuki iqlim şəraiti fərqlidir. Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik”.

Zahid Oruc aqrar sahədə idarəetmə və qanunvericilik mexanizmlərinin davamlı olmasının vacibliyini də qeyd edib: “İdarəetmə strukturu dəyişəndə, yeni qurum yaradıldıqda və ya subsidiya qaydaları yeniləndikdə hüquqi mexanizmlər də dəyişir.Dövlət siyasətinin davamlılığı nazirin və ya qurum rəhbərinin fəaliyyət müddətindən asılı olmamalıdır. Aqrar sahə haqqında” qanun layihəsinin nəticələri qiymətləndirilərkən yalnız qəbul edilən subsidiya qərarları, yaradılan elektron xidmətlər və keçirilən tədbirlər deyil, kəndlinin gəliri, torpaqdan götürülən məhsul, kəndlərdə açılan yeni müəssisələr və doğma yurdunda qalmağa qərar verən ailələrin sayı da əsas meyar olmalıdır. Əgər 2020-ci ildə biz torpaqlarımızı azad etdiksə, indi həmin torpaqları becərməklə Qələbəmizi ərzaq suverenliyinə çevirməliyik”.

Günel Elxan