Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü - YENİLƏNDİ Siyasət

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü - YENİLƏNDİ

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Hindistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub.

Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, suverenlik və dövlətlərin bərabər hüquqluğu prinsipləri əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Yüksək səviyyəli təmasların, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli dialoqun inkişafında mühüm rol oynadığı qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Hindistanın Baş naziri cənab Narendra Modi arasında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşünün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin irəlilədilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.

Görüşdə, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi məsələləri müzakirə edilib. Enerji, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları, habelə digər qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsindəki strateji rolu və nəqliyyat-logistika potensialı, Azərbaycanda infrastrukturun yaratdığı imkanlar diqqətə çatdırılıb. Bununla yanaşı, birbaşa təyyarə reyslərinin qarşılıqlı turist səfərləri üçün yaratdığı imkanların əhəmiyyəti vurğulanıb.

Humanitar və mədəni əlaqələrin, turizmin, təhsil və elm sahələrində əməkdaşlığın inkişafının xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Görüşdə, həmçinin BMT, Qoşulmama Hərəkatı, AQEM, Şanxay Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, Cənubi Qafqaz regionunda son inkişaflar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, etimad-quruculuğu tədbirləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

***

12:34

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və hindistanlı həmkarı Subramanyam Caişankar arasında təkbətək görüş başa çatıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan-Hindistan münasibətlərinin siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəniyyət sahələrini əhatə edən gündəliyi müzakirə olunub.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Limanının, Ələt Azad İqtisadi Zonasının və digər sənaye zonalarının təqdim etdiyi imkanlar vurğulanıb.

Tərəflər regional və beynəlxalq proseslər, həmçinin BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov hindistanlı həmkarını Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və etimad quruculuğu tədbirləri barədə məlumatlandırıb.

Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsinin davam etməsi diqqətə çatdırılıb.

Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri də müzakirə ediblər.

***

11:20

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və hindistanlı həmkarı Subramanyam Caişankar arasında təkbətək görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

***

11:13

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan hindistanlı həmkarı Subramanyam Caişankarı qarşılayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Medial

Medial

Medial

Medial

Medial

Medial