“Banklar valyutadəyişmə məntəqəsinə çevrilib” Hadisə

“Banklar valyutadəyişmə məntəqəsinə çevrilib”

Əli Məsimli: "MDB-də belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir"

Vahid Əhmədov: "Çoxlu vergi borcları yaranacaq"

"Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında mən eştməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur".
Bunu Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Azərbaycanda bizim mühitə uyğun olaraq daşınar əmlakı, yəni ev əşyalarını qoyub kredit götürmək o qədər də qəbul olunmur: "Bu bizim mentalitetə bir o qədər də uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu insanların xeyrinədir. Mən sizə açıq deyim. Burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir".
Vahid Əhmədov qeyd edib ki, qanun layihəsində mübahisə doğuran məsələ vergi ilə əlaqədardır. "Dövlət büdcəsinin təxminən 60 faizindən çoxunu Vergilər Nazirliyi ödəyir. Bu ildən asılı olaraq, 70, 80 faiz də olur. Ona görə də vergi sistemi ilə əlaqədar sizin o yazdığınız keçə bilməz. 4.2.1 və 4.2.2-ci maddələrdə növbəlilikdən söhbət açılır. Vergi orqanlarına elə olur ki, gündə 2-3 min sənəd verilir. Banklarla işləyirlər, həbs qoyurlar ki, vergini yığa bilsinlər.
Növbəlilik tətbiq olunsa vergini bankda necə tuta biləcəklər? Çoxlu vergi borcları yaranacaq. Təklif edirəm ki, bu maddələr layihədən çıxarılsın. Əgər çıxarılmasa, sabah siz bizim üçün dövlət büdcəsində vergi ilə əlaqədar olaraq problemlər yaradacaqsınız".
Vahid Əhmədov komitə sədri Ziyad Səmədzadəyə müraciətlə deyib: "Ziyad müəllim, əgər biz sizin bu iki maddə ilə qanunu qəbul etsək, sabah bizim dövlət büdcəsində çox böyük bir problem yaranacaq. Bu məsələ həllini tapmalıdır. Yoxsa bu qanun səsə qoyulsa mən səs verməyəcəyəm. Gedin Vergilər Nazirliyi ilə bunu həll edin. Bu milyonlarla yox, milyardlarla problem yaradacaq".
Millət vəkili Əli Məsimli isə bildirib ki, ""Daşınar əmlakın yüklülüyü haqqında" qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur: "Lakin MDB-də belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir".
Deputat deyib ki, Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb:
"Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib.
İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq. Buna görə də aidiyyatı qurumlar bu məsələni nəzərə almalıdır.
Bu baxımdan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil".
Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev bildirib ki, daşınar əmlak maliyyə resurslarına çıxışı artıran istiqamətdir:
"Daşınar əmlakın özü kapital dəyərinə malikdir. Bunlar indiyədək kapital dəyərinə malik deyildi. Bu sistemi gətirməklə kiçik və orta sahibkarlığa dəstək vermək niyyətindəyik. Kənd yerlərində kiçik həcmi kreditlərin verilməsinə şərait yaradacaq. Qanun layihəsində kosepsiya ondan ibarətdir ki, 24 saat fəaliyyət göstərən portal yaradılır. Reyestr elektron informasiya sistemi formasında təşkil olunur, bildirişlərin daxil edilməsi və bildirşlər üzrə axtarış aparılması üçün fasiləsiz fəaliyyət göstərəcək".
Nurlan Babayevin sözlərinə görə, banklar daşınar əmlakın yüklülüyün qəbulunda maraqlı deyildilər. O həmçinin qeyd edib ki, bu qanunun qəbulu ilə kənd yerlərində maliyyə resurslarına çıxış imkanları artsın: "Daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti ola bilər. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Bildirilib ki, xüsusi yüklülük könüllü, dövlət və bələdiyyə yüklülüyü məcburi xarakter daşıyır".