“İstilik mövsümü üçün hazırlıq planlı və mərhələli şəkildə aparılır” Cəmiyyət

“İstilik mövsümü üçün hazırlıq planlı və mərhələli şəkildə aparılır”

Ölkədə payız-qış mövsümünə hazırlıq işləri mövsüm başa çatan kimi başlayır və növbəti mövsümədək davam edir. Bu mərhələdə balansda olan avadanlıqların texniki vəziyyəti yoxlanılır, xətlər sınaqdan keçirilir və ehtiyac olduğu halda yenilənir.
Bunu “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər il 80 mindən çox avadanlıq sazlama prosesindən keçir, 1000 kilometrdən artıq magistral xətt isə dəfələrlə təzyiq sınaqlarına cəlb olunur. Onun sözlərinə görə, qəza və sızıntı olan sahələrdə operativ şəkildə təmir-bərpa işləri aparılır:
“Hazırda da hazırlıq prosesi intensiv davam edir. Zərurət olduqda xətlər tam yenilənir və sistem maksimal dayanıqlığa gətirilir. Rəsmi açıqlamasında Elvin Basqallı istiliklə bağlı şikayətlərin əsas səbəbinə də toxunub. O qeyd edib ki, yaranan problemlərin təxminən 80%-i bina və mənzil daxilində olan sistemlərdən qaynaqlanır. Bizim məsuliyyət zonamıza qazanxanalar, magistral, məhəllədaxili xətlər və binanın zirzəmisinə qədər olan infrastruktur daxildir. Daxili sistemlərlə bağlı məsuliyyət bina balans saxlayıcısı və mənzil sahiblərinə məxsusdur. Lakin sosial məsuliyyət çərçivəsində hər zaman texniki dəstək göstərməyə hazırıq”.
ASC rəsmisi həmçinin enerji səmərəliliyi istiqamətində görülən işlərdən danışıb:
“Ötən il 5, bu il isə 7 köhnə qazanxana sökülərək müasir tələblərə uyğun yeni qazanxanalar tikilir. Bu yeni sistemlər enerji itkilərini azaldır və istilik keyfiyyətini xeyli artırır. Ölkə üzrə bütün qazanxanalar eyni təsdiqlənmiş qrafiklə çalışır və regionlar arasında istilik təminatında fərq yoxdur. Köhnə sistemli qazanxanalarda müəyyən fərqlər müşahidə oluna bilsə də, ümumi standart eynidir”.
Yeni abonentlərin qoşulması ilə bağlı məsələlərə də aydınlıq gətirən Elvin Basqallı bildirib ki, texniki imkan daxilində yeni binaların da sistemə inteqrasiyası mümkündür: “Yeni qazanxanaların tikintisi zamanı ətraf binalardan çoxsaylı müraciətlər daxil olur. Əgər istilik mənbəyi yaxınlıqda yerləşirsə, qoşulma prosesini operativ şəkildə həyata keçiririk”.

Günel Elxan