APA “ASAN radio” ilə anlaşma Memorandumu imzayanıb Hadisə

APA “ASAN radio” ilə anlaşma Memorandumu imzayanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN radio" Departamenti və "APA Holding" MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.
Memorandumu "ASAN radio" Departamentinin müdiri Emin Musəvi və "APA Holding"in Direktorlar Şurasının sədri, APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev imzalayıblar.
Memorandum "ASAN radio" və "APA Holding" arasında informasiya dəstəyi, eyni zamanda digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.
İmzalanma mərasimində sonra Nurşən Quliyev bildirib ki, media orqanları arasında əməkdaşlığın qurulması və genişləndirilməsi mühüm məsələdir: "Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, uğur və populyarlıq qazanmış "ASAN radio" ilə memorandum imzalamaq bizim üçün sevindirici haldır. Hesab edirəm ki, bu əməkdaşlıq təkcə iki tərəfə yox, eyni zamanda bütün Azərbaycan mediasına öz töhfəsini verəcək. Biz başqa media qurumları ilə də əməkdaşlığın qurulması və inkişaf etdirilməsi barədə düşünəcəyik. Fikrimcə, "ASAN radio" ilə "APA Holding" arasında əməkdaşlığa dair Memorandumun imzalanması digər media qurumları arasında da əməkdaşlığın qurulması baxımından yaxşı bir nümunə olacaq".
Emin Musəvi isə deyib ki, bu əməkdaşlıq çox faydalı olacaq: "ASAN radio" nəinki ən gənc radio, həm də ən gənc media orqanlarından biridir. Biz qısa müddət ərzində çalışdıq ki, keyfiyyətli məhsulu dinləyicilərimizə təqdim edək. FM deyildikdə biz həm də F - faydalı, M - məlumatlandırma nəzərdə tuturuq. "APA Holding" kimi çox ciddi, peşəkar, operativ və tam dəqiq tərzdə fəaliyyət göstərən bir qurumla əməkdaşlığa başlamaq bizim işimizi daha faydalı və daha maraqlı edəcək. Düşünürəm ki, bundan sonra işimiz bir qədər də asan olacaq, baxmayaraq ki, çox məsuliyyətlidir. Əsas odur ki, dinləyicilər, oxucular və tamaşaçılarımız APA-dan da, "ASAN radio"dan da razı qalsınlar".
Daha sonra Emin Musəvi "ASAN radio"nun fəaliyyəti barədə məlumat verib.