“İnvestisiyalar kənd rayonlarına yönəldilməlidir” Hadisə

“İnvestisiyalar kənd rayonlarına yönəldilməlidir”

Qüdrət Həsənquliyev: "Bakı, Sumqayıt və Gəncə şəhərləri çox yüklənib, insanlar iş axtarmaq üçün daha çox böyük şəhərlərə üz tuturlar"

Milli Məclisin dünənki iclasında "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda, həmçinin Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu layihələrini müzakirə ediblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri millət vəkili Qüdrət Həsənquliyev müzakirələr zamanı çıxışında bildirib ki, bunlar çox mütərəqqi dəyişiklərdir: "Mən bu dəyişiklikləri alqışlayıram və hesab edirəm ki, doğrudan da hökumətin bu addımı təqdir olunmalıdır. Bu gün Azərbaycanda uşaq evlərinə çox böyük ehtiyac var".
Millət vəkili həmçinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun layihəsinə dəyişikliklərin də əhəmiyyətini vurğulayıb: "Bu dəyişikliklər son dərəcə zəruridir və mən buna səs verəcəyəm. Hökumətin bu addımı sahibkarları stimullaşdıracaq ki, kənd təsərrüfatına diqqəti artırsınlar".
Millət vəkili diqqətə çatdırıb ki, Bakı şəhəri, eləcə də Sumqayıt və Gəncə şəhərləri çox yüklənib, kənd rayonlarından insanlar iş axtarmaq üçün daha çox böyük şəhərlərə üz tuturlar: "Hesab edirəm ki, biz bu barədə düşünməliyik. Mən əvvəllər də söyləmişəm ki, əhalinin böyük şəhərlərə üz tutması, alıcılıq qabiliyyətini artırır. DİH-in məlumatına görə, hər il ölkəyə 96 mindən artıq minik avtomobilləri gətirilir. Yəni alıcısı var ki, bu qədər gətirilir. Hamımız görürük ki, Bakı şəhərinin bir çox küçələrində nə qədər körpülər tikilir, yolayırıcıları salınır, amma yenə də tıxac problemi öz həllini tapmır. Hesab edirəm ki, sahibkarları, investorları meylləndirməliyik ki, onlar Azərbaycanın rayonlarına investisiya qoysunlar, müəssisələr Bakıda yox, rayonlarda yaradılsın. Bir daha təklif edirəm ki, bu barədə bizim komitələr müvafiq nazirliklərlə iş aparsın. Məsələn, sadaladığım kimi, Bakı, Sumqayıt, Gəncə, Şirvan kimi şəhərlər istisna olmaqla, kənd rayonlarına qoyulan invesitisiyalar, orada yaradılan istehsal və emal müəssisələri 3 il müddətinə vergidən azad olunsun və növbəti 7 il üçün də vergi güzəştləri tətbiq edilsin. Belə olacağı təqdirdə, mən əminəm ki, sahibkarlar hətta Bakıdan gedib rayonlara daha çox investisiya qoyacaqlar ki, orada vergi güzəştləri var. Düşünürəm ki, bu barədə də düşünmək lazımdır".

Cavanşir Həsənli