Yaponiyanın baş naziri Azərbaycan prezidentinə məktub göndərib Hadisə

Yaponiyanın baş naziri Azərbaycan prezidentinə məktub göndərib

Yaponiyanın baş naziri Şinzo Abe Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında çox sıx əlaqələr qurulub. Müstəqillik illərində diqqətəlayiq iqtisadi uğurlar qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sabit inkişaf edən ölkə və Yaponiyanın vacib tərəfdaşıdır.
Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər 1998-ci ildə prezident Heydər Əliyevin və 2006-cı ildə isə Zati-alinizin Yaponiyaya səfərləri nəticəsində daha sürətlə inkişaf edib. Son illər hökumətlərarası dialoqun, yüksək səviyyəli rəsmilərin səfərlərinin intensivləşməsi, parlamentlər, yerli özünüidarəetmə orqanları arasında və digər genişmiqyaslı mübadilələrin fəallaşması məni çox sevindirir.
Ölkələrimiz arasında təkcə energetika sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də yapon şirkətlərinin fəal iştirakı ilə əməkdaşlığımız da davamlı olaraq inkişaf edir. Bu ilin fevralında Bakıda Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 9-cu birgə iclası keçirilmiş və bildiyimə görə, Azərbaycanın önəm verdiyi iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sektorunda əməkdaşlığın davam etdirilməsi barədə danışıqlar aparılıb. Bundan başqa, cari ilin iyununda ölkələrimiz arasında investisiya razılaşmasının ilkin müzakirələrinin başlanması, iqtisadi sahədəki əməkdaşlıq Zati-alinizin Yaponiyaya səfəri zamanı elan olunmuş Birgə Bəyanata əsaslanaraq davamlı şəkildə inkişaf etməkdədir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da bir çox sahədə inkişaf edəcək böyük potensiala malikdir.
Diplomatik münasibətlərimizin qurulmasının 25-ci ildönümü münasibətilə yaranmış fürsətdən istifadə edərək, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da müxtəlif istiqamətlərdə daha da dərinləşib inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".