“26 Bakı Komissarı“ haqqında həqiqətlər və bilmədiklərimiz... Hadisə

“26 Bakı Komissarı“ haqqında həqiqətlər və bilmədiklərimiz...

2-ci yazı

Güclü fırtına gəmiləri Jiloy adasında dayanmağa məcbur edir. Artilleriyanı və digər hərbi sursatı, atları daşımaq üçün yararlı olmadığından gəmilərin fırtınaya görə dayanması səbəbindən sabahı gün səhər "Sentrokaspi Diktaturası"nın üç hərbi gəmisi ("Astrabad", "Ərdəhan" və "Göytəpə") onlara çataraq dərhal Bakıya qayıtmaları tələbini qoymuşdu. Rədd cavabı aldıqdan sonra bolşeviklərin olduğu gəmilər atəşə tutulmuşdu. Komissarlar gecənin qaranlığında "Leyla" barkasında adadan uzaqlaşmağa cəhd etsələr də, gözə çarparaq həbs olunmuşdular. Onlar Bayıl türməsinə salınmışdılar. Bakı limanında tərksilah edilmiş əsgərlərə isə Həştərxana getməyə icazə verilmişdi. Buradakı vəziyyətlə bağlı Rusiya mərkəzi sovet hakimiyyətini mütəmadi məlumatlandıran Həştərxan hökuməti avqustun 25-də göndərdiyi teleqramda bildirirdi: "Dünən tərk-silah olunmuşları gətirən iki paroxod gəlib, qalan paroxodların da gəlməsi gözlənilir; baltiklilərin bir hissəsi həbs olunub", - komissarların avqustun 14-də Bakını tərk etmək cəhdi barədə teleqramda ətraflı məlumat verilir və müvafiq tədbirlər görülməsi tələb olunurdu: "Şaumyan, Caparidze, Fioletov, Korqanov yoldaşları və başqalarını güclü süvari dəstəsinin müşayiəti ilə Bayıl həbsxanasına göndəriblər... Bizim həbs edilmiş yoldaşlarımıza fitnə yolu ilə divan tutula biləcəyini nəzərə alaraq və onların həyatının təhlükəsizliyini təmin etmək üçün eser, menşevik və daşnak partiyalarının görkəmli işçilərini həbs edib zamin saxlamaq lazımdır".
Stepan Şaumyanın oğlu Suren Şaumyanın "26-lar"ın qətli ilə bağlı məhkəmədə verdiyi şahid ifadəsində göstərilirdi ki, Petrov körpüsündə həbsdən sonra 30, yaxud daha çox adamı Şamaxı həbsxanasına göndərdilər. Onların sırasında Caparidze, Petrov və başqalarının olduğu bildirilirdi. Bakı uğrunda gedən döyüşlər şiddətləndiyindən "Şamaxinka" rayonundakı həbsxanada məhbusların saxlanması təhlükəli sayılmış, onları da Bayıl həbsxanasına köçürmüşdülər. Bayıldakı məhbus bolşeviklərin sayı Suren Şaumyanın ifadəsinə görə, 35 nəfər idi. Məhbus bolşevik rəhbərlərini həbsdən qurtarmaq işini, özünün yazdığına görə, Mikoyan yönəldirdi. Komissarlar həbsdən buraxılmazsa, "Sentrokaspi Diktaturası"nın üzvləri ölümlə təhdid edilirdi. Mikoyan məhbus bolşevikləri azad etmək missiyasına başçılıq edir, Petrovun və Şaumyanın Bakını tərk etmək cəhdlərini diktatura üzvləri qarşısında inkar edirdi. Diktatura tərəfindən xalq düşməni və xaini hesab edilən sabiq Bakı xalq komissarlarını mühakimə etmək qərara alınmışdı. Sentyabrın 11-də başlanan prosesi başa çatdırmaq mümkün olmadı. Bakı şəhəri Qafqaz İslam Ordusunun nəzarətinə keçdikdə məhbus bolşeviklər Bayıl həbsxanasında idilər. Bundan 3-4 gün əvvəl S.Şaumyanın oğlu Suren Şaumyan sağ eserlərin liderlərindən Sako Saakyanın zaminliyi ilə 16 yaşı tamam olmadığından zaminə buraxılmışdı. Surenin şahidlik ifadəsinə görə o, həbsdən çıxmazdan əvvəl atası Stepan Şaumyan yenidən daşnaklarla əməkdaşlıq etmək planını açıqlamışdı. Bu məqsədlə məktub yazıb, "Daşnaksütyun" partiyasının banilərindən olan Rostom Zoryana verməyi tapşırmışdı. Erməni milli şurasının faktiki rəhbəri olan R.Zoryan və digər daşnak Gülxandanyan S.Şaumyanın əməkdaşlıq təklifini cavablandırmamaqla rədd etmiş oldular.
Həm Surenin, həm də Mikoyanın bildirdiyinə görə, Surenin kiçik silahlı qrupla həbsxanaya həmlə etmək cəhdi uğursuzluqla nəticələnmişdi. Bakı eserlərinin liderlərindən olan A.Veluntsdan silahlı mühafizə altında komissarları təxliyyə etmək icazəsi alınsa da, həbsxanadan olan silahlı mühafizə yolda ikən dağılışmışdı. Bakı komissarlarını gözləməli olan "Sevan" gəmisi isə limanda yox idi. Həmin gəminin komandasına bolşevikləri Həştərxana çatdırmalı olduqları barədə xəbərdarlıq edilmişdi. Qaçqınların olduğu "Türkmən" gəmisində daşnak Tatevos Əmiryan öz silahlı dəstəsi ilə şəhəri tərk etməyə hazırlaşırdı. Sıralarında qardaşı Arsen Əmiryanın olduğu məhbuslara "Türkmən" gəmisinə yerləşməyi təklif etmiş və paroxod Həştərxana deyil, Krasnovodska yola düşmüşdü. "Türkmən" paroxodu sentyabrın 16-sı axşam saat 8-9-da Krasnovodska çatmışdı. Bu barədə Mikoyanın, Zaytsevin ifadələri ilə Suren Şaumyanınkı arasında fərq var. Suren Krasnovodska 17-nə keçən gecə çatdıqlarını deyir.
Paroxodda 2 ingilis zabiti də olmuşdu: mayor X.F.Sattor və unter-zabit A.P.Bullen. Sentyabrın 17-si səhər Zakaspi hökuməti adından gəmidəki bütün silahların təhvil verilməsi tələb olunmuşdu. Tərksilahdan sonra həbs prosesi başlanmışdı. Suren Şaumyanın ifadəsinə görə, axtarış zamanı həbs edilənlərin heç birində silah tapılmamışdı, yalnız Mikoyanda "Kolt" sistemli tapança aşkarlanmış və götürülmüşdü. Tatevos Əmiryanın yavəri Ruben Keqamyan gəmidəki bolşevikləri tanıtmaqla hamısını ələ vermişdi.
Həbs olunanları "Vyatka" paroxoduna oturtmuş və şəhərə aparmışdılar. "Vyatka" paroxodundakı bütün həbs olunanların sayı 35 nəfər olmuşdu. Həbsə alarkən 25 nəfər məhbusun adı yazılmış siyahı əsas götürülmüşdü. Suren Şaumyanın ifadəsinə görə, Bayıl həbsxanasında dustaqların başçısı olmuş Zevinin cibindən həbs edilənlərin siyahısı tapılmış və ona istinadən bu proses aparılmışdı. Güllələnmiş komissarların arvadlarının 1919-cu il martın 19-da "Znamya Truda" qəzetində dərc olunmuş xatırlamalarına görə, bolşevik məhbusların həbsxanada başçısı Korqanov olmuş və bəhs edilən siyahı Krasnovodskda onda tapılmışdı. Siyahıdakılardan əlavə Mikoyan, Kandelaki, Suren və Leon Şaumyanlar,Tatevos Əmiryan və 5 komissar arvadı da həbs edilmişdi. Yəni 25+10=35 nəfər. Bayıl həbsxanasında 25 nəfərdən başqa Mudrı, Mesxi, Samson Kandelaki, Klevtsov və Suren Şaumyan da tutulanlar sırasında idilər. Kandelaki qanlı ishal xəstəliyinə tutulduğundan həbsxana xəstəxanasına qoyulmuş, adı ərzaq alanlar siyahısından çıxarılmışdı. Suren Şaumyan zaminə buraxıldığından adı ərzaq siyahısından pozulmuşdu. Onun ifadəsinə görə Mesxi, Mudrı və Klevtsov başqa bir gəmidə Petrovska getmişdilər. Amma Mudrının ifadəsinə görə o da Krasnovodska gətirilmişdi. Bakıda təsadüfən həbsə alınmışların da "siyahı"ya düşməsi onların müqəddəratında məşum rol oynadı. Mikoyan və Kandelakinin adlarının siyahıda olmaması onların sağ qalmasının başlıca səbəbi hesab edilir. Suren Şaumyanın izahına görə Krasnovodsk hökuməti hesab edirdi ki, siyahıda adı olanlar Bakıda həbs olunublarsa, deməli, onları məhv etmək lazımdır. Surenin ehtimalları belə idi ki, əgər siyahı tapılmasaydı, ya həbs olunmuş 35 nəfərin hamısını, ya da ki, familiyaları eserlərə bəlli olan daha görkəmlilərini güllələyəcəkdilər.
1918-ci ilin sentyabrında Krasnovodska aparılan Bakı məhbuslarının bir qisminin güllələnməsi faktı o dövrdə də, indi də mübahisə mövzusu olmuşdu. Ehtimallara yol açan, sual doğuran bolşevik rəhbərlərinin bir qisminin, xüsusən Stepan Şaumyanın güllələnməsi, yoxsa Hindistana aparılması məsələsidir. Belə ehtimallara yol açan məqamlar yenidən gündəmə gəlib. Komissarların aqibəti haqqında vaxtında səhih məlumatın olmaması, bu insanlar barədə 1919-cu il də daxil olmaqla ziddiyyətli informasiyaların dolaşması fərqli mülahizələrə imkan yaradır. Komissarlarla bağlı məhkəmə proseslərindəki ifadələrdə "Hindistan variantı"nın səsləndirilməsi də birmənalı qarşılanmamalıdır. Bolşevik hakimiyyəti altında, ağır cəza təhdidi qarşısında komissarların Hindistana göndərilməsini söyləmək eserlər tərəfindən məqsədli davranış da ola bilərdi. Bolşevik məhbusları ələ verməkdə adı çəkilən daşnak Ruben Kegamyan da daxil olmaqla Aşqabadda eser və daşnaklar Şaumyan və Tatevos Əmiryanın orada həbsdə olduğunu, qalanlarının isə Məşhədə göndərildiyini söyləyirdilər. Bir neçə ay Aşqabadda, Qızıl-Arvatda yaşamış Artak ifadəsində bildirmişdi ki, bütün şəhərdə komissarların sağ olduğu haqqında xəbərlər dolaşırdı.
Dövlətov da eser Veluntsun ona komissarların sağ olduğunu, onların Hindistana aparıldığını bildirmişdi. Əslində komissarların Hindistana aparılması planı olmuşdu. Rusiyanın xalq xarici işlər komissarı G.Çiçerindən başlamış siyasi, ideoloji, elmi, bədii müstəvidə komissarların qətlində ittiham olunan İngiltərənin tədqiqatçıları da ardıcıl şəkildə bu ittihamı rədd edirdilər. Yəni "26-lar" mövzusunu gündəmdə saxlayan ideoloji mübarizə faktoru idisə də, həmin mübarizədə faktların, sənədlərin dövriyyəyə gətirilməsi bir çox həqiqətləri aşkara çıxarmağa kömək edirdi. Bu cəhətdən daha fəal müqavimətçi kimi Brayn Pirs A.Mikoyanın yanlışlıqlarını ortaya çıxarırdı: "Mikoyan öz xatirələrində dəqiq vaxt göstərmədən yazırdı ki, onun oğlu Hindistanın milli arxivlərində olmuş və 26-lar haqqındakı sənədlərə baxmaq istədiyini bildirmişdi. Lakin ona deyiblər ki, həmin sənədlər əldə deyil, baxmaq olmaz - bu sözlər çox pis səslənir!"
Brayn Pirs bu barədə Hindistan milli arxivlərinin rəhbərliyi ilə danışanda onun çox təəccübləndiyini yazır və Mikoyanın oğlunun Dehliyə nə vaxt və nə münasibətlə gəldiyi barədə heç yerdə qeyd olmadığını bildirir: "Mən həmin suallara cavab almaq üçün Mikoyanın özünə məktub yazdım, lakin heç bir cavab almadım". Mikoyanın 60 il özünün də təkrarladığı "həqiqətə" şübhə etməsi sual doğurur. Bir tərəfdən onun oğlunun Hindistan arxivlərində olması faktı inkar edilir, digər tərəfdən Mikoyan Hindistan arxivlərində nə axtarırdı, "26-lar" haqqında nəyi bilmək istəyirdi? Sağlığında Brayn Pirsin bu suallarını cavablandırmayan Mikoyan ifadələrində də açıq məqamlar qoymuşdu: Krasnovodska çatdıqdan sonra özü də daxil olmaqla həbs evindəki kamerada cəmi 16 nəfər olduqlarını yazırdı. Suren Şaumyan isə 35 nəfərdən 18 nəfərinin həbsxanaya aparıldığını, həbs evində isə Mikoyan da daxil olmaqla 17 nəfər olduğunu məhkəmə ifadəsində bildirmişdi. Əksər ifadə və xatırlamalarda həbs evində 17 nəfər göstərildiyi halda, Mikoyan qətiyyətlə 16 nəfəri qeyd etmişdi. Ümumiyyətlə, rəqəm göstəricilərində fərqlər mövcuddur. Belə ki, Krasnovodskdan Kunun Petrovska Biçeraxova göndərdiyi təcili məktubunda Bakıdan yola düşən paroxodda həbs edilmiş keçmiş komissarların cəmi 29 nəfər olduğunu yazmışdı. Brayn Pirs isə məqaləsində Zakaspi hökumət başçısı Kunun gəmidən məhz 28 bolşevikin düşürüldüyünü göstərir.
1927-ci il sentyabrın 20-də "Bakinski raboçi" qəzetində dərc olunmuş məqaləsində Suren Şaumyan həbs evində saxlananları konkret olaraq göstərib: "St.Şaumyan, A.Caparidze, Vanya Fioletov, Amirovların hər ikisi, Anastas Mikoyan, mən və qardaşım, Nikolaşvili, Pavel Zevin və içərimizdə olan beş qadının hamısı daxil idi". Üzərindən 9 il keçəndən sonra həbs evində olanların sayını 2 nəfər əskik göstərmişdi: yəni 15 nəfər. 1918-ci il sentyabrın 20-nə keçən gecə "Aşqabadda məhkəməyə vermək" adı ilə aparılanlardan sonra qalanların sayını Suren Şaumyan belə qeyd edir: "Bizi, qalan 9 nəfəri ertəsi gün, azad etmədilər". Həbsxanada saxlanılanlar haqqında Suren Şaumyanın "Aramızda heç bir əlaqə yox idi" yazmasından belə çıxır ki, həbs evindən aparılan 6 nəfər və həbsxanadakı 18 nəfərlə birlikdə 24 nəfər güllələnib.

Firdovsiyyə ƏHMƏDOVA
tarixçi