İspaniya Azərbaycanla Ermənistan arasında əldə olunmuş irəliləyişləri müsbət qarşılayır Siyasət

İspaniya Azərbaycanla Ermənistan arasında əldə olunmuş irəliləyişləri müsbət qarşılayır

İspaniya ötən il 8 avqustda Vaşinqtonda parfalanmış sülh sazişi ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş irəliləyişləri müsbət qarşılayır.

Bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

“Ümid edirik ki, müvafiq şərait formalaşdığı təqdirdə, bu proses bölgədə onilliklər boyu davam etmiş Qarabağ münaqişəsinə son qoyacaq Sülh Sazişi ilə yekunlaşacaq və əməkdaşlıqla rifahın yeni mərhələsini açacaq. Bu prosesə rəhbərlik etməli olan prinsiplər — beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü — hər iki parlament tərəfindən paylaşılır”, - Armenqol qeyd edib.

O vurğulayıb ki, İspaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsinə dair ortaq iradə açıq şəkildə ifadə olunub: “Biz turizm və təhsil sahələrində imzalanmış mövcud anlaşma memorandumları kimi razılaşmaların genişləndirilməsinin vacibliyini müzakirə etdik. Bu sənədlər Azərbaycan təhsil sistemində ispan dilinin və mədəniyyətinin daha geniş şəkildə təmsil olunmasına töhfə verir və gələcək üçün olduqca maraqlı imkanlar yarada bilər”.

İspaniya Deputatlar Konqresinin sədri onu da qeyd edib ki, ölkəsi Bakıda institusional mövcudluğunu daha da inkişaf etdirməyi hədəfləyir və hər iki ölkə bu məqsəd üçün uyğun şəraitin yaradılması istiqamətində birgə çalışır: “Bu ikitərəfli münasibətlər son dövrlərdə ölkələrimiz arasında yaradılmış Strateji İqtisadi Dialoqun işə salınması ilə daha da güclənmiş əhəmiyyətli iqtisadi və ticarət potensialına malikdir”.