12:43
826
ABŞ indiyədək prezident Donald Trampın sülh planı çərçivəsində radikal fələstin hərəkatı HƏMAS-ın tərksilahına yönəlmiş konkret mexanizm təqdim etməyib ki, bu da planın həyata keçirilməsini risk altına qoyur.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri ABŞ-ın İsraildəki keçmiş səfiri (2011–2017) Den Şapiro Al Monitor nəşrinə müsahibəsində bildirib.
“İndiyədək HƏMAS-ın real şəkildə tərksilah olunmasını təmin edəcək bir mexanizm görmürəm. Trampın kürəkəni və ABŞ-ın Yaxın Şərq üzrə danışıqlarçısı Cared Kuşnerin dedikləri əsasən HƏMAS-a inanmağa əsaslanır ki, guya onlar tam şəkildə silahı yerə qoymağa və hakimiyyətdən imtina etməyə hazırdırlar”, – deyə Şapiro qeyd edib.
Onun fikrincə, Vaşinqton HƏMAS-a etibar edə bilməz və Qəzza üzrə sülh planının həyata keçirilməsi üçün tərksilahı təmin edəcək aydın və mərhələli plan hazırlanmalıdır. Əks halda, nizamlanma layihəsi mənasını itirir, – deyə keçmiş səfir vurğulayıb.
Məryəm Quliyeva