14:18
763
Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Müşfiq Cəfərov Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan olunmasını təklif edib. Deputat bu istiqamətdə atılacaq addımların gənclər və yeniyetmələr arasında zorakılıq, ölüm hallarının qarşısının alınmasında mühüm rol oynayacağını deyib.
Məsələ ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova xalqcebhesi.az-a açıqlamasında söyləyib ki, yeniyetməlik dövrü elə bir dövrdür ki, burada onları daha çox hormonlar idarə edir: “Çünki 12 yaşından yuxarı yeniyetmələr özlərini sübut etməyə, qəhrəmanlıq göstərməyə çalışırlar. Onlar bu vaxtda özlərini sübut etmək, güclü görünmək üçün müəyyən silahlardan iti alətlərdən, məsələn, cib bıçağından istifadə edirlər. Bu, tamamilə qadağan olunmalıdır. Hətta istifadəsinə cərimə də qoyula bilər ki, ölüm hadisələrinin, cinayət işlərinin qarşısı alınsın. Çünki özünü sübut etmək istəyən yeniyetmə hər bir halda qəhrəmanlıq göstərməyə meyilli olacaq”.
A.İsmayılovanın sözlərinə görə, bir də sosial şəbəkələrdə daha çox yayılan cinayət işləri yeniyetmələrin fakt olaraq üzə çıxmağı, cinayət yaşının neçə olması belə cinayətə meyilli olan yeniyetmələrin sanki üstünə daha da benzin tökür, qızışdırır: “Ona görə də cibdə bıçaq gəzdirmək qadağan olunarsa, bu cinayətlərin qarşısı alınmış ola bilər. Valideynlər mütləq şəkildə yeniyetmələrin həyatına, oturub-durduğu insanlara, yəni cəmiyyətinə nəzarət etməlidirlər ki, cinayət olmasın. Ümumiyyətlə, əgər hər hansı bir yeniyetmədə davranış pozuntusu göründüsə, yəni zərər verilən vərdişlər, fiziki şiddət varsa mütləq şəkildə psixoloji yardım almalıdır ki, gələcəkdə cinayətdən kənarda qala bilsin”.
Röya İsrafilova