Avtomobillərdən oğurluq edənlər tutulub Hadisə

Avtomobillərdən oğurluq edənlər tutulub

Daxili işlər orqanları cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşlara məxsus şəxsi nəqliyyat vasitələrindən pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirib. Belə ki, paytaxt sakinlərindən biri Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng Mərkəzinə müraciət edərək Binəqədi rayonu ərazisində ona məxsus "Fiat" markalı avtomobildən naməlum şəraitdə mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məstanov saxlanılıb. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində onun sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha üç nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladığı məlum olub. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları paytaxtın müxtəlif ərazilərində satdığı məlum olub. E.Məstanovun yaşadığı mənzilə baxış zamanı 0,231 qram heroin də aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluqlar edən daha bir nəfər saxlanılıb. Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində üç avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Əşrəfov tutulub. Faktlarla bağlı Binəqədi və Xətai Rayon Polis idarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102" Zəng Mərkəzinə və ya Binəqədi, eləcə də Xətai RPİ-yə müraciət edə bilərlər.