“Kadrların yetişməsində xaricdə təhsil də böyük rol oynayır” Hadisə

“Kadrların yetişməsində xaricdə təhsil də böyük rol oynayır”

"Elm haqqında" Qanunun qəbul edilməsi ilə milli qanunvericiliyimizə "tədqiqat universiteti" termini daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək".
Bunu təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetində çıxış edərkən deyib.
O, bildirib ki, tədqiqat universitetlərinin fundamental və tətbiqi elmi tədqiqatlar aparmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin kadr və elmi-informasiya təminatını həyata keçirmələri nəzərdə tutulub.
"Bildiyiniz kimi, 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkəti arasında bağlanmış müqavilə əsasında ölkəmizin 40 ali təhsil müəssisəsi "Thomson Reuters Web of Science" elmi platformasına çıxış əldə etmişdir. Bu imkan alimlərimizə dünyanın ən reytinqli elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxış əldə etməklə yanaşı, öz tədqiqat nəticələrinin dünya akademik ictimaiyyətinə çatdırılmasında bələdçi rolunu oynayır. Təbii ki, əsas məqsəd alim və tədqiqatçılarımızın nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, onların tədqiqatçı statusunun gücləndirilməsi və Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsindən ibarətdir. İlkin nəticə olaraq, Azərbaycan ali təhsil müəssisələrinin 2016-cı ildə impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin sayı 2015-ci illə müqayisədə 50% artaraq 384-ə çatmışdır. Fürsətdə istifadə edərək, doktorantlarımızı və gənc tədqiqatçılarımızı bu bazanın geniş imkanlarından daha aktiv faydalanmağa dəvət edirəm.
Bu bir həqiqətdir ki, elmi kadrların yetişdirilməsi işində xaricdə təhsil də böyük rol oynayır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ümumilikdə 3558 təqaüd ayrılmışdır. Xüsusi qeyd etmək lazımdır ki, bu təqaüdlərin 63%-i məhz magistratura və doktorantura səviyyələrində təhsil alan gənclərimizə verilmişdir. Onlardan 1534 nəfəri magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanmışdır. Bu o deməkdir ki, həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhfələr verəcəklər".