Ermənistan Haaqa Məhkəməsinə verilir Hadisə

Ermənistan Haaqa Məhkəməsinə verilir

Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın və məcburi köçkünlərlə bağlı müraciət olunub

Niderlandda Demokratiya və İnsan Haqları Fondu adlı beynəlxalq təşkilat yaradılıb və ilk olaraq Dağlıq Qarabağdan olan məcburi köçkün və qaçqınların hüquqlarının kobud pozulması ilə bağlı Haaqa Məhkəməsinə müraciət edilib. APA-nın məlumatına görə, bunu Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsəvər Məmmədov deyib. O bildirib ki, yeni yaranan beynəlxalq təşkilat Avropadakı Azərbaycan cəmiyyətlərinə sıx bağlı olan yerli cəmiyyətlər tərəfindən yaradıldığı üçün Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələ başlıca prinsipə çevrilib: "Təşkilata rəsmən niderlandlılar rəhbərlik etsə də, Avropanın digər ölkələrində nümayəndəlikləri açılır, o cümlədən Bakıda da ofisin açılması planlaşdırılıb. Fond Niderland parlamentinə, Haaqa Məhkəməsinə Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının hələ də davam etməsi ilə bağlı müraciət edərək vəsatət qaldırıb. Bunun davamı olaraq Avropa Parlamentinə və BMT-yə də faktla bağlı tələb göndərməyi planlaşdırır".
Qeyd edək ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "APA Holding" "Sərhəddən kənardakı azərbaycanlılar..." adlı layihə çərçivəsində Avropadakı diaspor təşkilatları ilə görüşlər və müzakirələr keçirir.