Professor Mirəli Seyidovun yubileyinə həsr olunan tədbir Hadisə

Professor Mirəli Seyidovun yubileyinə həsr olunan tədbir

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov M.Seyidovu böyük vətəndaş kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüb. Akademik bildirib ki, M.Seyidovun ədəbi əlaqələr, mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır.
MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova alimin yaxın silahdaşı olmuş akademik Bəkir Nəbiyevin arxivində Xalq yazıçısı Mirzə İbrahimovun imzası olan sənəd barədə məlumat verib. Bildirib ki, sənəd və sənədlə bağlı xatirə M.Seyidovun "Qabusnamə"nin Azərbaycan və erməni dillərinə tərcümələrinə yüksək peşəkarlıqla verdiyi ekspert qiymətləndirməsinə, bununla da, növbəti erməni saxtakarlığının qarşısının alınmasına aiddir. Alimin zəngin elmi irsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan L.İmanova M.Seyidovun MEK-də mühafizə olunan kitabların elektron kataloqa və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini və əsərlərinin əsasən kiril qrafikası ilə çap olunduğunu söyləyib. L.İmanova bu səbəbdən də alimin əsərlərinin latın qrafikası ilə yenidən nəşri üçün mütəxəssislərin cəlb edilməsinin zəruriliyini vurğulayıb.
Sonra AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun "Mənim Mirəli Seyidovum" mövzusunda məruzəsi dinlənilib.
Çıxış edənlər M.Seyidovun Azərbaycan ədəbiyyatına, tarixinə qazandırdığı uğurlardan söz açıb, yaradıcılığı və ictimai fəaliyyəti ilə milli ruhumuza yeni oyanış dalğası gətirdiyini qeyd ediblər. Sonda alimin oğlu Elçin Seyidov ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Tədbirdə MEK-in hazırladığı "Mirəli Seyidov–100" filmi nümayiş olunub.