Qida Təhlükəsizliyi Agentliyi sədrindən önəmli mesajlar Hadisə

Qida Təhlükəsizliyi Agentliyi sədrindən önəmli mesajlar

"İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyulun 1-dən etibarən Agentlik baytarlıq sahəsində heyvanların vaksinasiya işlərini, fitosanitar sahədə isə bitkilərin dərmanlaması işlərini həyata keçirəcək.
"Qida məhsullarının dövlət qeydiyyatının reyestrinin aparılması ASAN xidmətin müvafiq şöbələrində icra olunacaq"-deyən sədrin sözlərinə görə, Azərbaycanda bu günə qədər qida təhlükəsizliyinin qeydiyyatı ilə bağlı bu proses həyata keçirilməyib: "Sahibkarlar bu günə qədər gigiyenik sertifikatlar əldə edərək işlərini görürdülər. Lakin artıq həmin gigiyenik sertifikatlar ləğv edilib. Bu beynəlxalq standartların tələblərinə uyğun qaydadır".
O qeyd edib ki, sahibkarlar ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar: "Bu beynəlxalq konvensiyalara uyğun şəkildə icra olunacaq. Dövlət rüsumları da artıq öz təsdiqini tapıb".
"Azərbaycanda müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq"-deyə bildirən Qoşqar Təhməzli qeyd edib ki, bu məhsullar risk qrupuna görə dəyərləndiriləcək: "Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək. Bütün məhsul laborator ekspertizaya cəlb edilməli deyil".
"İyul ayının birində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətlərindən biri də qida ticarəti sahələrinə nəzarətin həyata keçirilməsi olacaq"-deyən AQTA sədri əlavə edib ki, agentlik məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərində qidalanma rasionlarına nəzarəti həyata keçirəcək: "Uşaqların qida təhlükəsizliyi çox önəmlidir. Yaxın zamanlarda Təhsil Nazirliyinə bununla bağlı bildirişlər təqdim ediləcək. Daha sonradan həmin müəssislər üzərində nəzarəti həyata keçirəcək".