“Azərbaycan bütün yarışlara böyük coşqu ilə qatılır” Hadisə

“Azərbaycan bütün yarışlara böyük coşqu ilə qatılır”

"Əslində Azərbaycan miqyasına görə daha geniş, dünyada şöhrəti baxımından daha ciddi idman və musiqi yarışmalarına ev sahibliyi edib". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, I Bakı Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi böyük proqramları gerçəkləşdirmək hər ölkəyə nəsib olmur: "Belə inkişaf Azərbaycanda dövlət qayğısı nəticəsində idmanın yüksək səviyyədə inkişaf etməsi ilə bağlıdır. Amma Azərbaycan belə şöhrətinə baxmayaraq, irili-xırdalı olmasının fərqinə varmadan Türkdilli ölkələrdə, həmçinin, İslam ölkələrində keçirilən idman və musiqi proqramlarına da böyük coşqu ilə qatılır, onlara dəstək verir. Çünki bu oyunlar idman proqramları olmaqla yanaşı, həm də xalqlarımızın milli-mədəni birliyini əks etdirir, əlaqələrin inkişafına təkan verir, mənəvi bütövləşməyə xidmət edir. Təsadüfi deyil ki, bu idman oyunları ilə paralel olaraq Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti də keçirilir və həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də şəxsən iştirak edir. Azərbaycan Prezidentinin bu tədbirlərdə iştirakı, Azərbaycan idman komandalarının da idman proqramına qatılması ölkəmizin türkdilli xalqların inteqrasiyasına, mənəvi bütövləşməsinə verilən dəstəkdir".
Qeyd edək ki, Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub. Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov iştirak ediblər.