Qiymətləndirmə vasitələrinin işlənməsinə dair hazırlıq kurslarına qeydiyyat aparılır Hadisə

Qiymətləndirmə vasitələrinin işlənməsinə dair hazırlıq kurslarına qeydiyyat aparılır

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir. Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 17-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.
DİM-dən bildiriblər ki, hər fənn üzrə kursun müddəti iki aydır. Kurslar Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (bir qrupda 10 nəfər) elan ediləcək.
Qeydiyyat oktyabrın 12-si saat 23.59-dək aparılır. Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) faydalanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra "hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat"dan keçmək lazımdır. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron "Məlumat bazası"na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.