Dilənçi uşaqlar Hadisə

Dilənçi uşaqlar

Elnur Rüstəmov: "Zaman keçdikdən sonra döyülmə, söyülmə bu uşaqlar üçün adiləşir"
Kəmalə Ağazadə: "Küçə uşaqları tez bir vaxt ərzində narkomana çevrilir, erkən cinsi həyata başlayır, cinayət törədirlər"

Yəqin ki, kiçik bir uşağın əlindən tutub avtobusda, metroda dilənən böyüklərlə hamı rastlaşıb. Uşaqların bəzisini küçədə, ictimai nəqliyyatda tək də diləndiyini görmək olar. Belə uşaqlara verilən pul onların ehtiyacına sərf olunmur. Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkə ərazisində 10 minə yaxın küçə uşağı var. Bunların böyük bir qismi ailələrini tərk etmiş, internatdan qaçmış və ya hansısa ailəyə övladlığa verilmiş uşaqlardır. Küçə uşaqları müxtəlif məhsulların və yüklərin daşınması, çatdırılması, ticarət binalarının təmizlənməsi, maşınların yuyulması, nəqliyyat vasitələrində pul yığılması və s. işlərdə çalışdırılır və bəzən də oğurluğa və dilənçiliyə cəlb edilirlər. Mütəxəssilər bildirir ki, bu gün küçələrdə sahibsiz kimi görünən və dilənən uşaqların arxası var. Mütəxəssislər iddia edir ki, bu cür uşaqların bəziləri dilənçi şəbəkələrinə aiddir. Dilənçi şəbəkəsi bu gün ən çox gəlir gətirən bir sahədir. Mütəxəssislərin təxmini hesablamasna görə, bir ay ərzində Bakıdakı dilənçi şəbəkəsinin qazancı 200 min manatın üzərindədir.
Psixoloq Elnur Rüstəmov bildirir ki, dilənçi uşaqların gələcəkdə böyük psixoloji travma yaşayacaqları ehtimalı böyük olduğundan normal cəmiyyətə adaptasiya olunmaları üçün reabilitasiyadan keçməlidirlər: "Bu uşaqlarda sonradan böyük psixoloji problemlər yaranır ki, bu da onların gələcəklərini təhlükə altına atmış olur. Dövlətin bu problemlə məşğul olan qurumları var. Onlar da bu istiqamətdə lazımi işlər aparmalıdır. Dilənçi uşaqların hansı ailədən çıxması, nəyə görə bu yola düşməsi araşdırılaraq reabilitasiyadan keçirilməsi vacibdir. Yaxşı olardı ki, bu uşaqlarda əməyə maraq oyadılsın. Əks halda bu sonradan çox böyük psixoloji problemlər yarada bilər. Elə uşaqlar var ki, heç valideynləri dilənmir, normal ailədirlər. Amma uşaq ələ baxır. Elə istəyir ki, kimsə ona gətirib nəsə versin".
Psixoloji travma alan uşaqlarda özgüvənin zəif olduğunu vurğulayan ekspert bu çatışmazlıqların yeniyetməlik yaşlarından etibarən aşkarlandığını söyləyir: "Psixoloji travma yaşayan uşaqlarda özlərinə inam hissi zəif olur, ətrafdakılarla ünsiyyətə girməkdə çətinlik çəkirlər. Uşaq ikən onlar bunun fərqində olmurlar. Artıq yeniyetməlik yaşlarına qədəm qoyduqda bu kompleksləri özünü göstərməyə başlayır".
Elnur Rüstəmovun dediyinə görə, psixoloji travma yaşadıqları üçün cəmiyyətdən incik olan azyaşlıların zaman keçdikcə daha pis yola düşmə ehtimalları yüksəkdir: "Onlar bəlli müddət keçdikdən sonra cəmiyyətdən, ətraf aləmlərindən incik düşürlər. Lazımi zaman keçdikdən sonra döyülmə, söyülmə bu uşaqlara ləzzət edir. Döyülmədikdə, söyülmədikdə özlərini birtəhər hiss edirlər. Söhbət şəxsiyyətin parçalanmasından gedir. Onlar beləcə şəxsiyyət kimi formalaşa bilmirlər. Zaman keçdikcə daha pis yollara əl atır, insanlara qarşı aqressiv olurlar. Onlar arasında cinayətə meyilli olanlar da az deyil. Belə azyaşlılar istədiklərini əldə edə bilmədikdə cinayətə əl atırlar. Reabilitasiya prosesini keçərlərsə, əməyə maraq yaranarsa, yenidən cəmiyyətə adaptasiya olunaraq faydalı təsir bağışlaya bilərlər. Əks halda nəinki özləri, həm də cəmiyyət üçün təhlükə mənbəyi olurlar. Onların bir qismi çox aqressiv, digər qismi isə kövrək və həssas olur. Bu cür davranışlar həmin o psixoloji zərbənin nəticəsidir".
Uşaq Hüquqları üzrə QHT Alyansının sədri Nazir Quliyev dilənçi uşaqları iki qrupa ayırır: "Bu gün fikir vermədiyimiz bir sıra məqamlar sabah bizim üçün böyük təhlükə mənbəyi ola bilər. Artıq bu uşaqların sayı artmaqdadır. Onları iki qrupa bölmək olar: qaraçıların övladı olanlar və digər qisim. Təəssüflər olsun ki, son zamanlar dilənçilərin də sayı artıb. Öncələr belə uşaqları şəhərin bir neçə yerində görmək mümkün idisə indi onları artıq hər addımbaşında görə bilirik".
Hazırda bir sıra QHT-lər tərəfindən bu istiqamətdə zəruri işlərin görüldüyünü vurğulayan Nazir Quliyev regionlarda da bu işlərin genişlənməsinə ehtiyac olduğunu bildirir: "Hazırda bir sıra QHT-lər uşaq evlərini tərk edənlərlə yanaşı azyaşlıların da bu yola düşməsinin qarşısını almaq məqsədi ilə onlara sosial xidmətlərin göstərilməsi işini həyata keçirir. Hüquq dünyası təşkilatı da penitensiar müəssisələrdən azad olan uşaqlarla bağlı proqramı icra edir. Regionlarda bu işlərin genişlənməsinə ehtiyac var. Bu istiqamətdə valideynlərin məsuliyyətinin müəyyən olunması vacibdir. Uşaqlar üzərində nəzarətin, valideyn məsuliyyətinin zəifliyi və bəzi orqanlarda xidmətin aşağı olması bu cür problemlərin yaranmasına səbəb olur. Valideyn məsuliyyətsizliyi, nəzarətsizliyi, təhsil müəssisələri ilə əlaqələrin zəif olması arzuolunmaz hadisələrin ortaya çıxması ilə sonuclanır".
Kimsəsiz Uşaqların Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə bildirir ki, Bakıdakı kimsəsizlərin 60 faizə yaxınını qaraçı uşaqları təşkil edir. Bu uşaqlar paytaxta respublikanın müxtəlif bölgələrindən gəlirlər: "Belə uşaqlarla qeyri-hökumət təşkilatları və polis əməkdaşları işləyirlər. Lakin yenə də bu sahədə xeyli problem var. Kimsəsiz uşaqların bəzilərinin valideynləri həbsdədir, bəzilərinin valideynlərinin himayəsində bir neçə yetkinlik yaşına çatmamış uşaq var. Belə ailələr üçün həmin uşaqları maddi cəhətdən təmin etmək çətindir. Bəzi valideynlər isə yeni ailə quraraq uşaqlarından imtina edirlər. Uşağın evi yoxdursa, o, mütləq küçələrə düşəcək. Küçə uşaqları tez bir vaxt ərzində toksikomana, narkomana çevrilir, erkən cinsi həyata başlayır, cinayət törədirlər.
Bir həqiqəti unutmayaq ki, uşaqlar küçədə nə qədər çox olarlarsa, onları normal həyata qaytarmaq da bir o qədər çətin olur. Belə uşaqlar azad həyat tərzinə öyrəşir, pis vərdişlər qazanır, zəhərli maddələrdən asılı olurlar. Bu uşaqları normal həyat axarına qaytarmaq üçün illər tələb olunur. Küçədə cəmi bir gün keçirmiş uşağın reabilitasiyası üçün bir ay tələb olunur. Küçədə keçirilən vaxt bir ay olarsa, reabilitasiya müddəti bir il çəkir". Kəmalə xanımın bildirdiyinə görə, bu gün kimsəsiz və sosial mövqeyi zəif olan uşaqların ən çox cəlb olunduğu sahə kiçik ticarət və dilənçilikdir: "Bunun kökündə ilk növbədə maarifləndirmə və məlumatlandırma durur. Mütəmadi olaraq təhsil müəssisələrində insan alveri haqqında seminarlar keçirilməli, uşaqlara bu haqda məlumat verilməlidir. Bu, qismən də olsa, problemin qarşısının alınmasına xidmət edəcək. Ən böyük kampaniya valideynlər arasında aparılmalıdır. Çünki uşaqları əməyə cəlb edən ilk növbədə onlardır. Azərbaycan qanunvericiliyində dilənçiliyə sövqetmə inzibati xəta kimi qeyd olunur, bu şəraiti yaradanlar cinayət məsuliyyəti daşıyırlar. Uşaqlar dərk etməlidirlər ki, onlar səhər durub məktəbə getməlidirlər, işləməyə yox. Valideyn elə zənn edir ki, uşaqlar onun əşyasıdır, istədikləri kimi rəftar edə bilərlər. Valideyn öz məsuliyyətini dərk etməlidir. Uşaq valideyninə qarşı ifadə vermədiyindən burada məcburi əməyə cəlbetmə, istismar faktını ortaya çıxarmaq çox çətin olur. Deyərdim ki, ilk növbədə inzibati xətadan bu müddəa çıxarılmalı, insan alverinin qurbanları kimi qeyd edilməlidir. Maddi vəziyyəti ağır olan ailələrə diqqət ayırılmalı və onlara ehtiyaclarını ödəyəcək miqdarda sosial müavinətlər verilməlidir. Uşaqlar üçün sosial qayğı modellərinin işlənib hazırlanması, mərkəz daxil olmaqla, regionlarda da tətbiqi daha effektli olar.
Lakin övladını kiçik ikən pul qazanmağa vadar edən valideynlər özlərini heç də günahkar saymırlar və bunu imkansızlıqdan etdiklərini bildirirlər. Belə valideynlərdən biri 12 yaşlı qızını dilənməyə məcbur edən Hailə Məmmədovadır: "Mənim 4 övladım var, nəvəm də var. Onlar evdə ac-susuzdurlar. İki oğlum xəstədir. Birinin 24 yaşı var, birinin də 22 yaşı. Oğlanlarımın biri vərəm xəstəsidir. Kiçik oğlum da narkomandır. Bu üzdən işləmirlər. Bir oğlum da rəhmətə gedib. Nəvəmə də mən baxıram. Evimiz yoxdur. Küçələrdə, orada-burada qalırıq. Yoldaşım da rəhmətə gedib. Kiçik qızım dilənir, gündə 2-3 manat qazanır. Onun 12 yaşı var. İstəyirdi oxusun, amma alınmadı. Məcburam ki, uşağı dilənməyə göndərim, gündəlik çörək almağa pulumuz olsun. Özüm də xəstəyəm, işləmirəm. Oğlumun sənədi olmadığına görə, onu heç xəstəxanaya da götürmürlər. Narkomanlığa düçar olan oğlum isə aylarla evdə tapılmır".
Daxili İşlər Hazirliyinin məlumatına görə, təkcə 2012-ci ilin 9 ayında uşaqların iştirakı ilə 288 cinayət hadisəsi qeydə alınıb, bu cinayətlərdə iştirak edən 266 uşaq cinayət məsuliyyətinə cəlb olunub. Onların da əksəriyyətinə alternativ cəzalar verilib. Uşaqların iştirakı ilə törədilən cinayətlər əsasən oğurluq, soyğunçuluq, döymə, xuliqanlıq, sağlamlığa zərər vurma olub. Cinayət törədən uşaqların böyük qismi 16-17 yaş qrupundan olanlardır. Onların arasında məktəblilərin sayının azaldığını deyən şöbə rəisi bildirib ki, bu kimi uşaqların çoxu oxumayan və işsiz uşaqlardır.
Törədilən 10 cinayət faktı qızların iştirakı ilə baş verib. Qızlar tərəfindən törədilən cinayətlər döymə, xuliqanlıq, sağlamlığa zərər vurma və oğurluq olub. Daxili işlər orqanlarında qeydə alınan faktların böyük qismi uşaqların təkrar dilənçiliyə cəlb olunması ilə bağlıdır.

Ülviyyə Tahirqızı