İtirilmiş ziyalılar Hadisə

İtirilmiş ziyalılar

Arzu Şirinova

24 ildir yazıblar və yazmışıq ki, ermənilər Ermənistanı tərk edirlər. Yazdıqlarımız gerçəkdirsə, gərək bu minvalla Ermənistanda əhali qalmayaydı. Ancaq rəsmi məlumatlara görə, Ermənistanda əhalinin sayı hələ də 3 milyondur. Dünya üzrə ermənilərin sayı isə, Ermənistan da daxil, 11 milyondur. Azərbaycanda əhalinin sayı rəsmi rəqəmlərlə 9 milyondur. Dünyanın 70-dən çox ölkəsində saymız 50 milyonu keçib. Fərqin bu qədər çox olmasına baxmayaraq ermənilər 20 faiz torpaqlarımızı zəbt eləyib və hələ də bu torpaqlar erməni işğalı altındadır. Qaçqın və məcburi köçkünlərimizin sayı da 1 milyondur. İctimai Televiziyanın xəbərlər proqramının başlığında deyildiyi kimi, "bu ədalətsizliyə dünya birliyi hələ də dözür"...
Mənasızlığa bir baxın, biz yox, dünya birliyini bu ədalətsizliyə dözdüyü üçün qınayırıq. Özü də gündə bir yox, bir neçə dəfə qınayırıq ki, bəlkə eşidib Dağlıq Qarabağ problemində ədalətsizliyi bərqərar edələr...
...İnternet şəbəkələrində Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərinin yeni görüntüləri yayılıb. Ermənilərin kvadrokopterlər vasitəsilə çəkdiyi videoda ilk olaraq Xankəndi şəhərinin girişindəki "Nənə-Baba" abidəsi, daha sonra isə sovet dövründə ucaldılan Böyük Vətən Müharibəsi qurbanlarının xatirə kompleksi gözə dəyir. Videonun növbəti dəqiqələrində isə Bakıda kütləvi qırğınlar törədən Stepan Şaumyanın heykəli və Şuşa şəhərində 1868-1887-ci illərdə inşa olunmuş "Müqəddəs Məsih" erməni kilsəsinin görüntüləri var.
Həmin görüntüləri izlədikcə oğlumun bir neçə gün əvvəl dediklərini xatırladım-itirilmiş ziyalılar. Bəli, mən də daxil itirilmiş ziyalılarıq. 1988-ci ildə Dağlıq Qarabağ problemi başlayanda və biz meydanlara axışanda evdə kiminsə ümüdinə qoyduğumuz körpələrimizin aqibətini fikirləşmirdik. Fikirləşmirdik ki, gedərik birdən bizi həbs edərlər-o zaman sovet imperiyasının çöküşünün təməli yenicə qoyulsa da, imperiya ordusu ölkələrdə əllərini qana boyamaqdan sanki həzz alırdı, nəinki azad düşüncəsi olan insanları həbsə atmaq sistem üçün adi bir hal idi-övladlarımız başsız qalar. Fikirləşirdik ki, torpaqlarımıza göz dikən ermənilərə layiqincə cavab verməliyik, torpaqlarımızı qanımızla, canımızla qorumalıyıq, nəhayət, müstəqil və azad olmalıyıq ki, övladlarımız bizim tək imperiya düşüncəsilə yaşamasınlar. Azad ölkənin azad vətəndaşı kimi yaşasınlar. Bizlər həm də "qonşum getmir, mən də getmirəm" düşüncəsindən uzaq idik. Amalımız tarixin bizə verdiyi şansdan bəhrələnmək və bu yolun sonu ölüm də olsa belə vaz keçməmək idi...
Müstəqilliyimizi qazandıq. Bu yolda yetərincə itkilərimiz oldu. Və bir də ən böyük itkimizi verdik-torpaq itkisini deyirəm. 24 ildir bu itkiyə özümüz dözüb, dünya birliyini qınayırıq...
24 il bundan əvvəl canından keçməyə hazır olan, övladının belə aqibətini fikirləşməyən bizlər dəyişdik. Bu gün fikirləşirik ki, nə olur-olsun övladıma bir şey olmasın. Yəni "məndən keçsin, qardaşıma dəysin" prinsipini əsas götürmüşük.
Halbuki, bu gün dünənkindən artıq fikirlərimizdə inqilab etməliyik. Çünki 20 faiz torpaqlarımız erməni tapdağı altındadır. Və biz hər gün erməninin işğal altındakı torpaqlarımızla bağlı bizi aşağılayan məlumatlarını oxumaq, internetdə yayımladıqları vidiolarını izləmək zorundayıq. Nə qədər ki, itirilmiş ziyalılar kimi həyatımıza davam edəcəyik, torpaqlarımız erməni tapdağı altında qalacaq. Və nəvələrimiz, nəticələrimiz bizim dünənimizdən-müstəqillik uğrunda ayağa qalxıblar, heç nəyi gözə almayaraq vuruşublar və bu dövləti azadlığına qovuşdurublar-danışmayacaqlar. Onlar bu günüzümüzdən-torpaqları azad etmək üçün ziyalı ola bilmədilər-danışıb bizləri itirilən ziyalılar deyib, yad edəcəklər. Mən bunu istəmirəm.