“Moskva-İrəvan münasibətləri kəskinləşir” Gündəm

“Moskva-İrəvan münasibətləri kəskinləşir”

“2018-ci ildən sonra Ermənistan-Rusiya münasibətləri mərhələli şəkildə ziddiyyətlərin artdığı bir fazaya keçib və hazırda bu münasibətlər pik nöqtəsinə çatıb”.

Bu fikirləri deputat Hikmət Babaoğlu xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Rusiya Ermənistanda daxili və xarici siyasəti yenidən formalaşdıra biləcək siyasi komandanın hakimiyyətə gətirilməsində maraqlı görünür: “Bu, Rusiyanın özünün müəyyən etdiyi model variantıdır. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan üzərində təsir uğrunda mübarizə aparan təkcə Rusiya deyil”.

Deputat vurğulayıb ki, bu prosesdə başda Avropa Birliyi olmaqla digər beynəlxalq güclər də iştirak edir və bu amil Rusiyanın planlarının reallaşmasını çətinləşdirir.Rusiya oxşar cəhdləri daha əvvəl Moldova-da da edib, lakin istədiyi nəticəni əldə edə bilməyib. Bu baxımdan, Ermənistanla bağlı proseslərin yekunu barədə danışmaq hələ tezdir.
Qarşıdakı dövrdə Ermənistanda baş verəcək siyasi proseslər və mümkün seçkilər Rusiyanın təsir imkanlarının real səviyyəsini daha aydın göstərəcək”.

Azərbaycan ilə bağlı məsələyə toxunan deputat bildirib ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir halda üçüncü tərəflərin təsiri ilə hərəkət etmir:
“Azərbaycan bu günə qədər həyata keçirdiyi milli maraqlara əsaslanan müstəqil siyasət kursunu bundan sonra da davam etdirəcək”.

Günel Elxan