Səfir: Qırğızıstan WUF13-də ən yüksək səviyyədə iştirak edəcək Dünya

Səfir: Qırğızıstan WUF13-də ən yüksək səviyyədə iştirak edəcək

Qırğızıstan 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasında (WUF13) ən yüksək səviyyədə iştirak edəcək.

Bu barədə APA-ya müsahibəsində Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov bildirib.

“Biz bu forumda iştirakımızı böyük maraqla gözləyirik, çünki Qırğızıstanda tikinti sahəsində böyük inkişaf müşahidə olunur və bu, son beş ildə respublikamızda həyata keçirilən iqtisadi islahatların nəticələrindən biridir”, – diplomat qeyd edib.

Mamıtkanov vurğulayıb ki, bu gün Qırğızıstan üçün müasir urbanistika sahəsində beynəlxalq təcrübə çox vacibdir.

“Hazırda ölkəmiz müasir urbanistika, müasir memarlıq, keçmiş dövrlərdə tikilmiş şəhərlərin müasir reallıqlara uyğun şəkildə modernləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə maraq göstərir. Xüsusilə ekologiyanın qorunması, vətəndaşların həyat və sağlamlığı üçün əlverişli şəraitin yaradılması baxımından bu məsələlər önəmlidir. Buna görə də Bakıda keçiriləcək forum bizim üçün xüsusi maraq kəsb edir”, – səfir əlavə edib.