Bilik Evlərinin illik müşavirəsi keçirildi Hadisə

Bilik Evlərinin illik müşavirəsi keçirildi

Azərbaycan Prezidenti yanında Bilik Fondunun İsmayıllı, Oğuz, Qax, Ağdaş, Ağsu, Şəmkir, Astara, Nardaran, Qarabağ Regional, Ağstafa Regional Bilik evləri rəhbərləri və əməkdaşlarının iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunan müşavirə keçirilib. Fonddan verilən məlumata görə, "Dəyirmi masa" formatında təşkil olunan müşavirə Bilik Fondunun inzibati binasında gerçəkləşib. Fondun icraçı direktoru Oktay Səmədov müşavirəni açaraq, Bilik evlərinin rəhbərləri və əməkdaşlarını salamlayıb, tərəflərin vəzifə funksiyalarını xatırladıb.
Ölkə başçısının imzaladığı sərəncamla elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində Fondun həyata keçirdiyi proqram və layihələrdən söz açan icraçı direktor rəhbəri olduğu qurumun illik fəaliyyət planında Şərqdə qurulan ilk demokratik respublikanın əhaliyə daha yaxından tanıdılmasının prioritet vəzifə kimi əksini tapdığını deyib.
Fondun İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş "Cümhuriyyət tariximiz – qürurumuzdur" layihəsindən danışan O.Səmədov bu istiqamətdə təşkil olunan mühazirələr, konfranslar, "dəyirmi masalar", görüşlər, təqdimatlar, film və tamaşa nümayişləri, kitab nəşrləri, elmi turlar, müsabiqələr, bilik yarışmalarının məzmunundan, effektiv nəticələrindən, keçirilmə səviyyəsindən söz açıb, uğurlarla yanaşı, qarşıda duran vəzifələri də diqqətə çatdırıb.
Bildirib ki, Fondun 76 rayonda olan nümayəndələri və 10 bölgədə fəaliyyət göstərən Bilik evlərinin maarifçilik missiyasının ölkə üzrə daha geniş şaxələnməsinə göstərdikləri dəstək təqdirəlayiq sayılsa da, bununla kifayətlənmək olmaz, işlər hər ötən gün daha təkmil, daha ciddi, daha intensiv şəkildə əhalinin bütün təbəqələrinə nüfuz edə biləcək, onların bilgilənmə arzularına tam cavab verəcək səviyyədə qurulmalıdır. Bunun üçün Bilik evləri və nümayəndələr arasında ünsiyyət körpüsünün yaradılması, birgə layihələrə imza atılması vacibdir.
Bilik evlərində artıq dördüncü ildir fəaliyyət göstərən ingilis, rus, Azərbaycan dili, "Kompyüter texnologiyaları və kargüzarlıq işi" təlim kursları, toxuculuq, dərzilik, dekorativ tətbiqi sənət, rəssamlıqla bağlı dərnəklərə cəlb olunan dinləyicilərə dərsləri mənimsəməklə yanaşı, azərbaycançılıq ruhunun aşılanmasının vacibliyinə toxunan icraçı direktor hər bir azərbaycanlının savadlı, elmli olmaqla bərabər vətənpərvər, dövlətə, xalqa, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinin vacib olduğunu, Fondun məhz bu meyarı əsas götürdüyünü diqqətə çatdırıb.
O.Səmədov çıxışının sonunda qurumun Nizamnaməsində əksini tapan ilk bəndi - Fondun məqsədinin Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığına sahib olan, azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi, dini dəyərləri mənimsəyən, təbliğ edən gəncliyin yetişməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırılması olduğunu xatırladıb və bu yolda mətin addımlarla irəliləməyi tövsiyə edib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev də müşavirədə Bilik evlərini fəal olmağa çağırıb. O, Fondun əsas məqsəd və vəzifələrini özündə əks etdirən fikirlər səsləndirərək, bölgələr üzrə məsul şəxsləri təşkil etdikləri tədbirlərdə dövlətin daxili və xarici siyasətinin, ölkə başçısının fərman, sərəncam, qərar, tapşırıqlarınının, Milli Məclis tərəfindən təsdiqlənən qanun layihələrinin əhaliyə düzgün və dolğun çatdırılmasına xüsusi diqqət ayırmağa səsləyib.
Görüşdə Ağdaş Bilik Evinin müdiri, Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, "Toxuculuq" dərnəyinin təlimçisi Turanə Şıxəliyeva, "Kompüter texnologiyaları və kargüzarlıq işi" üzrə təlimçisi Sərxan Nametov, Ağstafa Regional Bilik Evinin müdiri, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Leyla İsayeva, "Xalçaçılıq" dərnəyi üzrə təlimçi Maisə Eyyubova, Oğuz Bilik Evinin müdiri Gülşən Məcidova, rayon üzrə nümayəndə Anar Məcidov, "Oxucu klubu"nun koordinatoru Cəlil Cavanşir, İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova və əməkdaşı Raqub Xəlilli, "İngilis dili" üzrə təlimçisi Ruhiyyə Mahmudova, Ağsu Bilik Evinin müdiri Reyhanə Tacızadə, Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Tacızadə, Nardaran Bilik Evinin kiçik mütəxəssisi Nərmin Əliyeva, Qarabağ Regional Bilik Evinin müdiri Gülarə Əkbərova, Şəmkir Bilik Evinin əməkdaşı Hicran Əliyeva, Qax Bilik Evinin "Kompüter texnologiyaları və kargüzarlıq işi" üzrə təlimçisi Adilə Aşurova, Astara Bilik Evinin müdiri Yasəmən Rəsulova, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, "Ədəbi yaradıcılıq" dərnəyinin rəhbəri Mehman Əliyev çıxış edərək, il ərzində gördükləri işlərdən danışıb, çatışmazlıqların obyektiv səbəblərinə aydınlıq gətirib, gələcək planlarını açıqlayıblar. Bilik evlərinin məsul şəxsləri və təlimçilərinin maarifləndirmə işinin səmərəliliyinin artırılması ilə bağlı irəli sürdükləri təkliflər, Fondun Monitorinq və proqnozlaşdırma qrupu tərəfindən qeydə alınıb. Sonda Fond rəhbərliyi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bilik evlərinin nümayəndələrini təbrik edib, onlara Fondun məqsəd və vəzifələrinin icrası istiqamətində maarifçilik fəaliyyətində uğurlar arzulayıb.