Elektron gömrük xidmətləri yüksək səviyyədədir Hadisə

Elektron gömrük xidmətləri yüksək səviyyədədir

Gömrük sisteminin olduqca vacib fəaliyyət sahəsi olması heç kimdə şübhə doğurmur. Ölkə iqtisadiyyatının dirçəldilməsində, islahatların dərinləşməsinin təmin edilməsində, investisiya siyasətində, qiymətlərin optimallaşdırılmasında, daxili bazarın yad ünsürlərdən qorunmasında, ən başlıcası isə dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında gömrük sistemi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Dövlət Gömrük Komitəsi öz fəaliyyətində son illər əsaslı dönüşə nail olub, yaxın və uzaq xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı xeyli genişləndirib, gömrük xidməti ilə bağlı beynəlxalq formalarda respublikamızı layiqincə təmsil edib. Azərbaycan gömrüyü gündəlik fəaliyyətini ölkədə aparılan iqtisadi siyasətə uyğun qurmağa səy göstərib və respublikanın iqtisadi siyasətini həyata keçirən ən mühüm qurumlardan birinə çevrilib.
***
Azərbaycanda gömrük fəaliyyətinin şəffaflığını artırmaq məqsədilə informasiya-kommunikasiya texnologiyalarından da geniş istifadə edilir.
Əvvəlcə Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiq edilməsindən bəhs edək ki, bunda da məqsəd məhz gömrük sisteminin inkişafını sürətləndirmək, gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək idi.
Bu fərman faktiki olaraq sərhəd-buraxılış məntəqələrində 6-7 dövlət qurumunu yalnız 2 qurumla əvəz etdi. Yəni, əgər sahibkarlar gömrük-buraxılış məntəqələrində müxtəlif məsələlər üzrə 6-7 quruma müraciət etməli olurdularsa, bir pəncərə sisteminin tətbiqilə yalnız 2 qurum – Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin fəaliyyəti təsbit edildi.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi tərəfindən "bir pəncərə" sistemini təkmilləşdirmək üçün həyata keçirilən "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsi vasitəsilə xidmətlərin göstərilməsi vətəndaşları məmnun edir. Hazırda gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyəti də yeni tələblərə uyğun qurulur. Artıq ölkəmizin 9 gömrük-keçid məntəqəsində avtomobillərə, 2 dəmiryol-keçid məntəqəsində isə qatarlara gömrük nəzarəti dünyada ən müasir avadanlıq hesab edilən "Smith Detection" vasitəsilə həyata keçirilir.
Əgər nəzərə alsaq ki, xarici ticarətin aparılmasının əsas mərhələlərindən biri malların və nəqliyyat vasitələrinin dövlət sərhəd buraxılış məntəqələrindən keçməsindən ibarətdir, onda burada "bir pəncərə" prinsipinin tətbiq olunması çox vacib mövqedə dayanır.
"Bir pəncərə" prinsipinin tətbiqi nəticəsində resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaranıb. Bundan başqa, iqtisadi operatorlar və sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinə daha ciddi riayət edilməsi, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi də təmin edilir. Yük daşımaları imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də deyilən üstünlüklərə aiddir.
Bu sistemin tətbiqi nəticəsində xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini minimum vaxt sərf etməklə həyata keçirmək imkanı əldə ediblər.
***
Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə sahəsində də informasiya texnologiyaları geniş tətbiq edilir. Komitədə yaradılan "Hədəf Mərkəzi"nə bütün məlumatlar bazası və yerli gömrük orqanlarının 800-ə yaxın kamerası birləşdirilərək, daxili və sərhəd keçid məntəqələrinin videomüşahidəsi real vaxt rejimində həyata keçirilir. "Hədəf Mərkəzi"ndə ölkə ərazisində gömrük nəzarəti altında hərəkət edən nəqliyyat vasitələrinin müəyyən edilmiş marşrutla gömrük təyinat məntəqəsinə çatmasına nəzarət etmək məqsədilə "İki gömrük orqanı arasında daşınan mallara nəzarət GPS naviqasiya sistemi" Dövlət Gömrük Komitəsində tətbiq edilir. Layihənin nəticəsi olaraq ölkə ərazisində gömrük nəzarəti altında hərəkət edən 500 ədəd nəqliyyat vasitəsinə, eyni zamanda, nəzarət etmək mümkündür.
Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov bildirib ki, hazırda elektron hökumət portalı üzrəindən 14 elektron gömrük xidməti göstərilir. Onun sözlərinə görə, 2016-cı ildən bu istiqamətdə görülən işlərin nəticəsi olaraq ölkədə bu gün elektron gömrük xidmətləri yüksək səviyyədədir: "Trans-sərhəd kağızsız ticarətin həlli prosesi isə nisbətən daha az tətbiq edilir".
Artıq Özbəkistan, Rusiya, Gürcüstan və İran İslam Respublikası ilə məlumatların mübadiləsi ximəti göstərilir. O qeyd edib ki, hazırda elektron TİR xidməti də tamamlanmaqdadır: "Bu xidmət tətbiq ediləndən sonra kağız üzərindən xidmətlər tam yığıdırılacaq".
Bundan başqa, yeni yaradılmış "Mobil qruplar"ın avtomobilləri kompyuter avadanlıqları, video kamera qurğuları və "Mobil VAİS" (Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi) proqram təminatı ilə təchiz edilib.
Mallar dövlət gömrük sərhədini keçərkən, təyinat gömrük orqanına çatarkən və rəsmiləşdirilmə başladıqdan sonra rəsmiləşdirilmənin bütün mərhələlərində mal sahiblərinə sistem tərəfindən avtomatilk olaraq malın həmin andakı statusu barədə SMS göndərilir. Son olaraq istifadəyə verilən elektron gömrük xidmətlərindən biri Dövlət Gömrük Komitəsində yaradılan vahid "SMS-məlumatlandırma" sistemidir ki, ötən il mayın 29-dan tətbiq edilir. Sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisindən çıxdıqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir. Təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı məlumat da SMS-lə veriləcək. Bundan başqa, gömrük sistemində tamamilə nağdsız ödəniş sisteminə keçilib. VAİS Hökumət Ödəniş Portalına, "AsanPay" ödəniş sisteminə və digər ödəniş sistemlərinə inteqrasiya edilib.
***
Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin tətbiqinə başlanılıb. İndiyədək 60-a yaxın xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib.
Bəzi ölkələrlə (Gürcüstan, Ukrayna, İran və Türkiyə) dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin aparılması təmin edilib. Bu isə dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələrinə nəzarətin daha sürətli və daha keyfiyyətli həyata keçirilməsinə imkan verir.
Komitə elektron gömrük xidmətinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sisteminin yaradılması istiqamətində görülən işləri sürətləndirməyi qarşısına əsas məqsəd qoyub. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkənin tranzit potensialının gücləndirilməsi, turizmin inkişafına dəstək verilməsi, gömrük işinin təşkili zamanı şəffaflığın tam təmin olunması və mövcud problemlərin ən qısa zamanda aradan qaldırılması istiqamətində Dövlət Gömrük Komitəsi intensiv iş aparır.
Gələcəkdə "Yaşıl dəhliz" sisteminin genişləndirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən gömrük bəyannamələrinin birbaşa ofisdən Dövlət Gömrük Komitəsinin müvafiq qurumlarına təqdim olunması, gömrük-vergi rüsumlarının ödənilməsi ilə bağlı məmur-vətəndaş təmasını minimuma endirmək əsas məqsəddir. İxracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsini təmin etmək nəzərdə tutulur. Bundan sonra sahibkarlar gömrük məmurunu görmədən ilin bütün günü və saatlarında mallarını elektron qaydada bəyan edərək ixrac etmək imkanı qazanacaqlar.
***
Məlumdur ki, gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir.
Gömrük nəzarətinin səmərəliliyini artırmaq və xarici ticarət iştirakçılarına öhdələrində olan mallardan daha səmərəli istifadəni təmin etmək məqsədilə müvəqqəti saxlanc anbarlarının yaradılmasına başlanılıb. Komitədə müvəqqəti saxlanc anbarlarının reyestri yaradılıb. Bu barədə xarici iqtisadi fəaliyyət iştirakçılarının məlumatlandırılması üçün reyestr Dövlət Gömrük Komitəsinin internet portalında yerləşdirilib.
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərdən irəli gələrək vergi və gömrük sistemində idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində mühim addımlar atılıb.
Elektron gömrük xidmətlərinin tətbiqi ticarətin asanlaşdırılması ilə yanaşı, həmçinin təhlükəsizliyin də daha rahat təmin edilməsinə səbəb olur. Belə ki, GPS (mexaniki-elektron kilid) sistemindən istifadə, başqa ölkələrin gömrük orqanları ilə qarşılıqlı informasiya mübadiləsi, "Hədəf Mərkəzi"nin fəaliyyəti, mobil gömrük bölmələri, həmçinin reallaşdırılması planlaşdırılan sürətli poçt göndərişlərilə bağlı layihə də ölkəyə gətirilən malların qanunvericiliyə uyğunluğunu təmin edəcək.
Ümumiyyətlə, Dövlət Gömrük Komitəsi öz fəaliyyətində Elektron Hökumət layihəsinə töhfə vermək, vətəndaşlara yüksək xidmət göstərmək, beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq üçün ciddi tədbirlər görür.

Bayramınız mübarək!

Yanvarın 30-u Azərbaycan gömrükçülərinin peşə bayramıdır. Artıq 22 ildir ki, ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə Azərbaycan gömrükçüləri 30 yanvarı öz peşə bayramları günü kimi qeyd edirlər.
Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan gömrüyü daha da təkmilləşib və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, münbit biznes mühitinin yaradılması sahəsində önəmli dövlət təsisatlarından birinə çevrilib.
Ölkə iqtisadiyyatıbnın inkişafında müstəsna xidmətləri olan Azərbaycan gömrükçülərinin peşə bayramı münasibəti ilə DGT-nin bütün kollektivini səmimi qəlbdən təbrik edir, gömrük sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirik.

Cavid Şahverdiyev
"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur