“SABAH” qruplarının tələbələrinə arayışlar təqdim olunub Hadisə

“SABAH” qruplarının tələbələrinə arayışlar təqdim olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təcrübə proqramında iştirak etmiş "SABAH" qruplarında pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrə arayışlar təqdim olunub. Bu barədə BŞTİ-dən bildirilib. Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev təcrübə proqramını uğurla başa vuran "SABAH" qrupları tələbələrini təbrik edərək, onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib. Təcrübə proqramının əhəmiyyəti barədə danışan R.Tağıyev bildirib ki, layihə təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına kömək məqsədilə təşkil olunub. Təcrübə proqramının gənclərdə özünəinamı möhkəmləndirdiyini, kollektivdə işləmək və korporativ ünsiyyət vərdişlərinə yiyələnmək bacarıqları formalaşdırdığını bildirən idarə müdiri onların gələcəkdə yaxşı müəllim və idarəçi olacaqlarına əminliyini ifadə edib.
Bildirilib ki, təcrübə proqramında 13 gənc BŞTİ-də bir ay təcrübə keçmək imkanı qazanaraq, nəzəri biliklərini real iş şəraitində tətbiq ediblər. Onlardan 4-ü insan resursları sektorunda, 1-i inkişaf layihələri sektorunda, 4-ü ümumi təhsil sektorunda, 3-ü ümumi sektorda, 1-i isə informasiya təminatı sektorunda fəaliyyət göstərib. BŞTİ-nin struktur bölmə rəhbərləri də təcrübə proqramını uğurla başa vuran tələbələrin öz potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirərək ünsiyyət, kollektivə uyğunlaşmaq, tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini vurğulayıb, onlara gələcək karyeralarında uğurlar arzulayıblar. Göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər 1 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar. Onlar xoş münasibətə və öyrədici mühitə görə BŞTİ-nin kollektivinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "SABAH" qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin formalaşdırılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. "SABAH" qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.