Daxili işlər naziri Şirvanda vətəndaşları qəbul edəcək Hadisə

Daxili işlər naziri Şirvanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 23-də Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, qəbulda vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Qəbul başa çatdıqdan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə, habelə mülki işçi vəzifələrinə (polisə ictimai dəstək) işə qəbulla bağlı Şirvan Şəhər Polis Şöbəsində sıra baxışı keçirəcək.
Sıra baxışında ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, 20-25 yaşlarında, boyu 180 santimetrdən hündür, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, yuxarıda göstərilən rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi vətəndaşlar iştirak edə bilərlər. Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Polisə ictimai dəstək əməkdaşı vəzifələrinə işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq. Kompüter avadanlığı ilə işləmək qabiliyyətinə malik, xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək. Əlavə məlumatı 590-97-52, 590-92-70 və 590-93-45 şəhər telefonlarından almaq mümkündür.