FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlıq edir Hadisə

FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlıq edir

Azərbaycan Respublikası 1993-ci ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv seçilib. Həmin vaxtdan indiyədək Azərbaycan bu qurumla sıx əməkdaşlıq edir. Bu sözləri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov jurnalistlərə müsahibəsində deyib. N.Zamanov qeyd edib ki, Azərbaycan dövləti fövqəladə halların idarə olunmasında maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının daha da artırılması, fövqəladə hallara dair məlumat və fikir mübadiləsinin aparılması, eləcə də beynəlxalq təcrübədə əldə olunmuş nailiyyətlərin ölkəmizdə tətbiq edilməsində maraqlıdır. FHN bu istiqamətdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirir. 2013-cü ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda Qəbələdə keçirilən beynəlxalq konfrans bunun bariz nümunəsidir. Həmin konfransda 52 dövlətin fövqəladə halların idarə olunmasına məsul dövlət qurumlarının rəhbərləri, 10-dan yuxarı beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarda da yüksək səviyyədə təmsil olunub.
Mülki müdafiə sahəsində dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və vətəndaşların əsas vəzifələri ilə bağlı suala cavabında general-mayor Niyazi Zamanov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində insanların təhlükəsizliyinin təmin edilməsi dövlət idarəetmə orqanlarının qarşısında birmənalı vəzifə kimi qoyulub. Buraya əhalinin mühafizəsi, davranış qaydalarının təbliği, fərdi mühafizə qaydalarından istifadə və kollektiv mühafizə qurğularında daldalanmaq, eləcə də yanğınların qarşısının alınması və bu kimi digər davranış qaydaları aiddir. Eyni zamanda, mülki müdafiə haqqında qanunvericilikdə vətəndaşlar üçün də vəzifələr müəyyən edilib. Vətəndaşlarımız baş verə biləcək fövqəladə hadisələr zamanı ilk növbədə Azərbaycan qanunvericiliyinə riayət etməli, bu və ya digər hadisələr zaman ilk tibbi yardımın əsaslarının öyrənmək, onları tətbiq etməyi bacarmaq, mülki müdafiə üsullarının vərdişlərini öyrənmək, müəyyən edilmiş davranış qaydalarını mənimsəmək və fövqəladə hadisələr zamanı aidiyyəti dövlət qurumlarına məlumat verməlidirlər.