“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub” Gündəm

“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”

“Son illər Rusiyanın troll şəbəkələri və Qərb texnoloji korporasiyalarının siyasi proseslərə təsiri Avropanı belə silkələdi, nəticədə “Rəqəmsal Suverenlik Aktı” və “Media Şəffaflıq Qanunu” kimi sənədlər qəbul olundu. Azərbaycan isə bu reallığı çoxdan anlayıb. 1993-cü ildən bu günə qədər ölkəmizə qarşı müxtəlif istiqamətlərdən Moskva, Tehran, Vaşinqton və Brüsseldən fərqli formalarda təzyiq cəhdləri olub”.

Bunu xalqcebhesi.az-a politoloq Tural İsmayılov söyləyib.

O əlavə edib ki, amma Azərbaycan dövləti bütün bunlara baxmayaraq öz milli qərarvermə modelini qoruyub: “Bu gün təhlükə daha incədir: informasiya manipulyasiyası, psixoloji təxribat, sosial şəbəkə üzərindən dövlətə qarşı yönəlmiş “yumşaq sabotajlar”. Xaricdən maliyyələşən və kənar kuratorlarla işləyən anti-milli dairələr demokratiya maskası altında milli təhlükəsizliyə zərbə vurmağa çalışırlar. Dövlət ideoloji sərhədlərini yalnız qanunla deyil, həm də strateji düşüncə ilə qoruyur. Azərbaycanın öz yol xəritəsi var – milli iradəyə, tarixi yaddaşa və xalqın birliyinə əsaslanan inkişaf modeli. Heç bir “qlobal mərkəz” bu modeli yönləndirə bilməz”.

Röya İsrafilova