XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi fikri Hadisə

XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi fikri

Türkçülük, islamçılıq və müasirlik prinsipləri mühacirətdə də inkişaf etdirilir və yayılırdı

XX əsrin əvvəlində Azərbaycanda liberal milli-demokratik məfkurə ilə yanaşı radikal, demokratik və marksizm prinsiplərini əks etdirən ideyalar, əsasən mülkədar-burjua təmayüllü dövri mətbuatda, "Molla Nəsrəddin" jurnalında, "Hümmət" və s. qəzetlərdə yayılırdı. Dilə, milli mədəniyyətə, təhsil və maarifə, qadın probleminə, xarici, xüsusilə rus, erməni ekspansiyasına münasibətdə bu ideya cərəyanlarının ümumi və ya oxşar cəhətlərinə baxmayaraq xüsusi mülkiyyət, onun yenidən bölünməsi, zəhmətkeşlərin mülkiyyət hüquqlarının real təminatı, onların parlament və hakimiyyət strukturlarında iştirakı və s. sosial-sinfi maraqlarla bağlı problemlərin izahında ciddi ziddiyyətlər mövcud idi. Əgər birinci cərəyan milləti və bütövlükdə milli maraqları, millətin türk-islam bölgəsi ilə əlaqələrini, hürriyyət naminə ittihad ideyalarını ön plana çəkirdisə, radikal cərəyanlar millətin tərkibindəki sinif və silklərin qarşılıqlı münasibətindən, fəhlə, kəndli, kapitalist və mülkədarların cəmiyyətdə sosial vəziyyətindən, fanatik din xadimlərindən, xalqın adından çıxış edərək onun mənafeyini tapdalayan və satan milli siyasətçilərdən bəhs edir və millətin maariflənməsi üçün bütün həqiqətləri xalqın başa düşəcəyi dildə çatdırmağa çalışırdı. Bu məsələlər "Molla Nəsrəddin" jurnalının müəllifləri Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Səməd bəy Mehmandarov, Hüseyn Minasazov və b. əsərlərində və xüsusən dövrün kəskin sosial satirasında əksini tapmışdı. Vaxtilə irfani fəlsəfi poeziyada əks edilən sosial fəlsəfə problemləri üçün Azərbaycan siyasi satirası bu dövrün təsiredici janrına çevrilmişdi.
Həmin dövrdə Azərbaycan romantizm fəlsəfəsi də təşəkkül və inkişaf mərhələsini keçirirdi. Bu fəlsəfə Azərbaycan maarifçiliyi kimi dövrdən və şəraitdən doğan özünəməxsusluqlarla yanaşı, Qərb romantizm fəlsəfəsi ilə tipoloji oxşarlığa malik bir sıra cəhətlərlə səciyyələnirdi. Qərb, Şərq, o cümlədən Azərbaycan romantizminə xas cəhətlər maarifçilik fəlsəfəsinə inamın itirilməsi, ənənəvi mistik panteist fəlsəfəyə qayıdış və bu mövqedən dinə və cəmiyyətə nəzər, dünyaya, insana və vətənə təzadlı münasibət, milli dilə, milli mənəvi-mədəni dəyərlərə, etnikliyi təsdiqləyən, onun yaşamasını şərtləndirən amillərə münasibət, xoşbəxt utopik cəmiyyətə inam və s. universal sosio-mədəni fenomen olan romantizmin keyfiyyət cəhətləri idi. Azərbaycanda maarifçilik kontekstində yaranan romantizm fəlsəfəsi əvvəlcə dünyəvi maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına, sonra isə sosializmin "xoşbəxt cəmiyyətinə" inamı itirərək mistik maarifə, qnostik mərifətə üz tutur, mistik eşq fəlsəfəsinə, iblisin insanda daimiliyi (Hüseyn Cavid) və "hər şeyin rəng olması" (Səməd Mənsur) qənaətinə gəlmişdi.
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı təmsil edən fəlsəfi poeziyanın nümayəndələri Məhəmməd Hadinin (1879-1920) utopik bərabərlik cəmiyyətindən bəhs edən "Aləmi-müsavatdan məktublar", "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" və s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin, Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində əksini tapmışdı. XX əsrin mütəfəkkirləri arasında həkim, ədib, dövlət xadimi N.Nərimanovun (1870-1925) xüsusi yeri var. Əvvəl maarifçiliyin, 1905-1907-ci illərdən sonra marksist-leninçi fəlsəfənin mövqeyinə keçən, 1917-ci ildən isə ardıcıl marksist-filosof olan N.Nərimanov məqalələrində və marksist fəlsəfəsinə dair "Kommunizmin idraki yolu" monoqrafiyasında (Azərbaycan və rus dillərində əlyazması şəklindədir) dialektik və tarixi materializmin əsaslarını şərh etmiş, fəlsəfi terminologiyanın Azərbaycan dilində müvafiq anlamlarını vermişdi. O, elmi biliklərin yayılması, dinin dövlətdən ayrılması ideyalarını əsaslandırmış, "sənət sənət üçün" konsepsiyasına tənqidi yanaşmışdı. Demokratiya və humanizmin təbliğatçısı, ardıcıl beynəlmiləlçi olan N.Nərimanov öz nəzəri irsində milli qırğın və milli bərabərsizliyi kəskin tənqid etmişdi. Müəyyən dövr marksizmin, xüsusən "bütün məzlumların və bəşəriyyətin müəllimi hesab etdiyi" Leninin irsinin Şərq üçün əhəmiyyətli olacağı fikri N.Nərimanovun ictimai görüşlərində xüsusi yer tuturdu. Sovet hakimiyyətinin real siyasəti N.Nərimanovun bu hakimiyyətə və onun rəhbərlərinə inamını tam itirir və o, oğluna yazdığı məktublarında V.İ.Lenin, İ.V.Stalin diktaturasının xalqa və beynəlmiləlçiliyə vurduğu ziyana və terror siyasətinə açıq etirazını bildirir. Marksizm nəzəriyyəsi ilə proletar diktaturası siyasəti arasında ziddiyyəti cəsarətlə açıqlayan N.Nərimanov "Ucqarlarda inqilabımızın tarixinə dair" əsərində sovet hökumətinin Şərqi və Azərbaycanı "başdan-başa qarət etməsi, insanları kütləvi surətdə güllələməsi" haqda yazırdı.
1920-ci ildə Azərbaycanda sosial-siyasi həyat və ictimai fikirdəki fərqli prioritetlər, onların ictimai şüurda əksi, millətin siyasi və mənəvi baxımdan parçalanmasına, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna, ideoloji həyatda getdikcə marksizmin kök salmasına və yeni sosial quruluşun qələbəsinə gətirib çıxartdı. Yeni hakimiyyət dövründə terror və siyasi repressiyalar vasitəsilə millətin mövcud rejimə siyasi və ideoloji müxalifəti, xüsusən ziyalıları müntəzəm olaraq məhv edilirdi. Marksist-leninçi ideologiyanın hakim ideologiyaya çevrilməsi üçün geniş imkanlar yarandı. Məqsədyönlü və ardıcıl siyasi və ideoloji təbliğat yolu ilə yeganə hakim dünyagörüşünə çevrilən marksist-leninçi fəlsəfə sovet hakimiyyəti illərində özünəməxsus "təkamül" dövrünü keçdi. Bu dövrdə Azərbaycanın proletar diktaturası və marksizm fəlsəfəsinə müxalif mütəfəkkirlərinin bir qismi siyasi repressiya qurbanı oldu, digər hissəsi isə mühacirət edərək xaricdə siyasətlə bərabər fəlsəfə sahəsində də öz fəaliyyətlərini davam etdirdilər. Beləliklə, Azərbaycanın qeyri-marksist fəlsəfəsi mühacirətdə, Şərq və Avropa ölkələrində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Hüseyn Baykara, Mirzəbala Məmmədzadə, Əbdülvahab Yurdsevər və b. tərəfindən inkişaf etdirilir və yayılırdı. XIX əsrin sonu- XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi fikrinə xas türkçülük, islamçılıq və müasirlik prinsipləri üzərində yüksələn və müstəmləkə Şərqinin dirçəliş ideologiyası kimi səciyyələndirilən bu ideyalar qlobal məkanda türk xalqlarını müstəqilliyə hazırlamaq baxımından zəruri idi. Bu zərurətin nəticəsidir ki, sovet hakimiyyətinin süqutundan sonra bu üç prinsip zamanın sınaqlarından çıxaraq milli ideologiya və fəlsəfi dünyagörüşünün ontoloji və sosioloji aspektlərinin müddəaları kimi yaşamaqdadır.
Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra ölkədə marksizm-leninizmə müxalif olan ideoloji cərəyanların fəaliyyəti dayandırıldı, qeyri-marksist fəlsəfi və ictimai-siyasi problemlərin tədqiqinə son qoyuldu. Sovet İttifaqının daxilində Azərbaycan Respublikasının marksist olmayan filosofları ilə yanaşı, bir çox həqiqi marksist filosoflar da müxtəlif illərdə siyasi təqibə məruz qaldılar. Onların fəlsəfi irsinin məxfi arxivlərdə saxlanılmış kiçik bir hissəsi Azərbaycan alimi Z.Göyüşovun "Sovet Azərbaycanında fəlsəfi fikir" (1979) kitabı vasitəsilə Azərbaycanın fəlsəfə tarixi elminə daxil edildi.

Z.Quluzadə, professor