İstedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb Hadisə

İstedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb

2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb. Təhsil Nazirliyindən bildiriblər ki, hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı, 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. Dörd minə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil ediləcək. Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialının inkişafı, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığının təmin edilməsidir.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı, Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəb olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. VII siniflər üzrə riyaziyyat-informatika təmayüllü, VIII siniflər üzrə isə təbiət elmləri təmayüllü siniflər yaradılıb.