Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər Hadisə

Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

Son zamanlar gömrük sahəsində müəyyən islahatlar aparılsa da, bəzi problemlər qalmaqdadır. Bu probleblərdən biri də avtomobillərə tətbiq olunan gömrük rüsumları ilə bağlıdır. Xüsusilə iritutumlu avtobuslara tətbiq edilən gömrük rüsumları bir sıra problmlərə yol açır.
Kiçik sahibkarlar və fiziki şəxslər buna görə son illər ölkəyə komfortlu və daha yüksək təhlükəsizlik standartlarına cavab verən avtobuslar gətirə bilmirlər. Nəticədə istismar müddəti bitmiş avtobuslardan yararlanırlar.
Bu da Azərbaycanın avtobus parkında ciddi problemlərə gətirib çıxarır. Bunun səbəbi gömrük rüsumu, xüsusilə də aksiz vergisinin həddindən artıq baha olması, bəzən isə fantastik məbləğin tələb edilməsi ilə bağlıdır. Sözügedən durum kiçik sahibkarlar arasında ciddi narazılıq yaradır. Onlar ya köhnə avtomobildən, ya da xarici dövlət nömrə nişanı olan avtobuslardan istifadə etməyə məcbur olurlar. Xüsusilə Gürcüstan və Rusiya dövlət nömrə nişanı olan avtobulara daha çox rast gəlirik.
Bu da əsasən 2 problemə yol açır.
1.İstismar müddəti bitmiş avtobusların fəaliyyət göstərməsi təhlükəsizlik probleminə yol açır.
2.Xarici dövlət nömrə nişanı olan avtobuslardan istfadəyə görə isə dövlət büdcəsinə vergi ödənilmir.
Bununla bağlı narazılıqlarını dilə gətirən
sürücülər bildirdilər ki, xaricdən gətirilən avtobuslara həddindən artıq gömrük rüsumu tətbiq edilir: “Bəzən gömrük rüsumu 120-160 min manat arasında dəyişir. Bu da heç bir məntiqə sığmır. Belə olduqda yeni avtobus almaq imkanımız olmur. Nəticədə köhnə avtomobillə fəaliyyət göstərməyə məcbur oluruq ki, bu da sərnişinlərin təhlükəsizliyi və komfortu baxımından uyğun deyil”.

Yeni avtobus gətirə bilmirik

Adının çəkilməsini istəməyən kiçik sahibkar bildirdi ki, bu vəziyyət onlarda ciddi narazılıq yaradır: “Biz xaricdən yeni avtobus alıb ölkəyə gətirə bilmirik. Bu səbəbdən də son illər ölkəyə yeni avtobuslar gətirilmir. “Avro-5” tələbindən danışırlar, amma ölkə daxilində istifadə edilən avtobuslar heç “avro-1” tələblərinə belə cavab vermir”.
Həmsöhbətimiz əlavə etdi ki, 2019-cu ildə Azərbaycana 1 ədəd “Setra” markalı avtobus gətirilib: “Həmin avtobus Almaniyadan 70 min avroya alınıb. Sahibkar burada rəsmiləşdirmə üçün isə 170 min manat ödəyib. Yəni avtobusun dəyərindən artıq məbləğ ödənilib ki, bu da heç bir məntiqə sığmır.
Gürcü nömrəsi ilə bağlı atılacaq addımlar da sahibkarlara bu fantastik həddə olan ödənişi məcburi qaydada ödətdirmək üçündür. Halbuki imkanımız olarsa biz niyə yeni avtobus almayaq?”.

Adekvat olmayan tələblər

Qeyd edək ki, aksiz vergisindən əlavə mühərrikin həcminə və istehsal ilinə görə hesbalama aparılır. Məsələn, Gömrük Komitəsinin saytında kalkulyatorda hesablama aparmadan öncə belə bir qeyd çıxır:
“Bu qrafada avtomobilin ölkəmizdə hal-hazırdakı orta bazar satış qiymətinin (gömrük ödənişləri xaric) nəzərə alınması tövsiyə edilir”.
Ölkədə avtomobilin, xüsusilə avtobusların qiymətinin müəyyənləşdirilməsində gömrük rüsumları ciddi rol oynayır. Belə olan halda hansı məntiqlə məsələn, Almaniyadan alınan qiymət deyil, Azərbaycanda olan qiymətlər əsas götürülməlidir?
İstehsalçı və göndərən ölkə Almaniya, avro 4, avtomobilin dəyəri 100000$, mühərrikin işçi həcmi 1200 kubsm, yürüş 500000 kilometr, istehsal tarixi 1 ildən çox olmaq tələbləri ilə hesablama apardıq. Qarşımıza belə bir mənzərə çıxdı:
• Aksiz vergisi 96000 AZN
• Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu 24480 AZN
• Əməliyyat haqqı 300 AZN
• Vəsiqə haqqı 30 AZN
• ƏDV 46585.8 AZN
• Elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN
• Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN
• Cəmi 135431.2 AZN
Həmsöhbətimiz “olmazmı ki, yalnız avtomobilin istehsal tarixi və mühərrikin həcminə görə hesablama aparılsın, aksiz vergisi isə ləğv edilsin”, - deyə vurğuladı: “Bununla da gömrük qeydiyyatı ucuz başa gəlsin, kiçik sahibkarlar avtobus ala bilsinlər və nəticədə həm sərnişinlərin təhlükəsizliyini, rahatlığını təmin edə bilək, eyni zamanda da dövlət büdcəsinə daha çox vergi ödəyək. Bununla da kiçik sahibkarın fəaliyyətinə görə vergi tutulsun, illik, yaxud aylıq hesabat aparılsın. Belə olduğu halda sərnişin gizlətmək kimi faktlar da olmayacaq”.
“Son illər ərzində bir nəfər də Türkiyə istehsalı olan yeni avtobus gətirdi, onun burada rəsmiləşdirilməsi baha olduğuna görə, yəni ondan 180 min manat tələb edildiyinə görə, o da 10 min manat zərər edərək aldığı avtobusu geri qaytardı”, - deyən həmsöhbətimiz bildirdi ki, “avro-5” tələb edirlər, amma bu cür adekvat olmayan tələblər ucbatından ölkədə 1992-1993-cü illərin avtobusları fəaliyyət göstərir: “Ola bilsin, yaxın zamanlarda köhnə avtobusların xəttə buraxılmaması tələbini də qoyacaqlar. Bütün tərəfləri təmin edən hansı yenilikləri etmisiz? Məcburən köhnə avtobuslardan istifadə edirik. Hazırda Azərbaycanda köhnə avtobuslara kosmetik dəyişiklik edirlər. Türkiyədən yeni avtobusların ön və arxa hissəsi gətirilərək Azərbaycanda köhnə avtobuslara yamaq edilir. Belə bir acınacaqlı durum var”.

Fantastik məbləğ

Gömrük Komitəsi mətbiat xidmətinin rəhbəri Natiq Axundov isə dedi ki, təmsil etrdiyi qurumun gömrük rüsumunu müəyyənləşdirmə səlahiyyəti yoxdur: “Bu məsələ Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Nazirlər Kabineti nə qərar qəbul edirsə, biz də onu icra edirik”.
Nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə diqqətə çatdırdı ki, avtobuslarla bağlı vəziyyət ürəkaçan deyil: “Həqiqətən də xarici ölkələrdən Azərbaycana gətirilən avtobusların gömrük rüsumu fantastik həddədir. Xüsusilə də bölgələrə turistləri daşıyan, eyni zamanda beynəlxalq marşrut xətlərində istifadə olunan iritutumlu, bahalı avtobuslarla bağlı bəzən avtobusun dəyərindən iki qat artıq rüsum tələb olunur. Ona görə də bəzi sürücülər, türizm və nəqliyyat şirkətləri bu avtobusları gömrükdə qeydiyyatdan keçirmədən Azərbaycanda sürürlər. Düzdür, bu, sərnişindaşıma ilə bağlı qaydalara ziddir. Onların Azərbaycanda xarici nömrə ilə sərnişindaşıma fəaliyyəti göstərməsi qanunauyğun deyil. Dövlət Avtomobil Nəqliyyatı Xidməti də buna qarşı tez-tez reydlər keçirir. Ancaq ümumi yanaşdıqda prosesin başında Dövlət Gömrük Komitəsi dayanır. Bəzi sərnişindaşıyan avtobuslar üçün gömrük rüsumu 40-60 min manata qədərdir. Bu da çox böyük məbləğdir. Amma yenə də deyirəm ki, bəzən avtobusun dəyərindən ikiqat artıq rüsum tələb olunması ciddi problemlərə yol açır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın daxili istehsalı yoxdur. Bunu nəzərə almaq əvəzinə, qat-qat artıq gömrük rüsumunun tətbiqi effektiv yanaşma deyil. Hazırda Azərbaycanda isifadə olunan avtobusların 60-70 faizi istismar müddətini başa vurub. Ona görə də, burada gömrük rüsumlarına bir daha baxmaq lazımdır. Əgər biz avtobus parkımızı yeniləmək istəyiriksə, insanlara imkan yaratmaq lazımdır ki, yeni avtobuslar gətirsinlər və ucuz qiymətə gömrük qeydiyyatından keçirə bilsinlər. Gömrük Komitəsindən bildirirlər ki, rüsumlarla bağlı məbləği Nazirlər Kabineti müəyyənləşdirir. Bəs Nazirlər Kabinetinə təklifi hansı qurum verir? Əlbəttə, Gömrük Komitəsi. Yəni Gömrük Komitəsi məsuliyyəti üzərindən ata bilməz. Bundan başqa, ƏDV və aksiz vergi üçün tələb olunan məbləğ də həddindən artıq yüksəkdir. Vergilər Nazirliyi də buna baxmalıdır. Yəni baxılası məsələlər çoxdur və bir neçəsi də haqqında danışdığımız məsələlərdir”.
Ekspert əlavə etdi ki, bu problemlərə görə bir çox insan gömrük ödəmələrini edə bilmir: “Və başqa yollarla sərnişindaşıma fəaliyyəti göstərirlər. Bəzən, avtobuslara tətbiq oluna rüsum onların qiymətindən iki dəfə baha olur. Bu da real deyil. Necə olur ki, avtobus Gürcüstanda 50 min manata olduğu halda, Azərbaycanda onun təkcə gömrük qeydiyyatı 100 min manatı ötür. Əgər biz nəqliyyat təhlükəsizliyindən, normal avtobuslardan danışırıqsa, bununla bağlı addım atılmalı, güzəşt olmalıdır ki, avtobus parkı yenilənə bilsin”.

“Bütün tərəflərin maraqları təmin olunmalıdır”

Nəqliyyat eksperti Azər Allahverənov bildirdi ki, avtobuslarla bağlı rəsmiləşdirmənin baha olması ilə bağlı narazılıq edən sahibkarlar haqlıdırlar: “Hər halda ölkədə ictimai nəqliyyat sektorunda xidmətin keyfiyyətinin artırılması ilə bağlı müəyyən işlər həyata keçirilir. Konkret olaraq aidiyyəti strukturlar xüsusilə sərnişindaşımanı həyata keçirən sahibkarlar qarşısında bir növ öhdəliklər müəyyən edirlər ki, xidmət keyfiyyətərlərinin artırılması ilə bağlı zəruri işlər həyata keçirilsin. Müəyyən keyfiyyətlərin olması üçün yenilənmiş avtobus parkı vacib şərtdir. Avtobus parkı, yaxud ictimai nəqliyyat təkcə Bakı ilə məhdudlaşmır. Bizim bölgələrdə də sərnişindaşıma xidmətləri həyata keçirilir. İstənilən halda avtobus parkının yenilənməsindən söhbət gedirsə, burada əlverişli mühitin yaradılmasına ehtiyac var. Sərnişindaşıma xidmətini həyata keçirən sahibkarlar bu məsələni xüsusi olaraq qeyd edirlər ki, ölkəyə gətirilən avtobusun qiyməti kifayət qədər baha olur və bu, iqtisadi cəhətdən onlara sərfəli deyil. Ona görə də burada güzəştlərin tətbiq olunması zəruridir. Aidiyyəti strukturlar - Dövlət Gömrük Komitəsi, Dövlət Avtomobil Nəqliyyat Xidməti, Bakı Nəqliyyat Agentliyi, ayrı-ayrı sahibkar qurumun nümayəndələri bir araya gəlməli, müzakirə aparmalı və nəticə etibarilə elə bir optimal variant müəyyən etməlidirlər ki, burada bütün tərəflərin maraqları təmin olunsun, digər tərəfdən də keyfiyyət yaxşılaşdırılsın. Eyni zamanda, yenilənmiş avtobus parkı istifadəyə verilməklə müəyyən tələblər, xüsusilə sərnişinlərin təhlükəsizlik məsələsi öz həllini tapsın. Bu bütün tərəflərin işlitrakı ilə işçi formatda müzakirə olunası məsələdir”.

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir