Göyərən ümidlər... Hadisə

Göyərən ümidlər...

Arzu Şirinova

Dünən yeni dərs ili başladı-qayğısı, sevinci və kədəri ilə birgə. Yəqin deyəcəksiniz, niyə bəs kədəri? Bu kədər torpaqlarından məcburən qovulan, didərgin düşənlərə daha çox aiddir...
...Qubadlı rayonunun Mahmudlu kəndində səkkizillik məktəb fəaliyyət göstərirdi. Şagirdlər daha iki ili rayon mərkəzindəki orta məktəbdə oxumalı olurdular. Ötən əsrin səksəninci illərinin sonunda artıq şagirdlər bu problemdən qurtuldular. Səkkizillik məktəb orta məktəb statusu qazandı. Kəndin səfalı yerində isə yeni məktəb binasının inşası nəzərdə tutulurdu. Ancaq bunları görmək Mahmudlu camaatına nəsib olmadı, ermənilər rayonu işğal etdilər...
...Yeni dərs ilinin başlanmasına bir müddət qalmışdan məktəbli formasını, kitab-dəftəri, çantanı almaq əndişəsini yaşayırdıq. Həmin illər indiki kimi bolluq yoxuydu. Kənddə cəmi bir dənə dükan vardı. Dükanı işlədən İsmayıl dayı da çalışırdı ki, bütün kənd camaatının məktəb ləvazimatıyla bağlı təlabatını ödəsin. Bəzən isə olurdu ki, İsmayıl dayı kəndin hörmətli kişilərinin övladlarına məktəb ləvazimatını xüsusi olaraq gətirirdi. Yəni bu, əsasən çox az sayda, özü də xarici mallar olurdu. Bir sözlə, hər kəs cibinə uyğun, ancaq mütləq və mütləq məktəbli forması alırdı ki, uşağı yeni dərs ilində kimsədən geri qalmasın...
...Həmin gün Mahmudlu səkkizillik məktəbinin həyəti sözlə ifadə olunmayacaq dərəcədə göz oxşayırdı. Bilmirəm nədənsə mənə elə gəlirdi ki, il yeni dərs ilindən başlayır. Və ona görə də, həmin gün evimizdə xüsusi təmtərağın olmasını istəyirdim. Ailədə yeganə övlad olduğuma və əla qiymətlərlə oxuduğuma görə mənim bu istəyimi valideynlərim reallaşdırırdılar. Anam şam yeməyinə istədiyim ləziz yməkləri bişirərdi, atam isə aldığı hədiyyə ilə məni sevindirərdi. Yeni dərs ilində çalınan zəngin səsi indi də qulaqlarımda cingildəyir...
...Bu gün işğal olunan rayonlarda, o cümlədən Qubadlının Mahmudlu kəndində yeni dərs ilinin zəngi çalınmayacaq. Sinif otaqları-əgər dağıdılmayıbsa-şagirdlərin nəfəsinə həsrət qalacaq. Hecə ki, 21 ildir kəndin uşaqları öz doğma yurdlarına, məktəblərinə həsrətdirlər. Bu gün kəndin ağsaqqal və ağbirçək müəllimləri şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulamayacaq. Dilə gətirilməyən arzular ürəklərdə gömüləcək. Ancaq yerində ümid göyərəcək-işğal altında torpaqların azad olunması ümidi, həmin torpaqlarda yeni dərs ilinin başlanması münasibətilə səslənəcək təbriklər və duaların ümidi. Təkcə qalır bu ümidlərin gerçəkləşməsi. Bu arzu isə heç vaxt ölmür...
...Bu il mənim üçün əlamətdar illərdən biridir. Həvəm Mirhafiz birinci sinifə gedir. Dünən onun sevincinin həddi-hüdudu yox idi. Əlində tutduğu gül dəstəsini bir an müəlliməyə verib onu təbrik etmək istəyirdi. Hələ fərqinə varmasa da, müəlliməsi onun dəyərli vətəndaş, bacarıqlı və savadlı gənc olaraq yetişməsində əlindən gələni əsirgəməyəcək. Müəllimənin də üz-gözündən sevinc yağırdı. Hecə də sevinməsin? İllərdir əziyyətinin bəhrəsini görür-hər il onun yetirmələri ali təhsil məktəblərinə yüksək bal toplayaraq qəbul olurlar...
...Artıq müstəqil Azərbaycanın dövlət himni səslənir. Mirhafiz sağ əlini köksünün üstünə qoyaraq dövlət himnini oxuyur və bundan sonra ilk zəng səsinin sədaları altında öncə birincilər sinif otaqlarına daxil olurlar. Arxasınca atası və anası baxır, ürəklərindən keçən arzuları qeyri-ixtiyari dilə gətirirlər - Allah yolunu açıq eləsin...