I-III kurs tələbələrinin qiymətləndirmələri aparılacaq Hadisə

I-III kurs tələbələrinin qiymətləndirmələri aparılacaq

Bu il I-III kursda təhsil alan tələbələrin cari və aralıq qiymətləndirmələri ali təhsil müəssisəsinin özünün müəyyən etdiyi formada aparılacaq. Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib. Onun sözlərinə görə, bu proses Nazirliklə razılaşdırılmaqla aparılacaq. Y.Ömərov qiymətləndirmə ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin müəyyən təkliflərini artıq TN-nə təqdim etdiklərini də söyləyib: "Tələbələr 50 balı semestrdə, 50 balı imtahanda toplayırlar. Ali təhsil müəssisəsi özü bu nisbəti dəyişə bilər. Məqsədə müvafiq olduğu və müəyyən təhlillər aparıldığı halda ola bilər ki, bu nisbət azaldılıb, çoxaldıla da bilər. Məsələn, 30 bal semestrə, 70 bal imtahana və ya əksinə verilə bilər".
Əgər tələbənin bir və ya bir neçə fəndən akademik borcu yaranarsa, ona təkrar imtahan vermək üçün şərait yaradılacaq. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib. Onun sözlərinə görə, əvvəl sessiyanın sonunda tələbəyə kəsiri olan maksimum 2 fənn üzrə təkrar imtahanda iştirak etmək imkanı verilirdi: “Tələbə bu imtahanları növbəti semestr başlayana qədər verməli idi. Yəni, tələbənin yay sessiyasında kəsiri olurdusa, ona sentyabrın 15-dək şərait yaradılırdı ki, 2 fənn üzrə imtahan versin”.
Y.Ömərov əlavə edib ki, Nazirlər Kabinetinin son qərarları isə bu məhdudiyyət aradan qaldırılıb: “Tələbənin 3-4 fəndən də kəsiri olarsa, o, həmin fənlərdən təkrar imtahanlarda iştirak edə biləcək. Əlavə olaraq tələbənin daha aşağı kurslardan da kəsiri qalıbsa, həmin fənlər üzrə də təkrar imtahanlarda iştirak edə bilər. Amma burada limit var. Tələbə əlavə olaraq iki fənn üzrə təkrar imtahanlarda iştirak edə biləcək".
Y.Ömərov qeyd edib ki, tələbə təkrar imtahanlarda ödənişsiz olaraq, iştirak edə biləcək: "Burada fənn sayı ilə bağlı heç bir limit yoxdur. Tələbənin imtahan sessiyasında 1 və ya 6 fənn üzrə kəsiri yaranıbsa, onların hamısı üzrə ödənişsiz olaraq, təkrar imtahan verə biləcək. Tələbə üçün bu şərait sentyabrın 15-dək yaradılacaq".
Biliyin qiymətləndirilməsi ilə bağlı əyani təhsil alan tələbələr üçün tətbiq olunan qaydalar qiyabi təhsil alanlara da şamil olunacaq. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib. "Qiyabi təhsil alan tələbələr daha sərbəst şəkildə işləməyə öyrəniblər və onlar yeni qaydaları da bu şəkildə davam etdirə bilərlər", - deyən Y.Ömərov əlavə edib ki, artıq Nazirlər Kabinetinin yeni qərarlarından irəli gələn məsələlərlə bağlı təlimatlar ali məktəblərə göndərilib.
Təhsil Nazirliyi yekun attestasiyası aparılacaq tələbələr üçün hansı ixtisaslar üzrə əlavə buraxılış işinin yerinə yetirilməsi tələbinin qoyula biləcəyini açıqlayıb. Yaşar Ömərov bildirib ki, tələbədən hansı ixtisaslar üzrə əlavə buraxılış işinin yerinə yetirilməsinin tələb ediləcəyi ali təhsil müəssisəsi tərəfindən müəyyən ediləcək: “Bu ixtisaslar texniki, incəsənət, mədəniyyət ixtisasları üzrə ola bilər. Təhsil Nazirliyi tərəfindən bununla bağlı tələb qoyulmur”.
Y.Ömərov qeyd edib ki, tələbə ona yazılan qiymətlə razılaşmadıqda, təhsil aldığı məktəbə müraciət etmək onun hüququdur. Bu zaman onun üçün imtahan təşkil ediləcək: “Buraxılış işinin təşkil edilməsi prosesinə semestrin əvvəlindən başlanılır. Onun müdafiəsi olmaya bilər. Tələbə buraxılış işini elektron formada, yaxud kağız daşıyıcıda təqdim edə bilər. Bunun əsasında ona Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin yazılması nəzərdə tutulur". Y.Ömərov deyib ki, Nazirlər Kabineti “Bakalavriat (əsasən tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, dövlət imtahanının keçirilməsi nəzərdə tutulmur. Buraxılış işini təqdim edən tələbə onu müdafiəsində iştirak etməyə bilər.