Bakı-Sumqayıt yolunda körpü sökülür Hadisə

Bakı-Sumqayıt yolunda körpü sökülür

Paytaxt istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunun 6-9-cu kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyev həmçinin qeyd edib ki, sözügedən avtomobil yolunda tətbiq olunan məhdudiyyət yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədardır. Belə ki, körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək.
Onun sözlərinə görə, qeyd edilən ərazidə genişləndirmə işlərinin də aparılması nəzərdə tutulub. P. Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edir. "Birinci mərhələ üzrə biz Sumqayıt istiqamətindən Bakı Beynəlxalq Avtovağzalına qədər olan hissədə dörd aşırımlı və üç zolaqlı körpü tikdik. Biləcəri istiqamətində isə yolun sağ tərəfindən, yəni Bakıdan Sumqayıt istiqamətində iki bir aşırımlı körpü tikilib, həmçinin üç zolaqlı yol salınıb", - deyə qurum rəsmisi bildirib.