Ölüm cəzası bərpa edilməlidirmi? Hadisə

Ölüm cəzası bərpa edilməlidirmi?

Mehman Muradlı: "Ömürlük həbs cəzası ölüm hökmündən daha üstün bir cəzadır"
Xalid Ağalıyev: "Ölüm hökmü belə cinayətkarları cinayət törətmək niyyətindən daşındırmır"
Namizəd Səfərov: "İstənilən cinayətin törədilməsinə görə bu cəza tətbiq oluna bilməz"
Ələsgər Əhmədoğlu: "Ölüm hökmü qədər ağır olan ömürlük həbs cəzası da var"

Goranboyda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra Rafiq Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qayınını çağırıb. Evdən Rafiq Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə ediblər. Rafiq Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən Rafiq Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər ölüb.
Sosioloq Azad İsayev deyir ki, cəmiyyətdə bu kimi halların qarşısının alınması üçün birdəfəlik deyil, sistemli işlər görülməlidir: "Azərbaycanda əhalinin biri-birinə qarşı aqressivliyi artıb. Bu artım getdikcə daha qlobal şəkildə özünü təzahür etdirir. Bəzən illərlə yığılıb qalan aqressiya çox pis nəticələr formasında təzahür edərək, cəmiyyətdə əks-səda doğurur. Cəmiyyətdə etiraz edə bilməyən insan, öz etirazını, gərginliyini, narahatçılığını ailə içində daha çox nümayiş etdirir. Bu da təbii ki, ardınca konfliktlərə gətirib çıxardır. Regionlarda işsizliyin daha geniş vüsət alması bu artımın başlıca səbəblərindən də ola bilər. Bir insanın içində yığılıb qalan aqressiya, gərginlik son anda bir damcı ilə hüdudlarını aşır. Bu bir vulkana bənzəyir ki, artıq qarşısnın alınması mümkünsüz olur. Bunu son hadisə ilə əlaqələndirmək istəyəndə ortaya çox anlamsız bir mənzərə çıxır. Çünki, yekunda baş verən hadisə son damcıdır. Onun ümumi olaraq psixoloji durumunu və qarşılaşdığı hadisələri birgə araşdırmaq lazımdır. Əks halda nə baş verdiyini anlamaqda çətinlik çəkəcəyik. Kütləvi qətillər, faciəvi qətl hadisələri də məhz bu baxımdan araşdırılmalıdır. Cəmiyyətdə bu kimi halların qarşısının alınması üçün birdəfəlik deyil, sistemli işlər görülməlidir. Birdəfəlik addımlarla bu cür geniş hal almış proseslərin qarşısını almaq mümkün olmayacaq".
Onu da qeyd edək ki, bu hadisədən sonra ölüm hökmünün bərpa edilməsi yenidən gündəmə gətirilib. Ölüm cəzası bərpa edilməlidirmi?
Hüquqşünas Mehman Muradlı "nəzərə alsaq ki, Azərbaycan dünyəvi dövlətdi və qəbul edilmiş qanunlara da bu prizmadan yanaşsaq mən ölüm hökmünün bərpasına qarşıyam",- deyə bildirdi: "Yəni ömürlük həbs cəzası hesab edirəm ki, ölüm hökmündən daha üstün bir cəzadır. Hesab etmirəm ki, ölüm hökmünün cəzasının bərpası bu növ cinayətlərin qarşısını alsın. Bunu praktika da göstərib. Hüquqşünaslar, kriminologiya elminin araşdırmaçıları illərdi bu məsələ üzərində baş sındırırlar".
Media Huququ İnstitutunun hüquqşünası Xalid Ağalıyev vurğuladı ki, ömürlük həbs kimi bir cəza növü varsa, kim nə deyirsə desin, ölüm hökmünün tətbiqi insani hesab edilməməlidir: "Ümumiyyətlə, cəzalandırma cinayətkarları islah etmək, onları təkrar cinayət törətməkdən çəkindirmək, cəmiyyətdəki potensial cinayətkarların cinayət törətməsinin qarşısını almaq, cinayətkara əməlinin qarşılığını vermək, cəmiyyəti cinayətkardan qorumaq məqsədi daşıyır.
Azərbaycanın da daxil olduğu Avropa məkanında ümumi qəbul olunmuş prinsiplərdir ki, cəzalar islahedici və insani olmalıdır. Avropa məkanının hüquqi şərtləri ölüm hökmünü, insanın hansı səbəbdən olursa olsun öldürülməsini istisna edir. Çünki, heç bir insana işgəncə verilməməli, heç bir insan qəddarca, insani olmayan və aşağılayıcı rəftara məruz qalmamalıdır.
Ölüm hökmünün qəddarca cinayətlərin cilovlanmasına gətirib çıxaracağı barədə mülahizələri qəti bölüşmürəm. Təcrübə göstərir ki, ən ağır cəza növü olan ölüm hökmü belə cinayətkarları cinayət törətmək niyyətindən daşındırmır. Məsələn, ABŞ-da ölüm hökmü hələ də tətbiq olunmaqdadır. Avropa isə bundan imtina edib. Ancaq ABŞ-da cinayətkarlıq göstəricisi Avropadan xeyli yüksəkdir. Bu nümunə göstərir ki, daha sərt, ən ağır cəzalar belə cinayətkarlığın cilovlanması üçün effektiv vasitə deyil".
Onun sözlərinə görə, ölüm hökmünün yolverilməzliyini ifadə edən xeyli başqa arqumentlər də söyləmək olar: "Məsələn, son 25 ildə ABŞ-da ölüm hökmünün icra olunacağı gün 120-dən çox məhkum cəzadan azad ediliblər, onların suçsuz olduğu məhz öldürülməyə aparılarkən üzə çıxıb. 120 nəfərin öldürülməməsi, yaşamaya davam etməsi kiçik rəqəm deyil. Digər tərəfdən, ölüm cəzasının eyni zamanda cəmiyyətə, topluma təsiri heç də pozitiv deyil. Cəzanı dövlət tətbiq edir, ölüm hökmünün təsirlərini incələyən mütəxəssislər hesab edir ki, cinayətkarların ölümə məhkum edilməsi ənənəsi qarşılıqlı olaraq bütövlükdə toplumu şiddətə həvəsləndirir. Ölüm hökmü eyni zamanda cinayət törətmiş insanların islah olunub yenidən cəmiyyətin bir parçasına çevrilməsini əngəlləyir".
Hüquqşünas Namizəd Səfərov dedi ki, bu gün ölkədə ölüm hökmü cəzası yoxdur: "Ona görə də ağırlıq dərəcəsindən asılı olmayaraq istənilən cinayətin törədilməsinə görə bu cəza tətbiq oluna bilməz".
Hüquqşünas Ələsgər Əhmədoğlu "düşünürəm ki, çox ağır bir hadisə baş verib. Bu hadisə böyük ettimalla anlaqsızlıq şəraitində baş verib. Bir insan bu əməli törətməsi üçün anlaqlı olmaması lazımdır",- deyə vurğuldı: "Bu hadisə ağır və çox üzücü hadisə olmaqla bərabər, haqlı olaraq bu sualı gündəmə gətirir. Ölüm hökmünün qeyri müharibə şəraitində tətbiq edilməməsi bir standatdır və Azərbaycan bu standartı qəbul edərək bir çox ölkəni qabaqlayıb. Hətta ABŞ-ın bəzi ştatlarında bu hökm qüvvədə olmasına baxmayaraq, biz daha irəli bir addım atmışıq və çox humanist bir standartı qəbul etmişik. Mən düşünmürəm ki bu hadisə nə qədər ağır olsa da ölüm hökmünün bərpası gündəmə gələ bilər. Çünki, ölüm hökmü olan zaman adam öldürmə hadisəsi statistikası hökm qaldırıldıqdan sonra azalıb. Yəni hökmün mövcudluğu təkbaşına çəkindirici olmaya bilər. Odur ki, ölüm hökmü qədər ağır olan ömürlük həbs cəzası da var və bir insanın yaşayaraq etdiklərindən vicdan əzabı çəkməsi də ölümdən az effektiv olmaya bilər".
Onu da əlavə edək ki, Azərbaycanda ölüm hökmünün bərpası dəfələrlə təklif kimi səsləndirilib. Bir nçə gün öncə millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da ölüm hökmünün bərpasının tərəfdarı olduğunu bildirib. Millət vəkili deyib vətən xaini olan adamlar əsla bağışlanmamalıdır: "İstər ABŞ, istər Avropa, istərsə də Rusiyada vətən xainlərinə qarşı ən ağır cəzalar tətbiq olunur. Hətta bu dövlətlərdə vətən xainləri elektrik stolunda oturdularaq ağır işgəncələrə məruz qalır. Mən deyərdim ki, bunu düzgün də edirlər. Ancaq Azərbaycanda isə bunların heç biri yoxdur... İndi Azərbaycan rəhbərliyi vətənimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizə aparır, biz müharibə şəraitində yaşayan dövlətik. Müharibə vəziyyətində olan bir ölkə isə hərbi dövrün qanunlarını işə salmalıdır. Eyni zamanda da vətən daxilində xainlərə və satqınlara yer olmamalıdır, onlar əsla bağışlanmamalıdır. Biz vaxtilə vətən xainlərinə qarşı qanunda nəzərdə tutulan bir sıra cəzaları, o cümlədən ölüm hökmünü ləğv etmişik. Düşünürəm ki, indi biz bu məsələyə yenidən baxmalıyıq. Vətən xaininin cəzası ən ağır cəza olmalıdır. Bu cür cür adamlara ölüm hökmü tətbiq edilməlidir. Onlar üçün ən ağır cəza ölüm cəzası olmalıdır. Axı vətən xaini nə üçün bağışlanmalıdır? Vətən xaini nə üçün sərbəst yaşamalıdır? Vətən xaininin sərbəst yaşamasına əsla imkan verilməməlidir".

Əli